Bakıda “Xəzər İnnovasiya Konfransı 2019” keçiriləcək
Dekabrın 4-də Bakıda “Xəzər İnnovasiya Konfransı 2019” keçiriləcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, konfransın “Əşyaların interneti: müasir cəmiyyətin əsası” mövzusunda təşkili planlaşdırılır. Konfransda “Əşyaların interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu həllərin tətbiqi və istifadəsi üçün hüquqi və tənzimləmə məsələləri müzakirə olunacaq.
“Xəzər İnnovasiya Konfransı 2019”un təşkilatçıları plenar sessiyalar çərçivəsində baş tutacaq müzakirələr üçün müxtəlif dövlətlərin hökumət rəsmilərini, tənzimləyici qurumların rəhbərlərini, mobil operatorların, qlobal vendorların və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sahəvi çağırışların, həmçinin innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq “Xəzər İnnovasiya Konfransı”nın təsis olunması təşəbbüsü ilə çıxış edib.
Bu il “Xəzər İnnovasiya Konfransı”nın “BakuTel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində təşkil olunması və ilbəil “Genişzolaqlı bağlantı”, “Əşyaların interneti”, “Süni intellekt”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” və sair kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.
İKT xidmətləri və həllərinin inkişafında genişzolaqlı internet infrastrukturunun həyati önəm daşıdığı və Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışın olmadığı bir şəraitdə ötən il konfrans “Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantı” mövzusunda təşkil olunub. “Xəzər İnnovasiya Konfransı 2018” tədbiri rəqəmli uçurumun azaldılması, xarici investisiyalar üçün bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sahəvi sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya toplayıb.
1news.az