Bakıda ilk inklüziv sənətkarlıq sinifi: əlilliyi olan uşaqlar arasında həyata marağı necə oyatmalı? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ilk inklüziv sənətkarlıq sinifi: əlilliyi olan uşaqlar arasında həyata marağı necə oyatmalı? – FOTO

11:45 - 26 / 11 / 2019
Bakıda ilk inklüziv sənətkarlıq sinifi: əlilliyi olan uşaqlar arasında həyata marağı necə oyatmalı? – FOTO

«Oğlumuzu idmana da, müxtəlif kurslara da yazdırırdıq, amma heç biri onun marağını oyatmırdı, uşaq evdən belə çıxmaq istəmirdi. Elə bir neçə dərsə gedirdi, vəssalam.

Bura isə, əksinə, böyük ruh yüksəkliyi ilə gedir. Hələ bu harasıdır, həftə boyu çərşənbəni səbirsizliklə gözləyir, vaxt gəldikdə isə elə sübh tezdən gözəl əhval-ruhiyyə ilə yuxudan oyanır», - bu sözləri uşaq serebal iflici ilə əlaqədar inkişafında müəyyən problemləri olan oğlanın atası, Elbrus bəy deyir.

Yaxşı, bəs uşaq nəyə belə böyük həvəs göstərir? Söhbət İnklüziv sənətkarlıq üzrə təlim mərkəzindən gedir. Bu, Bakıda fəaliyyət göstərən uşaq və gənclər üçün yeni tədris platformasıdır.

Sentyabr ayından burada Azərbaycanın ənənəvi dekorativ-tətbiqi sənəti üzrə altı aylıq və bir illik kurslar açılmışdır. Mərkəzdə uşaqlara keramika, ağac üzərində oyma, batika və başqa tətbiqi sənət növlərinin sirrlərini açırlar.

Elbrus bəy oğlunu buraya qonşu şəhərdən gətirir və deyir ki, artıq dərslərin birinci ayından uşaqda ürəkaçan dəyişikliklərin şahidi olub.

“Bilirsiniz, əvvəllər oğlumu evdən maşın ilə gətirirdim, amma indi maşın yoxdur deyə, Sumqayıtdan buraya avtobusla gəlirik. Maraqlısı odur ki, indiyə qədər uşaq ictimai nəqliyyatda kompleks keçirirdi, amma indi fikir verirəm ki, o, özünü daha rahat, daha sərbəst aparır, hətta avtobusa heç bir kömək olmadan minib enir», - Elbrus bəy bu sözləri qürur ilə deyir.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşir və BMT-nın İnkişaf Proqramı (UNDP) və İçəri Şəhər İdarəsi ilə birgə həyata keçirilir. İnklüziv Uşaq Mərkəzi İçəri şəhərin Ənənəvi Sənət Mərkəzinin bir hissəsidir, harada ki peşəkar sənətkarlar Azəbaycan milli koloritini ifadə edən sənət əsərlərini yaradırlar.

Layihənin baş eksperti Zarina Əliyevanın sözlərinə görə, sözü gedən mərkəz iki məqsəd güdür – bütün iştirakçıları sənətin ilkin vərdişlərinə yiyələndirmək və onlara sənətdə özünü təsdiqləmək imkanları qazandırmaq, həmçinin əlilliyi olan uşaqlar üçün bu, gözəl bir ünsiyyət imkanıdır, axı onların çoxu cəmiyyətdən uzaqdırlar.

Əhalisinin sayı 10 million olan Azərbaycanda təxminən 70 min əlilliyi olan uşaq qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məlumatına görə, bu uşaqların yalnız 37% evdə və ya xüsusi məktəb-internatlarda təhsil almaq imkanlarına malikdirlər. Digərləri isə təhsil prosesindən uzaqdır və buna görə də ailədən kənar hansısa bir ünsiyyətdən mərhumdurlar.

“Unutmayaq ki, bu günün cəmiyyətdən təcrid olunmuş uşağı sabahın özünə güvənməyən, sosial bacarıqları olmayan bir insanıdır, təhsilə əli çatmaması təqdirdə isə adam ömür boyu ailə üzvlərindən asılı vəziyyətdə qalacaq”, - Zarina Əliyeva belə deyir.

“Məhz buna görə də səhhətlərində müəyyən problemlər olan uşaqlar üçün onların digər uşaqlarla ünsiyyətdə olması və birlikdə təhsil almaq imkanları yaratmaq çox vacibdir. Bu təqdirdə proses daha da sürətlə gedir”, - deyərək o, davam edir.

Fotoda: Mərkəzdə keramika dərsi

Bu gün İçəri Şəhərdə yerləşən İnklüziv Mərkəz özündə 15 yaşdan yuxarı 65 uşağı birləşdirir ki, onların 25-nin sağlamlıq imkanları məhduddur.

Qruplar elə yığılıb ki, hər sinifdə 4-5 əlilliyi olan və 6-7 sağlam uşaq təhsil alır. Mütəxəssislər siniflərin bu cür komplektləşdirilməsini tədris prosesi imkanları baxımından hamı ücün əlverişli olduğunu bildirir.

Ümumiyyətlə layihə 45 əlilliyi olan uşaq və yeniyetmə və 70-ə yaxın sağlam uşaqları əhatə edəcəkdir.

Burada təcrübəli peşəkar ustalar dərs deyir. Onlardan biri – 40-illik təcrübəsi olan keramika ustası Saleh Məmmədovdur. Saleh usta İnklüziv sənət sinifindəki uşaqlarla böyük həvəs ilə işləyir və uşaqların bu cür - sənət və gözəllik yolu ilə inkişafını - artıq dərəcədə səmərəli hesab edir.

“Əlbəttə, biz burada şedevrlər yaratmırıq. Olsun. Amma uşaqların əlləri ilə işlənmiş ən sadə keramik fincan belə onların ürəklərinin istisini özündə daşıyır. Bəli, bu fincan idealdan uzaq ola bilər, lakin o, uşaqların iç dünyasını əks edir. Əsərində məhz sənə məxsus olan özəlliyi təcəssüm etmək - bu elə yaradıcılığın özüdür”, - Saleh müəllim buna əmindir.

O, deyir ki, yaradıcılıq sinifi uşaqların dostlaşması üçün ideal imkanlar yaradır. Bu proses çox təbii baş verir – uşaqlar daim təmasdadırlar, onlar söhbət edir, zarafatlaşır, bir birinə kömək edirlər. Saleh Məmmədov heç də istisna etmir ki, başqa bir şəraitdə, deyək ki, metroda və yaxud parkda üz-üzə gəldikdə onlar bir birində fikir vermədən yan keçərdilər: “Sinifimizdə isə onları eyni iş, eyni maraqlar birləşdirir. Və bu, uşaqları bir birinə bağlayaraq, onları mehribanlaşdırır və ünsiyyət nemətindən bəhrələndirir”.

“Baxın, müəllimin inklüziv sinifdə işləməsi üçün ən əsas nədir? Həm uşaqları sevmək, həm də ki, öz sənətinə aşiq olmaq. Sən elə etməlisən ki, uşaqlar da sənin sənətində özləri üçün hansısa bir özəllik tapsınlar, onların gözlərində maraq qığılcımı və həyat eşqi oyatmalısan”, - Saleh müəllimin müsbət aurası istər-istəməz həmsöhbətinə də keçir.

Fotoda: layihənin eksperti Zarina Əliyeva (sağda)

İndi isə sözü Gülmirə xanıma verək - onun 17 yaşlı qızının uşaq serebal iflici ilə əlaqədar əlilliyi var. Gülmirə xanım deyir ki, qızını bir çox ödənişli məşqlərə aparırdı, amma çox nadir hallarda oradakı işçilər tərəfindən bu qədər qayğı və diqqət hiss olunurdu.

“Buraya biz tam təmənnasız gəlirik. Qızım ozü də buraya böyük həvəs göstərir, onda maraq hissi oyanıb. Mənim üçün isə ən əsası elə budur”, - Gülmirə xanım sevincini gizlətməyərək başqa uşaqlar tərəfindən də qızına qarşı gözəl münasibətə diqqət yönəldir və bunun işçilərin peşəkar yanaşmasının nəticəsi kimi qiymətləndirir.

Burada müəllimlərə xüsusi təhsil fakültəsindən olan könüllülər kömək edir. Onların əsas vəzifələri zəruri hallarda əlilliyi olan uşaqlara fərdi yardımdan, eləcədə problemləri olan uşaqların digərləri ilə ünsiyyətlərinə köməkdən ibarətdir.

Bununla belə, komandada əlavə xidmətlər üzrə mütəxəssislər, o cümlədən psixoloq, sosial işçi, loqoped və surdotərcüməçi  fəaliyyət göstərir. Onlar əlilliyi olan uşaqların hər birisi ilə fərdi İnkişaf Planı əsasında iş aparırlar. Əlavə olaraq, burada uşaqlar üçün ilkin həyatı bacarıqlar və ən sadə biznes-planların hazırlanması üzrə dərslər keçirilir.

“Bura çox xoşuma gəlir. Mən artıq kağızdan zənbil və gildən müxtəlif qab-qacaq düzəltməyi bacarıram. Burada özümə dostlar da qazanmışam. Böyüyəndə, mən də müəllim olmaq, uşaqlarla işləmək istəyirəm”, - bu sözləri isə Mərkəzin şagirdi, inkişafında müəyyən problemləri olan qız deyir.

Tədris proqramı gələn il başa çatdıqda Mərkəzin bütün məzunları hazırladığı işlərinin satılmasına dair fərdi biznes-planlarını təqdim etmək imkanlarını əldə edəcəklər. Xüsusi jüri ən yaxşı layihələri seçəcək, müəlliflərinə isə özlərini artıq püxtələşmiş peşəkar kimi ifadə etmək üçün zəruri iş materialları şəklində qrantlar təqdim olunacaqdır. Layihə üzrə nəticələrlə isə 2020-ci ilin noyabrında keçiriləcək böyük sərgidə tanış olmaq olar.

Fotoda: Mərkəzdə keramika dərsi

Əlil insanlar bəzən qeyri-adi istedadlara malikdirlər və cəmiyyət onlara özlərini sübut etmək fürsəti verməyərək çox şey itirir.

Məsələn, böyük alman bəstəkarı Lüdviq van Bethoven (1770 – 1827) bir çox dahi əsərlərini eşitmə qabiliyyətini itirdikdən sonra yaratmışdır və yaxud ABŞ-nın 32-ci prezidenti Franklin Ruzveltin (1882 - 1945) keçirdiyi poliomielitin nəticəsində ömrünün sonuna qədər əlil arabasında gəzib, amma adı Amerika tarixinə qızıl hərflərlə yazılıb.

Bu cür parlaq nümunələr XXI əsrin tarixində də var. Stiven Xokinq (1942 - 2018) – dünya şöhrətli ingilis astrofiziki. Motor neyron xəstəliyi nəticəsində demək olar ki, tamamilə iflic olmuş və yalnız sağ əlinin barmaqları ilə hərəkət edə bilən bu alim adını müasir kosmik elmi tarixinə yazmağı bacardı.

“Qərbdə qəbul edilən əlilliyin sosial modelinə görə, problem insanın əlil olmasında deyil, onun normal həyat tərzi üçün şəraitin olamamasındadır. Məsələn, əlil arabasında hərəkət edən insanı gördükdə onun hərəkətsiz olmağı yox, pandus və liftlərin olmamağı problem kimi qiymətləndirilməlidir”, - Zarina Əliyeva belə deyir.

Azərbaycan, postsovet məkanın başqa ölkələri kimi, hələ ki təhsil və cəmiyyətdə inklüzivliyə doğru gedən yolun başlanğıcındadır. Sözügedən mərhələnin başlıca vəzifəsi isə cəmiyyətin buna hazırlanması və təhsil sisteminin uyğunlaşmasından ibarətdir.

İnklüziv Uşaq Mərkəzi İçəri Şəhərdə, Vəli Məmmədov küç.,11 ünvanında yerləşir.
Tədris proqramına qoşulmaq istəyənlər layihənin eksperti Əsli Zeynalabdinnə müraciət edə bilərlər.
Tel: (+994) 50 377 97 80

Fotoda: Mərkəzin iyun qonağı Leyla Əliyeva olub. Foto Sputnik

Yelena Ostapenko

Məqalə EU Neighbours East layihəsi çərçivəsində hazırlanmışdır

 

Paylaş:
2276

Son xəbərlər

Baş Prokurorluğun əməkdaşı İnterpolun nümayəndəsi ilə görüşübBu gün, 17:27İcbari tibbi sığortaya 300 sayda əlavə xidmət nəzərdə tutulubBu gün, 17:27Baku Electronics ikinci ən böyük mağazasını açdı – FOTO – VİDEOBu gün, 17:00Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi atəşə tutdu - RƏSMİBu gün, 16:55Son sutkada Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlandıBu gün, 16:47Ermənistanın verdiyi mina xəritələri ilə bağlı ciddi narahatlığımız var - ANAMA rəhbəriBu gün, 16:34Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKABu gün, 16:33Bolt dondurma hadisəsinə reaksiya verib – VİDEOBu gün, 16:19Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb - FOTOBu gün, 16:18Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldıBu gün, 16:13“Yeni Klinika”nın sabiq direktoru məhkəmədən bəraət istədiBu gün, 16:11Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb - FOTO - VIDEOBu gün, 15:38Bakıda mənzildən 20 min manatlıq qızıl oğurlanıb - VİDEOBu gün, 15:18Bakı, Sumqayıt və Abşeronda dekabrın pensiyaları ödənildiBu gün, 15:05Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıbBu gün, 14:52Şəmkirdə saxta əlilik arayışları verən baş həkim və digərlərinin məhkəməsi başlayırBu gün, 14:50Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilibBu gün, 14:27Almaniyada yeni kansler seçilibBu gün, 14:18“YAŞAT” Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətiribBu gün, 14:14Sabahın hava proqnozu açıqlanıbBu gün, 13:57
Bütün xəbərlər

Next TV