Bakıda AmCham-ın təşkilatçılığı ilə "Technovation by PMI" forumu keçirildi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda AmCham-ın təşkilatçılığı ilə "Technovation by PMI" forumu keçirildi - FOTO

First News Media15:21 - Bu gün
Bakıda AmCham-ın təşkilatçılığı ilə "Technovation by PMI"  forumu keçirildi - FOTO

Bakıda AmCham-ın təşkilatçılığı ilə "Technovation by PMI"  forumu keçirilib

 

1news.az xəbər verir ki, Bakıda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda  "Technovation by PMI"  forumu keçirilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən AmCham Azərbaycanın prezidenti Dəyanət Sədullayev əvvəlcə forum iştirakçılarını salamlayıb və bu əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

 

“PMI-ın təşkilatçılığı ilə keçirilən "Technovation by PMI"  və “Davamlı iqtisadi transformasiya naminə elm və innovasiya” mövzularına həsr olunmuş bu tədbirin AmCham-ın dəstəyi ilə baş tutması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirə Azərbaycanda ev sahibliyi etmək və PMI-ın etibarlı tərəfdaşı olmaq AmCham üçün böyük fəxrdir”.

 

O bildirib ki, bugünkü sürətlə dəyişən və qeyri-müəyyən qlobal mühitdə korporativ çevikliyin və dayanıqlılığın qorunması hər zamankindən daha vacibdir və bizneslər bu reallığa uyğunlaşmalıdır.

 

“Biznes ictimaiyyəti üçün bu, təkcə yeni texnologiyaların tətbiqi deyil, həm də biznes modellərinə yenidən baxmaq, səmərəliliyi artırmaq, yaranan çağırışlara çevik reaksiya vermək və uzunmüddətli dəyər yaratmaq deməkdir. Bu gün dünyada baş verən proseslər göstərir ki, qeyri-müəyyənlik artıq istisna deyil, reallığın ayrılmaz hissəsidir və bizneslər bu reallığa uyğunlaşmağı bacarmalıdır”.

 

O qeyd edib ki, “Technovation by PMI ” kimi beynəlxalq platformalar dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynayır.

 

“Məhz buna görə “Technovation by PMI ” kimi platformaların və digər dialoq mühitlərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. AmCham olaraq əsas məqsədimiz dövlət və özəl sektor arasında səmərəli kommunikasiya və əməkdaşlıq üçün bu cür platformaların yaradılmasına töhfə verməkdir. Bu əməkdaşlıqda bizə göstərilən etimada görə PMI-a bir daha təşəkkür edirəm”.

 

O əlavə edib ki, AmCham son aylarda geniş tədbirlər portfeli formalaşdırıb və bu fəaliyyətlər dialoqun inkişafına, əməkdaşlığın güclənməsinə və təcrübə mübadiləsinə xidmət edir.

 

“Ümid edirəm ki, müzakirələr məhsuldar olacaq və yeni ideyaların yaranmasına töhfə verəcək. Xüsusilə qeyd etmək istərdim ki, AmCham komandası bu tədbirin təşkilində böyük zəhmət sərf edib və onların əməyi xüsusi alqışa layiqdir. Bir daha hər birinizə təşəkkür edir, tədbirin faydalı olacağına inanıram”.

 

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov deyib ki, AmCham-ın dəstəyi ilə PMI tərəfindən təşkil olunmuş “Technovation by PMI ” tədbiri elm, innovasiya və davamlı iqtisadi transformasiya mövzularında mühüm müzakirələr üçün vacib platformadır.

 

“Bu gün texnologiya qlobal iqtisadiyyatı yenidən formalaşdırır, rəqabət meyarlarını dəyişir və yeni iqtisadi dəyər mərkəzləri yaradır. Artıq ölkələr yalnız resurslarla deyil, innovasiya, insan kapitalı və texnologiyaları mənimsəmə qabiliyyəti ilə rəqabət aparırlar. Azərbaycan üçün bu transformasiya gələcəyin deyil, bu günün prioritetidir. Son illərdə formalaşmış güclü iqtisadi baza qeyri-neft sektorunun əsas hərəkətverici qüvvəyə çevrilməsinə imkan yaradıb. Məqsədimiz innovasiyaya əsaslanan və şaxələndirilmiş iqtisadiyyat qurmaqdır”.

 

Hüseyn Hüseynov vurğulayıb ki, rəqəmsal transformasiya Azərbaycan iqtisadi siyasətinin mərkəzində dayanır və bu istiqamətdə “Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası” əsas yol xəritəsidir.

 

“Əsas güc texnologiya deyil, insan kapitalıdır. Coursera şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən 4Sİ Akademiyası vasitəsilə minlərlə vətəndaşımız rəqəmsal bacarıqlara yiyələnib. ABŞ artıq 30 ildən çoxdur Azərbaycanın etibarlı tərəfdaşıdır və əməkdaşlıq energetikadan başlayaraq bu gün texnologiya və innovasiya sahələrini də əhatə edir. “Dell Technologies”, “Oracle”, “Microsoft” və “Amazon” kimi şirkətlərlə əməkdaşlıq strateji texnoloji tərəfdaşlığın genişləndiyini göstərir. Bu təşəbbüslər vahid məqsədə xidmət edir – daha yüksək məhsuldarlıq, yeni iş yerləri və rəqabətqabiliyyətliliyin gücləndirilməsi. Sənaye 4.0 çərçivəsində müəssisələrimiz texnologiyaları tətbiq edir və istehsal proseslərini modernləşdirir. SOCAR Karbamid zavodunun Rəqəmsal Mayak statusu innovasiyanın real nəticələrə çevrildiyini göstərir”.

 

Hüseyn Hüseynov əlavə edib ki, Azərbaycan artıq innovasiya və bilik əsaslı iqtisadi inkişaf mərhələsinə qədəm qoyur və investorlar üçün sabit və proqnozlaşdırıla bilən mühit formalaşdırır.

 

“Biz investorlar üçün sabit mühit, strateji mövqe və aydın inkişaf vizyonu təqdim edirik. Azərbaycan gələcəyin sənayelərini və texnologiyalarını formalaşdırmaqda etibarlı tərəfdaşdır”.

 

Philip Morris International (PMI) şirkətinin MDB ölkələri üzrə xarici əlaqələr direktoru Aleksey Kim Azərbaycanın iqtisadi inkişafı və şəhər mühitinin dayanıqlı tərəqqisinin ölkənin gələcək potensialını göstərdiyini bildirib.

 

“Azərbaycan bilik və elmi nailiyyətlərə əsaslanan müasir iqtisadiyyat qurur və ölkədə dərin institusional transformasiya həyata keçirilib. Ölkə resurs əsaslı iqtisadiyyatdan bilik və innovasiya yönümlü modelə keçib”.

 

Aleksey Kim Azərbaycanın inkişaf vizyonunun aydın olduğunu, dövlət-özəl tərəfdaşlığının və hüquqi-institusional çərçivənin investisiya mühitini gücləndirdiyini qeyd edib.

 

“Bakı COP29 və digər beynəlxalq tədbirlərlə qlobal platforma kimi mövqeyini daha da möhkəmləndirir. Həmçinin Azərbaycan süni intellekt və rəqəmsal innovasiyaları inkişaf gündəliyinə daxil edib, bu prosesdə insan kapitalı əsas rol oynayır. Tədqiqatçılar, siyasətçilər və sənaye arasında əməkdaşlıq innovasiyanın əsas şərtlərindən biridir”.

 

Sonda Aleksey Kim korporativ və iqtisadi transformasiyanın paralel getdiyini, düzgün tənzimləmənin isə bu prosesin əsas təminatı olduğunu qeyd edib.

 

Forum çərçivəsində keçirilən “Qeyri-neft-qaz sektorunun təşviqi və inkişafı yolu ilə iqtisadi diversifikasiya” sessiyasında Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və C4IR-in icraçı direktoru Fariz Cəfərov müzakirələr aparıblar. Panel müzakirəsinin moderatoru AmCham İRİ Komitəsinin rəhbəri Tuğra Musayeva olub.

 

Oleksiy Kalynichenkonun moderatorluğu ilə keçirilən “Zərərin azaldılması və dayanıqlı inkişaf istiqamətində korporativ transformasiya” panel müzakirəsində isə ACWA-nın icraçı idarəetmə direktoru Dr. Uygar Durgunay, bp-nin transformasiya və texnologiyalar üzrə meneceri Marianna Karimova və PMI-ın elmi fəaliyyətlər üzrə direktoru Tomoko Iida çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

 

Yekun nitqi ilə çıxış edən AmCham Azərbaycanın icraçı direktoru Zaur Kərimov bildirib ki, bu kimi təşəbbüslər Azərbaycanın innovasiya və gələcəyə yönəlmiş dialoq üçün mühüm platforma kimi mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.

 

“Tədbirin uğurla keçirilməsinə verdikləri töhfəyə görə bütün spikerlərə, iştirakçılara, dövlət qurumlarının nümayəndələrinə və PMI şirkətinə təşəkkür edirəm. Tədbirin uğuru innovasiyaların təşviqi, bilik mübadiləsinin genişləndirilməsi və Azərbaycanın dayanıqlı iqtisadi inkişafına dəstək göstərilməsi istiqamətində ortaq öhdəliyin göstəricisidir”.

 

Qeyd edək ki, 150-dən çox iştirakçının, o cümlədən yüksək səviyyəli biznes ictimaiyyətinin, dövlət qurumlarının nümayəndələrinin, digər aidiyyəti tərəflərin, eləcə də yerli və beynəlxalq media nümayəndələrinin qatıldığı tədbir mövzunun aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirib.

 

Bildirilib ki, “Technovation by PMI” forumu 2026-cı ildə artıq ABŞ və İsveçdə də uğurla təşkil olunub.

 

 

 

 

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər