İctimai Televiziya ARB-ni tənqid etdi: “Əsas odur pis yola düşməyək” – VİDEO

Bir neçə gün öncə “Sayqa ilə” proqramında müğənnilərdən birinin qarşısında diz çökərək ona evlilik təklifi edən gənc İTV-dəki “3 D” verilişinə dəvət edilib.
1news.az-ın məlumatına görə, Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi şounun sonunda sözügedən şəxs efirə daxil olaraq katibə Lyubaya evlilik təklifi edib. Daha doğrusu, ARB-dəki ssenari eynilə İctimai-də təkrarlanıb.
Rədd cavabı alan gəncin bu dəfə də ürəyi gedib. Verilişin qonağı olan ARB kanalının əməkdaşı Anar Nəcəfli efirdən çıxdıqda isə həmin gənci yerdə uzanan vəziyyətdə görüb.
Maraqlı məqam odur ki, Lyuba həmin gəncə efirin bitdiyini xatırladıb ayağa qalxmasını xahiş edib. Gənc isə cavabında “qonorarımı haradan götürə bilərəm?” deyə soruşub. Katibənin isə cavabı belə olub: “Mühasibdən”.
Verilişin robot aparıcısı Dadaş Dadaş oğlu Dadaşlinski isə sonda həmin gəncin etdiklərini özünəxas üslübda tənqid edib:
“Bir məsafəni ya uzun yolla, ya da qısa yolla qət etmək olar. Necə gediriksə gedək, əsas odur pis yola düşməyək”.
Bununla da kanal reytinq toplamaq üçün ARB-nin efirə ödənişli əsaslarla qonaq dəvət edərək süni yolla şou yaratdığını göstərməyə çalışıb.
1news.az