Azərbaycandakı 9 qaçqın tələbəyə FAFİ mükafatı təqdum edilib – FOTO

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Almaniya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycanda olan 9 qaçqına (6 Rusiya - çeçen, 1 Əfqanıstan, 1 Yəmən, 1 İran) DAFİ (Qaçqınlar üçün Albert Eynşteyn adına alman akademik təşəbbüsü) təqaüdünü təqdim edib.
1news.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən BMT QAK-ın ölkə üzrə nümayəndəsi Guido Ambroso qaçqınların həyatlarını yenidən qurmalarına imkan yaradılmasında təhsilin vacibliyini və rolunu vurğulayıb: "Keyfiyyətli təhsil və maddi baxımdan təminat imkanlarının artırılması vasitəsilə insan potensialının təşviq edilməsi BMT QAK-ın strateji prioritetlərindən biridir və pulsuz, keyfiyyətli təhsili hədəf kimi qarşıya qoyan 4-cü dayanıqlı inkişaf məqsədlərinə uyğundur".
O, beynəlxalq himayəyə ehtiyacı olan şəxslərin ölkədə qalmasına icazə verdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Almaniyanın Azərbaycandakı səfiri Volfanq Maniq tələbələri təbrik edib, ali təhsillərində uğurlar arzulayıb: "Biz gənclərin və istedadlı tələbələrin öz potensiallarını tam inkişaf etdirmələrinə dəstək verməkdən qürur duyuruq".
Səfir deyib ki, bu təqaüd gənclərin gələcək həyatları üçün mühüm rol oynayacaq.
Dövlət Miqrasiya Xidmətunin Qaçqın Statusunun Müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova miqrantların, qaçqınların, sığınacaq axtaranların himayəsinin və onlara təklif olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında Azərbaycan hökumətinin gördüyü işlərdən danışıb.
Daha sonra yeni seçilmiş tələbələrə BMTQAK-ın ölkə rəhbəri və Almaniyanın səfiri mükafatları təqdim edib. Tələbələr və onların valideynləri Azərbaycanda qaçqınlar üçün yaradılan mühüti, tolerantlıq və qonaqpərvərliyi yüksək qiymətləndiriblər.
Qeyd edək ki, onlar bu təqaüdlə Azərbaycan universitetlərində təhsil alacaqlar.
BMT QAK-ın ali təhsil proqramı olan DAFİ dünyada qaçqınların ali təhsil almasında mühüm rol oynayır. Təsis edildiyi 1992-ci ildən bu günə kimi 15.500-dən artıq qaçqın tələbə sığınacaq tapdıqları 50-dən artıq ölkənin, o cümlədən Azərbaycanın ali məktəb və kolleclərində təhsil almalarına yardım göstərilib. DAFİ proqramı Azərbaycanda 2010-cu ildən fəaliyyətə başlayıb, indiyədək 36 gənc qaçqına dəstək göstərilib, yeni tədris ili üçün isə 9 yeni tələbə seçilib.
Pərvanə Sultanova