ƏSA Teatrı premyeraya hazırlaşır – FOTO

İnklüziv ƏSA Teatrı dekabr ayında növbəti tamaşasının premyera nümayişini təqdim edəcək. Bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.
1news.az-ın verdiyi xəbərə görə, onun sözlərinə görə, hazırda teatrın bütün heyəti yeni tamaşanın üzərində işləyir.
“Dekabr ayında premyerasını planlaşdırdığımız tamaşanın üzərində işləyirik. Bu dəfə dünya klassikasından J. B. Molyerin “Xəsis” əsərinə müraciət etmişik. Əsərin motivləri əsasında quruluş verilən tamaşanın adı “And” olacaqdır. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə klassik əsər əsasında modern tamaşa hazırlayır. Əminliklə bildirirəm ki, ƏSA Teatrının repertuarına daxil olan “And” tamaşası tamaşaçılar tərəfindən rəğbətlə qarşılacaq. İstər quruluş, istərsə də aktyor oyunu baxımından “And” klassik teatr çərçivələrini aşır. Teatrsevərlər belə “Xəsis” görməyiblər!”
Tamaşada rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Könül Şahbazova, Elsevər Rəhimov, Aysel Feziyeva, İmran Lalayev, Cəmilə Məmmədli, Elvin Mirzəyev, Günay Məmmədova, Orxan Əliyev, Bəhram Rəhimli, Fərid Əliyev, Rəsul Zəkiyev ifa edəcəklər.
Baş menecerin bildirdiyinə görə, tamaşanın premyera tarixi tezliklə dəqiqləşəcək. Bu barədə tamaşaçılara ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “And” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə hazırlanır.
Xatırladaq ki, 4-cü teatr mövsümünü yaşayan İnklüziv ƏSA Teatrı yarandığı vaxtdan bu günədək dünya və Azərbaycan ədəbiyyatının ən parlaq əsərlərini səhnələşdirib. Teatr 2018-ci ildə “Cümhuriyyət İli”nə, 2019-cu ildə isə “Nəsimi İli”nə öz töhfəsini verərək, ictimaiyyət nümayəndələri və sıravi tamaşaçıların rəğbətlə qarşıladığı premyera nümayişləri edib.
S.Xankişiyeva