İlqar Eyyubov: Azərbaycanda sahibkarlar qarşısında daha böyük imkanlar yaradılır
Dövlətin qeyri-neft sektorunun inkişafı istiqamətində hüquqi dəstəyi yeni mərhələdədir.
Bunu Trend-ə açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, vəkil İlqar Eyyubov deyib.
O bildirib ki, beynəlxalq aləmdə cərəyan edən iqtisadi və siyasi qeyri-sabitliyə baxmayaraq sona yaxınlaşan 2019-cu il ölkəmiz üçün daha çox iqtisadi islahatlar, biznes mühitinin stimullaşdırılması, şəffaflığın artırılması, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, o cümlədən iqtisadi hüquqpozmalara qarşı effektiv müdafiə mexanizminın vacib aləti rolunda çıxış edəcək kommersiya məhkəmələrinin hüquqi bazasının formalaşdırılması ili kimi yadda qaldı: "Həyata keçirilməkdə olan iqtisadi islahatlar çoxşaxəli olduğu qədər, həm də mürəkkəb proses kimi təhlil olunmalıdır. Belə ki, daha əvvəlki dövrə nəzər saldıqda aydın olur ki, iqtisadi sfera ilə əlaqədar həyata keçirilən hər bir hüquqi güzəştlər ilk növbədə qanunvericilikdə və normativ sənədlərdə öz əksini tapır. Daha sonra həmin güzəştlər tətbiq edilməyə başlanılaraq rəsmi sənədlərin, qanunvericilik aktlarının tətbiqindəki nöqsanlar aradan qaldırılır, şəffaflıq təmin olunur, sahibkarlar qarşısında daha böyük imkanlar yaradılır. Müəyyən maneələrin və nöqsanların hələ də olmasına baxmayaraq ümumilikdə islahatlar artıq nəticə verməyə başlayıb. İqtisadi göstəricilərin artması tendensiyası sürətlənmə, qanuniləşmə və şəffaflaşma prinsiplərinin reallaşmasına zəmin yaradıb.
Hazırda əvvəlki dövrlərdə olduğu kimi sahibkarın fəaliyyətinə hər hansı dövlət qurumunun vəzifəli şəxsləri tərəfindən birbaşa nəzarət, yaxud onun fəaliyyətinin bütün istiqamətlərdə yoxlama predmeti kimi nəzərdən keçirilməsi, əsassız müdaxilə, süründürməçiliyə məruz qalma halları olduqca azalıb. Yəni artıq bir neçə ildir ki, sahibkarlıq subyektləri fəaliyyətinin istiqamətindən asılı olaraq əvvəlki dövrlərdə olduğu kimi onlarla orqan tərəfindən yoxlanmaya məruz qalmır, onlara qarşı ciddi tələblər irəli sürülmür.
Əsasən bu məsələlər fərdi şikayətlərin yerində yoxlanması ilə məhdudlaşdırılır. Lakin bu da özlüyündə yeni problemlərə yol açır. Məsələn, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərini pozaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman, əmək müfəttişləri tərəfindən mübahisənin yerində araşdırılması mümkün olmadığından inzibati araşdırmanı tam əhatəli şəkildə həyata keçirməyə mövcud normallar müəyyən mənada çətinlik yaradır".
Ekspert bildirib ki, sahibkarları əvvəllər narahat edən digər hallardan biri lisenziyalı fəaliyyət növlərinin çoxluğu idi: "Nəticədə sahibkar özləri də qabaqcadan arzu etmədən qeyri-qanuni fəaliyyətin icracısına çevrilir və ya onsuz gərgin rəqabət mühitində olan iş adamları çətin duruma düşərək, reallaşdırmaq istədikləri ideyalarından uzaqlaşırdılar. Qeyd edilən islahatların aparılması ağır tələblər və şərtlər altında reazlizə olunan lisenziyalaşdırma problemlərini demək olar ki deşifrə edib.
İndi lisenziyalı fəaliyyət növləri dar bir çərçivəyədək məhdudlaşdırılıb və bu məsələlər qanunvericilikdə mümkün qədər öz hüquqi həllini tapıb. Həm lisenziyalı fəaliyyət növləri azaldılıb, həm də minimum tələblər səviyyəsində sadələşdirilib.
Vergi və gömrük orqanlarının fəaliyyətində hüquq normalarının doğru-düzgün tətbiqi, bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət olunması arzuolunan səviyyəyə çatmışdır. Lakin etiraf etməliyik ki, şəffaflıq təmin edilsə də vergi və rüsumların həddi qənaətbəxş deyil. İdxal və ixrac rüsumları daxili bazar münasibətlərinin ən əsas tənzimləyəcisidir. Bu məsələrə xüsusi olaraq diqqət artırılmalıdır. Göstərilən səbəbdən normativ sənədlər hal-hazırda yenidən işlənməkdədir.
Sahibkarlıq fəaliyyəti ilə bağlı ən mühüm məsələlərdən biri də elektron xidmətlərin geniş istifadəsi ilə əlaqədardır. Artıq ümumil sayı 450-dən yuxarı olan xidmət alternativ olaraq elektron qaydada göstərilməkdədir. Lakin ayrı-ayrı icra strukturları tərəfindən idarə olunan bu xidmətlər və məlumatlar, onların emalı prosesi hələ də lazımi səviyyədə deyil, proqramların bir-birinə inteqrasiyası zəif təşkil olunub, yaxud bəzi hallarda ümumiyyətlə səmərəli deyildir. Bu problemin də həll edilməsi elektron xidmətlərin göstərilməsi sahəsində sahibkarların işini xeyli asanlaşdıracaq.
Nəhayət, hər bir sahibkarın hüququnu operativ şəkildə qoruyacaq, elektron resursların təkmil istifadəsi ilə fəaliyyəti üzrə nizamlanan, hüquqi əsaslar formalaşmış ayrıca bir məhkəmənin- Kommersiya məhkəmələrinin yaradılması reallığa çevrilib. Vergi, gömrük, sosial müdafiə ödənişləri ilə bağlı məhkəmələrin icraatında olan işlərin xüsusi ixtisaslaşmış, peşəkar hakimlər tərəfindən aparılması başlıca amil, əsas şərt kimi müəyyən olunub. Yeni ildən paytaxtda və regionlarda kommersiya məhkəmələri fəaliyyətə başlayacaq, bu istiqamətdə qanunvericilikdə müvafiq dəyişikliklər edilmiş, texniki-təşkilati məsələlər isə hal-hazırda yekunlaşmaq üzrədir".
1news.az