Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE

10:48 - 08 / 10 / 2019
Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu gün istefa verəcək.

1news.az-ın məlumatına görə, N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir. İclasın gündəliyinə daxil edilən 1-ci məsələ “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəddir.

Əli Əsədovun tərcümeyi-halını təqdim edirik:

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb. 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-ci dərəcəli dövlət müşaviridir.

1news.az

Paylaş:
2828

Son xəbərlər

Bütün xəbərlər