Mübariz Əhmədoğlu: Paşinyan Dağlıq Qarabağda yalnız Masis Mailyanı dəstəkləyə bilər

Dağlıq Qarabağda hərbi xunta rejim idarəçiliyini saxlamaqdan ötrü ciddi siyasi manevrlər edir. Bir sıra şəxslər hətta vəzifədən azad olunub, “prezidentliyə” hazırlıq üçün göndərilib.
Ən təsirli addım qondarma qurum Dağlıq Qarabağın prokuroru, siyasi mənsubiyyətinə görə Daşnaksutyun partiyasının üzvü olan M.Moisyanın vəzifədən azad edilməsi idi. Az sonra B.Saakyanın mətbuat xidmətinin rəhbəri David Babayan “prezidentliyə” namizədliyini elan etdi. Qondarma qurum Dağlıq Qarabağın parlamentinin spikeri A.Qulyan da iddiaçılar sırasındadır. Bütün bunların hamısına səbəb qondarma Dağlıq Qarabağın keçmiş Müdafiə naziri S.Babayanın “prezident seçkilərində” öz ambisiyasını ortalığa qoymasıdır.
Ən realı qondarma Dağlıq Qarabağın keçmiş Baş naziri və vaxtilə N.Paşinyanın sözü ilə Baş nazir postundan istefa vermiş Arayik Arutyunyandır. A.Arutyunyan korrupsioner olsa da bəzi məsələlərə görə Paşinyanı qane edə bilərdi. Ən azı S.Babayanı daha asan neytrallaşdıra bilər; S.Babayanın real Rusiyapərəstliyinə qarşı Paşinyan Arayik Arutyunyanın vasitəsilə aldadıcı Rusiyapərəstlik ortalığa qoya bilər.
Son günlərdə qondarma qurumun Xarici İşlər naziri Masis Mailyanın namizədliyi ortalığa çıxdı. Paşinyanın Xankəndidəki 5 avqust mitinqində iştirak çox azsaylı nazirlərdəndir. M.Mailyanı Paşinyanın dəstəkləməsi çox realdır. Çünki M.Mailyanın heç bir sosial bazası yoxdur, yeganə gücü intellektidir. Vaxtilə “prezident seçkilərində” namizəd kimi iştirak edib və B.Saakyan tərəfdən kifayət qədər ciddi cəzalandırılıb. Reallıqla hesablaşmağa məcbur olan B.Saakyan M.Mailyanı qondarma qurum Dağlıq Qarabağın Xarici İşlər naziri təyin etdi. İndi reallıq N.Paşinyanı M.Mailyana diqqət verməyə vadar edir.
M.Mailyanın seçilməsi həm də Dağlıq Qarabağ istiqamətində Ermənistanın geosiyasi vektorunun dəyişilməsi anlamındadır. Çünki Masis Mailyanın Rusiyada heç bir siyasi ilə əlaqəsi yoxdur.
Amma Qərb ekspertləri ilə çox ciddi təması var və qondarma Dağlıq Qarabağın Xİ nazirinin müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra yalnız xarici qrantların hesabına yaşayışını təmin edə bilib. Masis Mailyanın “prezident” seçkilərində iştirakı Dağlıq Qarabağ ətrafındakı geosiyasi mübarizəni daha da kəskinləşdirəcəkdir.
Beləliklə Dağlıq Qarabağ istiqamətində N.Paşinyanın daban-dabana zidd siyasəti onun özü üçün daha ciddi zərbələrə çevrilə bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq