Novruz Məmmədov ilk dəfə bu haqda danışdı: Prezident zəng edib dedi ki...

Azərbaycanın Baş naziri vəzifəsinə təyinat gözlənilməz oldu. Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər. Ona görə də mənim üçün bəlkə də hamıdan çox gözlənilməz oldu. Hər şey birdən baş verdi, Prezident seçkilərindən dərhal sonra..."
1news.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov “Space” telekanalında yayımlanan "Sadə həqiqətlər" verilişində qonaq olan zaman deyib.
N.Məmmədov Baş nazir vəzifəsinə təyinatla bağlı məsələnin 2018-ci ilin aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra müzakirə edildiyini bildirib:
“Seçkilərdən sonra hamımız məmnunluq içərisində idik. Seçkilər çox yaxşı keçmişdi. Seçkilərdən sonra cənab Prezident İlham Əliyev dedi ki, sənin Baş nazir vəzifəsinə namizədliyini təklif edirəm. Gözlənilməz idi, elə vəziyyətdə qaldım ki, bu, mümkün olan şey deyil, mən bacarmaram, mənim üçün bu, çətin olar. Prezident söylədi ki, bir neçə namizədi var və onlardan biri də mənəm. Düzü, bu sözdən sonra bir az rahat oldum ki, məndən başqa da namizədlər var. Bir dəfə də belə söhbətimiz oldu, Prezident mənə dedi ki, get fikirləş. Bir neçə gün keçdi, dövlət başçısı zəng edib “Novruz Məmmədov, sabah gedirsən Milli Məclisə”, dedi. Daha heç bir şey söyləyə bilmədim. Böyük etimaddır, yükümü daha da çoxaldır. Baş nazir vəzifəsinə təyinatımın razılaşdırılması üçün Milli Məclisə getdim, çıxışlar oldu, mən də çıxış etdim. Dedim ki, indiyə qədər mətbuata açıq olmuşam, hamıya danışmışam, bundan sonra işləmək lazımdır”.
N.Məmməov müsahibə zamanı maraqlı xatirələrini də bölüşüb. Əvvəlcə jurnalist olmaq istəsə də, sənəd qəbulunun son günü fikrini dəyişib, Xarici Dillər Universitetini seçib.
"Mənə elə gəlir ki, hər zaman bəxtim yaxşı gətirir. İmtahanlarda yüksək qiymətlər almışam, fakültədə fransız dilini ən yaxşı bilənlərdən biri idim. Onun nəticəsi idi ki, üçüncü kursda çox çətin imtahanlardan keçib bir illik Əlcəzairə tərcüməçi kimi getmişəm", baş nazir əlavə edib.
N.Məmmədov bir neçə dəfə Heydər Əliyevə tərcüməçilik etdiyini vurğulayıb:
“Ümummilli liderin ilk Fransa səfərində də tərcüməçi mən olmuşam. Orada Fransa prezidenti təəccüblənmişdi ki, mən fransız dilini belə necə bilirəm. Bu, Heydər Əliyevin də diqqətindən qaçmayıb. Bir gün zəng gəldi ki, məni gözləyirlər. Bilmirəm nə məsələdir, işdən çıxmışam, isti vaxt adi ağ köynək şalvarda getdim Sona xanımın yanına. Məni görüb dedi ki, bu nə haldır. Düşdüm aşağı, onda bilmişəm ki, Prezidentlə görüşəcəm. Dedilər, bu görkəmdə olmaz. Tez mühafizəçilərin biri köynəyini çıxarıb verdi, o da böyük oldu, biri pencəyini, bir də böyük qalstuk taxdılar, girdim içəri. Paltarlar böyük olduğundan çox qəribə görünürdüm. Heydər Əliyev mənə baxdı-baxdı, başladı gülməyə. Mən də etiraf etdim ki, paltarlar mənim deyil. Uzun söhbətimiz oldu və mənə iş təklif elədi”.
Novruz Məmmədov “20 Yanvar” Şəhidlərinin xatirəsinə görə Bakıdan Tiflisə piyada gedən 3 nəfərdən biri olduğunu da əlavə edib:
“1990-cı ildə Yanvar Şəhidlərinin 40-nı qeyd edirdik. Biz də Çərkəz Qurbanlı, qonşusu və mən Bakıdan Tiflisə piyada yürüyüş etdik. Düz 19 gün yol getdik”.
Baş nazirin müsahibəsi ilə tam şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür: