Mübariz Əhmədoğlu: “Orbeli” mərkəzi fəaliyyətinə analitika ilə deyil, demaqogiya ilə başladı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Orbeli” mərkəzi fəaliyyətinə analitika ilə deyil, demaqogiya ilə başladı

09:50 - 26 / 07 / 2019
Mübariz Əhmədoğlu: “Orbeli” mərkəzi fəaliyyətinə analitika ilə deyil, demaqogiya ilə başladı

Paşinyan dövründə Ermənistanda baş verən dəyişikliklərdən biri də analitika sahəsində baş verdi. Ermənistanın hakimiyyət strukturlarını analitik materiallarla təmin edən “Noravank” fondu ləğv edildi və “Orbeli” mərkəzi yaradıldı.

Mərkəzin yaradılmasında Ermənistanın Baş naziri, prezidenti ilə yanaşı bir sıra digər xarici ekspertlər də iştirak etdi. Üstündən 3 ay keçdikdən sonra “Orbeli” mərkəzi publik fəaliyyətə başladı və onun ilk tədbiri Dağlıq Qarabağ mövzusu oldu. Dağlıq Qarabağ məsələsində Ermənistanın Müdafiə və Xarici İşlər nazirlərinin mətbuat xidmətlərini çağırıb, onlarla dinləmə keçirdi. Köhnə, imitasiyaya şərait yaradan tezislər analitika qılafında təqdim edildi. Dağlıq Qarabağ mövzusu Ermənistanın problemlərinin mənşəyi kimi araşdırılmadı.

“Orbeli” analitik mərkəzinin ilk fəaliyyətində Dağlıq Qarabağ məsələsini ön plana çıxarması bu mərkəzin analitik mərkəz olmadığını göstərir.

Ermənistanın qabağında hal-hazırda çox böyük problemlər var; Sosial-iqtisadi problemlər, N.Paşinyanın verdiyi vədlərin yerinə yetirə bilməməsinin törətdiyi nəticələr, Ermənistana investisiya cəlbi və s. Mühüm göstəricilərdən biri də “erməni soyqırımının” tanınması ətrafında baş verənlərdir. Son dövrlərdə “erməni soyqırımının” tanınmasında heç bir ciddi uğur əldə olunmayıb, əksinə reqressiya müşahidə olunub. Bəlli olur ki, hətta vaxtilə “erməni soyqırımı” ilə məşğul olan strukturlar və yaxud qurumlarda indi hal-hazırda mövqelərindən geri çəkilirlər. Bəzi dövlətlər açıq şəkildə bəyan edirlər ki, “erməni soyqırımının” tanınmasını müzakirə etməyəcəklər. Belə uğursuzluq fonunda Dağlıq Qarabağ məsələsini aktuallaşdırmaq hər halda normal düşüncənin təsiri deyil. Ermənilərin 2 ümummilli məsələsi- “erməni soyqırımının” və Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına xarici dövlətlərin münasibəti fərqlidir. Hətta bəzi dövlətlər Türkiyənin acığına “erməni soyqırımına” dəstək verdikləri halda Dağlıq Qarabağın  tanınması məsələsində Ermənistanın yanında deyillər. Fransa, Yunanıstan, Kipr, Serbiya, Rumıniya və Bolqarıstan “erməni soyqırımının” tanınmasında Ermənistana hər cür dəstək veriblər. Amma bu dövlətlərin Dağlıq Qarabağ məsələsindəki mövqeyi Ermənistandan daha çox obyektivliyə, başqa sözlə Azərbaycanın mövqeyinə yaxındır.

N.Paşinyanın yaratdığı qurumların, icadlarının Ermənistanın ümummilli inkişafına və yaxud Ermənistanın böhrandan çıxmasına heç bir aidiyyətinin olmadığını iddia etmək olar.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər