XXI əsrin milli lideri: İlham Əliyev və Azərbaycan dövlətçiliyinin inkişafı

Prezident İlham Əliyev artıq on altı ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla inkişaf etdirən dövlət başçısının fəaliyyəti çoxşaxəlidir.
Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır. İlham Əliyev XXI əsrin keşməkeşləri şəraitində həmin inkişaf kursunu yeni şərtlər daxilində səmərəli şəkildə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir. Ekspertlərin qiymətləndirmələrinə görə, bu proses daha da inkişaf edəcək. Azərbaycan rəhbəri malik olduğu liderlik xüsusiyyətlərinə görə daim uğur gətirən addımlar atacaq. Daxili və xarici siyasətdə həyata keçirdiyi proqramlar sayəsində müstəqil dövlətçiliyi yeni zirvələrə qovuşduracaq. Bunların fonunda isə İlham Əliyevin simasında yeni siyasi lider modelinin formalaşdığı aydın görünür. İlham Əliyev hazırda XXI əsrin milli liderliyinin uğurlu nümunəsidir. Həmin kontekstdə Azərbaycan Prezidentinin fəaliyyətinin bir sıra mühüm saydığımız məqamları üzərində geniş dayanmağa ehtiyac duyduq.
Siyasət və vətənpərvərlik: Azərbaycanda sintezi
İndiki tarixi mərhələdə hər bir siyasi liderin fəaliyyətini bütün dünya izləyə bilir. İnformasiya-kommunikasiya vasitələri elə inkişaf edib ki, dövlətə başçılıq edən şəxsin gördüyü işlər sürətlə hər yerə yayılır. Bu, bir tərəfdən, liderlərin göz önündə olmasını təmin edir. Digər tərəfdən, hər bir siyasətçinin fəaliyyətinə dünya miqyasında qiymət vermək işini asanlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti haqqında dünyanın aparıcı dövlətlərinin rəhbərləri dəfələrlə fikir bildiriblər. Onların hamısı Azərbaycan Prezidentindən müdrik, uzaqgörən, əməkdaşlığa açıq və etibarlı, dövlət işlərini dərindən bilən və yüksək diplomatik bacarığa sahib lider kimi bəhs ediblər.
Əlbəttə, hər bir azərbaycanlı üçün ölkənin başçısına digər ölkələrin rəhbərlərinin yüksək qiymət verməsi qürur mənbəyidir. Həm də bu hörmətin arxasında İlham Əliyevin gərgin zəhmətinin, yüksək ailə, siyasətçi tərbiyəsinin, Vətənə böyük sevgisinin dayandığını anlamaq gərəkdir. Belə qiymətlər heç zaman asan verilmir – onu qazanmaq lazımdır, konkret əməldə layiq olduğunu göstərmək gərəkdir. Müqayisə üçün deyək ki, Cənubi Qafqazda digər heç bir siyasi lider barəsində bu cür fikirləri bildirmirlər. Bunlar İlham Əliyevin siyasətçi, lider və şəxsiyyət kimi dərindən öyrənilməsi ehtiyacının yüksək olduğunu göstərir.
Burada bir vacib məqamı vurğulamaq gərəkdir. Ulu öndər Heydər Əliyevin İlham Əliyev kimi liderin yetişməsində zəhməti və xidməti olduqca böyükdür. Ümummilli liderin fəaliyyətinə yaxından bələd olması ilə bərabər, onun təcrübəsini də tam əxz edib, praktiki fəaliyyətdə tətbiq etmək, əlbəttə, insanın özündən yüksək bacarıq tələb edir. Bununla yanaşı, Heydər Əliyevin yeni siyasi lider yetişdirmək qabiliyyətinin çox yüksək səviyyədə olduğunu qəbul etmək gərəkdir. Bütün bunlara görədir ki, Heydər Əliyev məktəbini keçmiş bir Prezidentin, siyasi liderin və şəxsiyyətin müstəqil dövlət quruculuğunda əldə etdiyi nailiyyətlər təsadüf sayıla bilməz. İlham Əliyev uğurlu siyasi varisliyin ən gözəl nümunəsidir!
Alimlər bir məqama diqqət çəkirlər: İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi on altı il müstəqillik dövrünün yarıdan çoxunu təşkil edir. Bu müddətdə Azərbaycan müstəqillik və suverenlik yolunda böyük məsafə qət edib. Konkret deyilsə, on altı il mürəkkəb bir geosiyasi məkanda yerləşən dövlət üçün daim uğurlar ili olub. Buna nail olmağın nə qədər çətin olduğunu sübut etməyə ehtiyac yoxdur. Adi müqayisələrdə həmin reallığı açıqca görmək mümkündür. Burada başqa bir məqam önəm kəsb edir.
Hazırkı tarixi şəraitdə davamlı uğur qazanmağa imkan verən liderlik hansı keyfiyyətlərə malik olmalıdır? Yəni, İlham Əliyevi lider-şəxsiyyət kimi necə xarakterizə etmək olar? Bu suala indi filosoflar, tarixçilər, sosioloqlar, siyasətşünaslar və başqa humanitar ixtisas sahibləri cavab axtarırlar. Əlbəttə, bu istiqamətdə araşdırmaları davam etmək zəruridir.
Son on altı ili dövlət quruculuğu prosesi kontekstində üç aspektdə əhəmiyyətli hesab etmək olar. Birincisi, bu illər keçid proseslərinin yekunu baxımından əhəmiyyət daşıyır. İkincisi, keyfiyyətcə yeni inkişaf mərhələsinə start verilib. Üçüncüsü, cəmiyyətin bütün sferaları bir-biri ilə həmahəng şəkildə hərəkətə gətirilib və sürətli, davamlı inkişaf xətti müəyyənləşdirilib. Vurğulanan faktorların hər birinin dövlət quruculuğunda konkret yeri və rolu vardır. Onlar bir-birini mərhələ kimi ideal şəkildə tamamlayır. Bu şərt bütövlükdə dövlət quruculuğunu sistemli və müntəzəm olaraq həyata keçirməyə imkanlar yaradır. Onun müəllifi isə Prezident İlham Əliyevdir.
Keçid mərhələsinin yekunu: yeni inkişaf dövrünün təməli
Müstəqillik mərhələsinin keçid proseslərinin yekunu son dərəcə ciddi əhəmiyyəti olan məsələdir. Çünki bu, faktiki olaraq, 1993-cü ildən etibarən aparılan dövlət quruculuğu prosesinin səmərəsini və tarixi əhəmiyyətini ifadə edir. Həmin mərhələdə Ulu öndər öncə daxili sabitliyə nail oldu. Buna paralel olaraq Azərbaycanın beynəlxalq əlaqələrini dövrün tələbləri səviyyəsində qurdu. Neft siyasəti bu bağlılıqda prinsipial rol oynadı. Paralel şəkildə həyata keçirilən sosial-iqtisadi islahatlar cəmiyyətin bir sistem olaraq dayanıqlı sabitlik mərhələsinə keçməsinə imkan yaratdı.
Bununla Ulu öndər sonrakı mərhələdə keçid prosesini uğurla başa vurmağın təməllərini sağlam əsasda formalaşdıra bildi. 2003-cü ildən başlayaraq bu proses daha böyük sürətlə aparıldı. Və 2009-cu il noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyində Prezident İlham Əliyev bəyan etdi: "Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq". Ekspertlər hesab edirlər ki, bu, bütövlükdə müasir dövlətçilik tarixində çox əhəmiyyətli bir mərhələnin başa çatması deməkdir. Keçid dövrünün yekunu kimi üç prinsipial məqamı vurğulamaq zəruridir.
Birincisi, Azərbaycan iqtisadiyyatında keçid dövrünün sön mərhələsi bənzərsiz özünəməxsusluğu ilə fərqlənən qeyri-sabit mərhələyə təsadüf edirdi. Həmin dövrdə bütün dünyanı iqtisadi-maliyyə böhranı bürümüşdü. Konkret desək, uzun illərin gərgin əməyi və düzgün strateji seçim əsasında Azərbaycan iqtisadiyyatını davamlı inkişaf relsinə salmaq mümkün olmuşdu və o, kənar təsirlərə deyil, daxili potensial imkanlarına görə inkişaf edən sistem halına gəlmişdi.
İkincisi, Prezidentin bəyanatı bütövlükdə cəmiyyətdə sosial, iqtisadi, siyasi, mənəvi-mədəni və digər münasibətlər sferasında prinsipial olaraq keçid mərhələsinin sona yetdiyini də ifadə edirdi. Bu, Azərbaycanda dövlət quruculuğunun bütün sahələrinin bir-biri ilə sıx əlaqədə aparıldığının göstəricisi idi. Sosial-iqtisadi sferada isə çox ciddi nailiyyətlər əldə edilmişdi. Belə ki, 1995-2003-cü illərdə Ümumi Daxili Məhsul (ÜDM) 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə artmışdı. Ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi isə 25,2 faiz artmışdı. Kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi, o cümlədən ixrac 4 dəfə çoxalmışdı. İqtisadiyyatda çalışanların orta aylıq real əmək haqqı təxminən 5,6 dəfə artmışdı. Bu müddətdə inflyasiya səviyyəsi 2-3 faizə endirilmişdi. Bütün bunlar uğurlu seçilən inkişaf kursu nəticəsində keçid mərhələsində sıçrayışlı sosial-iqtisadi inkişafa qədəm qoyulmasını təmin etdi. 2003-cü ildən sonra da uğurla aparılan siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanıldı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahələrinin, regionların inkişafı sürətləndi. Bunun fonunda strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin edildi, milli valyutanın sabitliyi və sahibkarlığa dövlət dəstəyi gücləndirildi. 2004-2008-ci illərdə isə Ümumi Daxili Məhsulun həcmi 2,6 dəfə artırıldı. Bu, 1990-cı ilin səviyyəsindən 2 dəfə çox deməkdir. Bu dövrdə yoxsulluq səviyyəsi 13 faizə endi, ölkədə 760 mindən çox yeni iş yeri açıldı.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edildi. 2010-cu ildə də ölkəmiz öz mövqelərini qoruyub saxladı. "Qlobal Rəqabətlilik Hesabatı"nda isə göstərilirdi ki, 2009-2010-cu illərdə Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə çıxdı. Bu, MDB ölkələri arasında 1-ci göstərici idi. Yuxarıda ifadə edilənlər açıq təsdiq edir ki, Azərbaycanda keçid dövrünün yekunu ciddi sosial-iqtisadi inkişafla xarakterizə olunur. Həmin mərhələdə ölkəmiz bütün istiqamətlərdə keyfiyyətcə yeni təkamül mərhələsinə uğurlu tranzit imkanı qazanmış oldu.
Üçüncüsü, yuxarıda vurğulananlardan məntiqi olaraq belə bir qənaətə gəlmək olur ki, keçid dövrünün başa çatması özlüyündə yeni bir mərhələnin əsasının hazırlanması demək idi. Yəni, Azərbaycan rəhbərliyi düşünülmüş, elmi əsaslandırılmış və məqsədləri dəqiq müəyyən edilmiş inkişaf kursu işləyib hazırlamaqla növbəti inkişaf mərhələsinin təməlini qoyub. Bu, dövlət quruculuğunda çox mühüm bir məqamdır. Çünki o, davamlı və dayanıqlı inkişafın əsas şərtlərindən biridir. Bununla aydın olur ki, Azərbaycan sadəcə bir mərhələni arxada qoymayıb, eyni zamanda, yeni mərhələnin sağlam tərzdə getməsi üçün lazım olan bütün təməl şərtləri də hazırlayıb.
Beləliklə, Azərbaycanda keçid dövrünün ən böyük yekunu ölkənin yeni sürətli inkişaf mərhələsinə qədəm qoyması ilə xarakterizə olunur. 2010-cu ildən başlayaraq Azərbaycan modernləşmə sahəsində daha sistemli və keyfiyyətli dəyişmələr mərhələsinə keçib. Prezident İlham Əliyevin siyasi liderliyi, qətiyyəti, uzaqgörənliyi və mükəmməl idarəetmə bacarığı yeni mərhələnin də Azərbaycan üçün son dərəcə uğurlu olmasını təmin edir. Bu bağlılıqda ABŞ-ın nüfuzlu Con Hopkins Universiteti nəzdindəki Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri, professor Frederik Starrın Azərbaycan Prezidenti barədə ifadə etdiyi fikirlər çox maraqlıdır. Amerikalı professor vurğulayıb: "Prezident İlham Əliyevin ən güclü cəhətlərindən biri odur ki, onun üçün daim diqqət mərkəzində olmaq əhəmiyyətli deyildir. O, bacarıqlı, tarazlı, düşünülməmiş qərarlara yol verməyən, rəyi ilə razılaşmadığı insanlara ehtiramla yanaşan bir şəxsiyyətdir. Mən onun Azərbaycandakı müxalifət nümayəndələri barədə hörmətlə danışdığını dəfələrlə eşitmişəm. O, şəxsi hissləri siyasətdən ayıra bilən adamdır. Bunların hamısı çox məsuliyyətli insana xas olan xüsusiyyətlərdir. Məncə, o, indiyə qədər ölkəsinə çox gözəl xidmət edib".
Amerikalı alimin bu fikirləri İlham Əliyevin konkret fəaliyyətinin nəticələri əsasında formalaşıb. Prezidentin bir şəxsiyyət kimi tutduğu mövqe də göz qabağındadır. Baxın, 2003-2018-ci illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. O cümlədən qeyri-neft sektoru 2,8 dəfə çoxalıb. Sənaye istehsalı isə 2,6 dəfə artıb. Kənd təsərrüfatı 1,7 dəfə böyüyüb. Qeyri-neft məhsulları sahəsində ixracat 4,1 dəfə çoxalıb. Azərbaycanın valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 2018-ci ildə 46 milyard dollara çatdırılıb, hazırda isə 50 milyard dolları keçir. Təkcə bu ilin ilk 6 ayı ərzində 6,4 milyard dollar sərmayə qoymaq planlaşdırılmışdı ki, artıq bu, yerinə yetirilib. Bütövlükdə isə son on altı il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq sərmayə qoyulub. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun hesablamalarına görə, "hökumətin dəyişikliklərə çevik reaksiyası" göstəricisinə görə Azərbaycan dünyanın 140 ölkəsinin arasında 5-ci yerdə qərarlaşıb.
Liderlik keyfiyyəti: İlham Əliyev nümunəsi
Bütün dünya liderləri etiraf edirlər ki, İlham Əliyev mükəmməl və səmərəli enerji siyasəti yeridən Prezidentdir. Bu baxımdan 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin (uzunluğu 980 kilometrdir) istifadəyə verilməsi mühüm tarixi hadisə kimi qəbul edilir. Bundan əlavə, 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlinin qoyulması növbəti strateji xarakterli uğur sayılır. Bu, layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynadığının faktiki təsdiqidir.
Bölgədə ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometr, ümumi dəyəri isə 40 milyard dollardır. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. Nəhayət, bu ilin payızında Türkiyədə TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilib.
Onu da xatırladaq ki, 2017-ci il sentyabrın 14-də "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in ("Əsrin müqaviləsi") müddətinin 2050-ci ilə qədər uzadılması ilə bağlı sənədlər imzalanıb. Yeni şərtlərə görə, SOCAR-ın payı 11 faizdən 25 faizə qaldırılmalı və mənfəət neftinin 75 faizi Azərbaycana verilməlidir. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir.
Bunların fonunda Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin Cənubi Qafqazda geosiyasi qovşağı olması ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Bütövlükdə isə Azərbaycan "Bir kəmər, bir yol" layihəsi çərçivəsində aktiv bir iştirakçıdır. Bütün bunlar birbaşa İlham Əliyevin xidmətləri ilə bağlıdır.
Əlbəttə, İlham Əliyevin xarici siyasət kursunun uğurları müstəqil dövlətçiliyimizin inkişafı aspektində böyük əhəmiyyət kəsb edir. Hələ 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdi. Ölkəmiz 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına da üzvdür. İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün var gücü ilə fəaliyyət göstərir. Bu istiqamətdə dövlət başçısının əldə etdiyi uğurlar hamıya məlumdur. Həmin kontekstdə ölkə rəhbərinin sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələr çox qiymətlidir. İlham Əliyev bu sferada bir çox təşəbbüslər irəli sürüb və onlar uğurla həyata keçirilir. Məsələn, "Bakı Prosesi" və Bakı Beynəlxalq Humanitar Forumu buna nümunədir. Regional əməkdaşlığın yeni formatları da həmin bağlılıqda olduqca yüksək qiymətə layiq nəticələr verməkdədir. Bununla bağlı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ifadə etdiyi fikirlər olduqca maraqlıdır. Dövlət başçısı həmin iclasdakı nitqində ifadə edib: "Hesab edirəm ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi, diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir. Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında nüfuzunu daim artırmaqdadır".
Vurğulanan məqamlar onu deməyə əsas verir ki, İlham Əliyev müstəqil Azərbaycan tarixində yeni bir eradır. Bu eranın başlıca xüsusiyyəti məxsusi inkişaf mərhələsi olmasındadır. Eyni zamanda, bu mərhələ müstəqil dövlətçiliyin özünütəsdiq dövrüdür. Dövlətçiliyin özünütəsdiqi tarixi əhəmiyyətli hadisədir. Təcrübə göstərir ki, heç də bütün ölkələr bu mərhələni uğurla keçə bilmirlər. Onlar bir sıra hallarda, ümumiyyətlə, müstəqil dövlətçiliyin özünütəsdiqinə nail ola bilmirlər.
Azərbaycanda isə bu mərhələ uğurla keçilib. Bütün dünya Azərbaycanı müstəqil, suveren, özünün inkişaf kursu olan ölkə olaraq qəbul edir. Cənubi Qafqazda ancaq Azərbaycan həmin istiqamətdə sistemli fəaliyyət göstərir. Burada siyasi liderlərin və ekspertlərin vurğuladığı bir özəlliyi də xatırlamağa dəyər. Onlar qeyd edirlər ki, Azərbaycan nəinki regional təhlükəsizliyin təmintaçılarından biri, həm də yeni təhlükəsizlik modelləri təşəbbüsünü göstərən aktiv regional geosiyasi oyunçudur. Bu, İlham Əliyevin həyata keçirdiyi siyasi kursdan məntiqi olaraq alınan nəticədir.
İlham Əliyevin xarici siyasi kursunda təhlükəsizlik modelinin əsasında regional əməkdaşlıq fəlsəfəsi dayanır. Regional əməkdaşlıq qarşılıqlı fayda gətirən, bərabərhüquqlu və bir-birinin daxili işlərinə qarışmadan həyata keçirilən proqramların sintezidir. Bu üsulla regionda yerləşən dövlətlər ancaq qarşılıqlı fayda verən və kimsənin haqqını pozmayan münasibətlər çərçivəsində fəaliyyət göstərir. Bununla da regional təhlükəsizlik səmərəli əməkdaşlıq prinsipləri üzərində bərqərar olan proses kimi özünü təsdiq edir.
İlham Əliyevin bu siyasi xətti özünü tam doğruldur. Regionun ən böyük dövlətləri səmərəli əməkdaşlıq edə bilir. Onların maraqlarının balanslaşmasında isə Azərbaycan ciddi rol oynayır. Bunlara görədir ki, Azərbaycan Prezidentinə regionun bütün böyük dövlətlərinin başçıları xüsusi hörmət və rəğbətlə yanaşırlar.
Bunlar, eyni zamanda, İlham Əliyevin XXI əsrin xarizmatik milli lideri olduğunu göstərən özəlliklərdir. Əlbəttə, bunun daha dərindən və konkret yanaşma əsasında araşdırılması gərəkdir. Çünki XXI əsrdə milli lider obrazı özlüyündə zəngin çalarlara malikdir. İlham Əliyev Cənubi Qafqazın mürəkkəb geosiyasi özəlliklərinə və Azərbaycanın keçdiyi xüsusi dövlətçilik tarixi yoluna görə son dərəcə maraqlı keyfiyyətlərə sahib liderdir. Şübhə yoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderlik və şəxsi keyfiyyətlərini geniş və dərindən təhlil edən araşdırmalar aparılacaqdır. Azərbaycan xalqının öz rəhbərinə inamı sonsuzdur!
Kamal Adıgözəlov