BMT Baş katibinin xüsusi nümayəndəsi İlham Əliyevə təşəkkür məktubu göndərib
BMT Baş katibinin xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Mətuq Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri,
Bu il noyabrın 14-15-də Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin uğurlu təşkili münasibətilə Sizi təbrik etmək istərdim.
Mən, həmçinin Azərbaycan Respublikasının rəhbərliyinə öz səmimi minnətdarlığımı bildirirəm.
Fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyəti Dünya dini liderlərinin II Bakı Sammitində bir araya gətirmək istiqamətində Sizin liderliyinizi və yorulmaz fəaliyyətinizi yüksək qiymətləndirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
S.Xankişiyeva