Dənizkənarı ərazilərdə keçirilmiş ekoloji monitorinqin nəticələri müzakirə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizkənarı ərazilərdə keçirilmiş ekoloji monitorinqin nəticələri müzakirə edilib

15:35 - 26 / 09 / 2019
Dənizkənarı ərazilərdə keçirilmiş ekoloji monitorinqin nəticələri müzakirə edilib

Səbail rayon İcra Hakimiyyətində Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin (EMMİB), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dənizkənarı ərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsi çərçivəsində seminar təşkil edilib.

1news.az-ın məlumatına görə, seminar layihə çərçivəsində Səbail və Binəqədi rayonlarının  dənizkənarı ərazilərində təşkil edilmiş monitorinqin nəticələrinin müzakirəsinə həsr edilib.             

Seminarda Səbail rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə  və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Müdiri Rövşən  Süleymanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nemət Həsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin direktoru Famil  Alkərəmov, Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun  böyük məsləhətçisi Hamlet Rüstəmov, Səbail və Binəqədi rayonlarının Bələdiyyə sədrləri, həmin ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin rəhbərləri, QHT sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə  EMMİB-in sədri Qəmzə Yusubova açaraq layihə haqqında məlumat verib.

Ərazi İdarəetmə və Yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin Müdiri Rövşən Süleymanov çıxış edərək rayon İH-nin cəmiyyətin inkişafına və ətraf mühitin mühafizəsinə yönələn  ekoloji layihələri bəyəndiyini və hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

Xəzər Kompleks Ekoloji Manitorinq İdarəsinin rəisi Nemət Həsənov isə öz çıxışında  Xəzər dənizinin ekoloji problemlərinin həlli və ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik dövlətdaxili normativ aktlardan və Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən obyektlərdə formalaşan bərk tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunmasından danışıb.

Xəzər Sahil Sulara Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin direktoru Famil Alkərəmov isə mərkəzin gördüyü işlər haqqında, dəniz sahilində yerləşdirilmiş modul tipli su təmizləyici stansiyalar, onların iş prinsipləri barədə məlumat verib.

Monitorinqin nəticələri ilə bağlı Təşkilatın ekoloqu Arif  İbadanov ətraflı çıxışı etdikdən sonra seminar mövzu ətrafında müzakirələrlə davam edib. QHT rəhbərləri və KİV nümayəndələri dövlət rəsmlərinə suallar veriblər.

EMMİB-in sədri Q.Yusubova layihənin həyata keçirilməsində dövlət orqanları ilə sıx əməkdaşlığından razılığını bildirərək bunun QHT-dövlət əməkdaşlığının bariz nümünəsi olduğunu söyləyib.

Sonda Q.Yusubova layihənin həyata keçirilməsində fəal iştirakına və göstərdikləri təşkilatı dəstəyə görə dövlət rəsmilərinə və  monitorinq zamanı aşkarlanan nümunəvi iaşə obyekti sahibinə fəxri fərmanlar təqdim edib.

1news.az

Paylaş:
1542

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər