Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
Sentyabrın 19-da Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” keçirilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illiyinə həsr olunduğunu deyib. “Caspian European Club” barədə məlumat verən T.Əliyev bildirib ki, klub 50 ölkədən 5000-dən çox şirkətlə əməkdaşlıq edir.
O əlavə edib ki, klubun 5 istiqamət üzrə fəaliyyət göstərir, bunlardan ən əsası şirkətlərin problemlərini araşdırıb, həlli ilə bağlı addımlar atmaqdır.
Sonra Çex Respublikasının Prezidenti Miloş Zemanın, Moldova Prezidenti İqor Dodonun IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”un iştirakçılarına ünvanladığı müraciətləri dinlənilib.
Forumda dünyanın 50 ölkəsindən nümayəndə iştirak edir. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri var.
Üç sessiyadan ibarət olacaq forumun birinci sessiyasında Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunub. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı danışılacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək.
1news.az