Kəmalə Ağazadə: Qadını döyüblər, südəmər uşağını əlindən alıblar

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri, məşhur uşaq müdafiəçisi Kəmalə Ağazadə qadının hüquqlarının pozulması ilə bağlı Facebook səhifəsində paylaşım edib. Söhbət uşağını görməkdən məhrum edilmiş anadan gedir.
“Dünən sosial şəbəkə vasitəsilə Ucarın Qaracalı kənd sakini olan qadına kömək olunması ilə bağlı müraciət olundu. Qadın əri tərəfindən ailə zorakılığına məruz qaldığı üçün polisə müraciət edir. Evə qayıtdıqda isə ərinin qohumları uşağını görməyə imkan verməyiblər”, – uşaq müdafiəçisi 1news.az-a bildirib.
Onun sözlərinə görə, dünən qadın və onun qardaşı ilə əlaqə saxlayıb, onlar da müəyyən təfərrüatı onunla bölüşüblər:
“Uşaq südəmərdir, cəmi yeddi aylıqdır. Bir ay 7 gündür ki, uşağını görmür, hara müraciət etsələr də, onlara deyiblər ki, məhkəmənin hökmünü gözləyin. Hansı məhkəmənin? Əgər qadın əri tərəfindən zorakılığa məruz qaldığına görə hüquq-mühafizə orqanlarına müraciət edibsə, məhkəmənin qərarını gözləməlidir ki, südəmər uşağını görsün? Bu, harada yazılıb?! Bunu kim deyir?! Əri və onun qohumları sadəcə qadını bu üsulla cəzalandırmaq istəyirlər”.
Hüquq-müdafiəsi qadına və qardaşına söz verib ki, bu məsələni ictimailəşdirəcək. İndi bu məsələ ilə Ucar rayon İcra Hakimiyyətinin İnsan hüquqları üzrə komissiyanın üzvləri məşğul olmalıdır.
1news.az-a müraciət edən qadının qardaşı qeyd edib ki, məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına dəfələrlə mürciət ediblər, orada onlara sadəcə şikayətlərin araşdırılmasının nəticəsini gözləmələri deyilib:
“Çıxılmaz vəziyyətdəyik. Hazırda bacım bizdədir və ərinin evinə qayıtmaq istəmir. Çünki qorxur ki, əri yenidən onu döyəcək. Boşanmaq üçün müraciət edib. Uşaq isə atasındadır, onu anaya göstərmirlər. Bacım çox kədərlidir, ona kömək olunmasını istəyir. Ümid edirik ki, müvafiq orqanlar bizim səsimizi eşidəcək”, - o deyib.
Tərcümə: S.Xankişiyeva