Mübariz Əhmədoğlu: Paşinyan Ermənistanı məğlubiyyətlər seriyası qarşısındadır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan Ermənistanı məğlubiyyətlər seriyası qarşısındadır

10:54 - 25 / 10 / 2019
Mübariz Əhmədoğlu: Paşinyan Ermənistanı məğlubiyyətlər seriyası qarşısındadır

Böyük Britaniya milliyyətcə erməni Alen Qoqbaşyanı Ermənistana səfir  təyin etmək niyyətindən daşındı.

Milliyyətcə erməninin Böyük Britaniyanı Ermənistanda təmsil etməsi ermənilərin əlavə ruh yüksəkliyinə səbəb olacaqdı. Ermənistan prezidenti Armen Sərkisyan uzun müddət Böyük Britaniyada yaşayıb və bu ölkəni çox yaxşı tanıyır. Böyük Britaniya XİN-də sıravi əməkdaşı  A.Qoqbaşyan prezident A. Sərkisyanın şəxsən tanıdığı adamdır. A.Sərkisyan Böyük Britaniyada hakimiyyət dəyişikliyi olan kimi dərhal Londona gəldi və Avropa məsələləri üzrə naziri Kristofer Pinçerlə görüşdü. K.Pinçer onun görüşdüyü ilk xarici ölkə prezidentinin Armen Sərkisyan olduğunu bildirdi.

Təcrübəli blef ustası A.Sərkisyan təcrübəsiz naziri aldada bildi və Ermənistanı az qala Qafqazın açarı kimi təqdim etdi. Beləliklə də belə təyinatına nail oldu. Təsəvvür edək ki, Azərbaycanla əlaqəli müəyyən strukturlar işə düşə bilərdi və həqiqət Böyük Britaniyanın qulağına çata bilərdi. Nəticədə fərqli qərar qəbul edildi. Qərardan çox narahat olan Ermənistanın Xİ naziri Z.Mnasakanyan dərhal Londona uçdu və Dağlıq Qarabağ məsələsində çox böyük irəliləyişin olduğunu bildirdi, xalqların sülhə hazırlanması mərhələsində olduğunu açıqladı. Amma bəllidir ki, o sahədə də heç bir iş getmir. Ermənistanın Xİ nazirinin yeni yalanlarından biridir.

Əgər D.Əsgərov və Ş.Quliyev azad edildikdən sonra getsəydi bəlkə də Britaniyada sözünə kimsə inanardı.

Bu məğlubiyyət Ermənistan üçün çox ağır itkidir. Çünki bu demokratik və özünü az qala Qərb silvizasiyasının tərkib hissəsi kimi sayan Ermənistanın  prezident A.Sərkisyanın doğma ölkəsi hesab edilən Böyük Britaniyada uğradığı məğlubiyyəti idi. Bu məğlubiyyət Ermənistanın gələcək taleyində təsirli rol oynaya bilər.

Amma təkcə bu deyil. Mariya Zaxarova ənənəvi mətbuat konfransında Zatulinin hiperaktivliyinə reaksiya olaraq bildirdi ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana məxsusdur. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır. Amma Rusiyanın siyasətinin spesifikliyinə görə Rusiya bu ifadəni heç vaxt publik şəkildə işlətmir. İndi isə RF XİN rəsmisi bu məsələni ictimailəşdirdi.

Bir neçə gün ondan öncə RF Xİ naziri S.Lavrov “Valday klubu”nda N.Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır nöqtə” bəyanatını tənzimlənmənin gedişinə mənfi təsir edən bəyanat kimi adlandırmışdı.

Bu seriyadan ən maraqlı açıqlamanı rusiyalı həmsədr İ.Popov verdi. İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycanındır-Nida” bəyanatı ilə bağlı o Dağlıq Qarabağda jurnalistlərin sualına cavab olaraq nazir  Lavrovun bu suala cavab verdiyini bildirdi. RF Xİ naziri S.Lavrov heç vaxt o suala cavab verməyib. Cavab verdiyi  N.Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır nöqtə” bəyanatı idi.

Ermənilərin ABŞ-da da müəyyən incə saxtakarlıqları var. Bu “Orbeli” mərkəzinin hazırladığı formullardır. Yaxın günlərdə o istiqamətdən də Ermənistan gözlədiyindən tam fərli cavablar alacaqdır.

Özünü demokratiya, Qərb dəyərlərinin sadiq təmsilçisi sayan yeni Ermənistanın hökuməti də məğlubiyyətlər seriyasına düçar oldu.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər