Mübariz Əhmədoğlu: Paşinyanın sülhə hazırlığı yubatması İcevan hadisələrinin əsas səbəbidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyanın sülhə hazırlığı yubatması İcevan hadisələrinin əsas səbəbidir

09:40 - 24 / 07 / 2019
Mübariz Əhmədoğlu: Paşinyanın sülhə hazırlığı yubatması İcevan hadisələrinin əsas səbəbidir

İcevan Tavuş vilayətinin əsas mərkəzlərindən biridir. Uzun müddət bu vilayət Azərbaycan Respublikasının Qazax və Tovuz rayonları ilə çox sıx iqtisadi əlaqədə olub.

Ermənistanın həmin regionlardakı əhalisinin əsas yaşayışı məhz Azərbaycanın Tovuz və Qazax rayonlarının əhalisinin hesabına təmin olunurdu. İcevan və Tavuş vilayətinə daxil olan digər şəhərlərin və rayonların əhalisi bunu çox gözəl xatırlayırlar. Nikol Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində xalqların sülhə hazırlanmasına razılıq verdikdən sonra Ermənistanın İctimai Televiziyası Tavuş rayonun  Voskepat kəndi ilə Tovuz rayonunun Əlibəyli kəndinin sovet dövründəki xoş əlaqələrinə dair verilişlər nümayiş etdirdi. İcevanda yaxınlarda baş verən sosial buntun kökü də o vaxt qoyuldu.

İcevanda baş verənlərə təkcə sosial bunt kimi yanaşmaq düzgün deyil, o ciddi planlaşdırılmış siyasi təxribat aksiyasıdır. Birinci ağıla gələn məqam İcevanın N.Paşinyanın doğma yurdu olmasıdır. N.Paşinyanın öz doğma şəhəri də azərbaycanlılarla çox sıx əlaqədə olub. İndi İcevanda aksiya keçirən polislər bu aksiyanı 90-cı illərin əvvəlindəki “Həlqə” əməliyyatına bənzətməsi və yerli əhaliyə hücum edərkən onları “türk” adllandırması göstərir ki, bu sadəcə bir qrup meşədə odun yığanın neytrallaşdırılması və yaxud zərərsizləşdirilməsi məsələsi deyil. Bu, Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın daxilindəki müxtəlif qruplar arasında gedən mübarizənin nəticəsidir.

N.Paşinyan qeyri-müəyyən mövqeyi ilə İcevan tipli hadisələri daha da sürətləndirəcəkdir.

Bir tərəfdən xalqları sülhə hazırlamaq, digər tərəfdən kasıb, perspektivsiz ölkədə hərbi inkişafı prioritet elan etmək bir araya sığan məsələlər deyil. Yerevan Dövlət Universiteti və yaxud digər ali məktəblərin elm, İT sahəsində yaxşı uğurlu nəticələr göstərə bilən xeyli məzunları var. N.Paşinyan bu ali məktəblərin buraxılışında tələbələrlə görüşdən imtina edir, hərbi ali məktəblərin məzunları ilə görüş keçirir və Ermənistanın gələcəyini məhz onların üzərində qurulduğunu nümayiş etdirir. Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsin pozulması daxili mübarizənin kəskinliyinin əlamətidir. Atəşkəs rejiminin pozulmasının artması daha çox ehtimallıdır. 

Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın daxilində gedən mübarizədə N.Paşinyan uduzan şəxsə daha çox bənzəyir. Onun Dağlıq Qarabağ münaqişəsindəki ikibaşlı, qeyri-müəyyən oyunları, tənzimlənməni yubatması Ermənistanda baş verənləri yeni keyfiyyət məcrasına çıxarıb. O cümlədən Dağlıq Qarabağ ermənilərinin daxilində baş verənlər heç də ümumilikdə Ermənistan dövlətinin, xalqının maraqlarına uyğun deyil. N.Paşinyanın Ermənistan dövlətinin dağıdıcısı kimi tarixə düşmək ehtimalı getdikcə daha da artır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər