Maduro: Bizim üçün Bakıda Zirvə Görüşündə iştirak etmək şərəfdir | 1news.az | Xəbərlər
Siyasət

Maduro: Bizim üçün Bakıda Zirvə Görüşündə iştirak etmək şərəfdir

12:05 - 25 / 10 / 2019
Maduro: Bizim üçün Bakıda Zirvə Görüşündə iştirak etmək şərəfdir

Bizə göstərilən dərin qonaqpərvərliyə görə Azərbaycan hökuməti və xalqına təşşəkkür edirəm.

Bizim üçün Bakıda bu Zirvə Görüşündə iştirak etmək şərəfdir. Azərbaycanla bizim çox səmimi və mehriban münasibətlərimiz var. Bu ölkənin qonaqpərvərliyini və qonaqlara göstərdiyi nəzakəti alqışlayırıq.

1news.az-ın verdiyi xəbərə görə, bunu Venesuelanın Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.

N.Maduro bildirib ki, Venesuela 3 ildir ki, bu hərəkata sədrlik edir: “Venesuela xalqı sülhsevər xalqdır. Biz istərdik ki, Qoşulmama Hərəkatına üzv dövlətlər arasında daha sıx həmrəylik olsun və bu həmrəylik daha da güclənsin. Biz görürük ki, bununla bağlı addımlar atılır. Bu fürsətdən istifadə edərək arzu edirik ki, Azərbaycan bu həmrəyliyin daha qabarıq nümayiş etdirilməsi üçün çalışsın. Biz bir-birimizlə daha tez-tez görüşməliyik. Bunun əsasında biz qarşımıza qoyduğumuz məqsədlərə daha tez nail ola bilərik”.

N.Maduro vurğulayıb ki, üzv dövlətlərə qarşı məhdudlaşdırıcı tədbirlər görülür: “Biz elə etməliyik ki, bunun qarşısı alınsın. Biz görürük ki, Venesuelada da sülh pozulur, dövlət çevrilişinə cəhd edirlər. Bəzi qüvvələr var ki, xalqın iradəsini sual altına almağa çalışır. Qoşulmama Hərəkatına üzv dövlətlər bu cəhdlərin qarşısını almalıdır. Biz həmrəy olmalıyıq ki, səsimiz diqqətdən kənarda qalmasın. Cəhd göstərəcəyik ki, öz rifahımızı əldən verməyək. Xarici müdaxilələrin qarşısını almalı, birgə müqavimət göstərməliyik”.

Qeyd edək ki, bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü başlayıb.

Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilat iştirak edir. Sammit zamanı təşkilata sədrlik 3 il müddətinə Azərbaycana keçəcək.

Sammitdə dörd sənədin qəbul ediləcəyi gözlənilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitinin yekun sənədində öz əksini tapacaq.

S.Xankişiyeva

 

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər