Təhsil Nazirliyində “Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına həsr olunan tədbir keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyində “Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına həsr olunan tədbir keçirilib – FOTO

14:11 - 14 / 01 / 2020
Təhsil Nazirliyində “Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına həsr olunan tədbir keçirilib – FOTO

Yanvarın 14-də Təhsil Nazirliyində “Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına həsr olunan tədbir keçirilib.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, layihənin təşkilatçıları və tələbə-könüllüləri iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək təhsil üçün bərabər imkan yaradılmasına dəstək verən “Təhsil Avtobusu” layihəsinin Nəsimi ilində keçirilməsinin əhəmiyyətini, şagirdlərin, tələbələrin, gənclərin şəxsi inkişafının daim diqqət mərkəzində olduğunu, onların bilik, bacarıq, dünyagörüşünü artıran təlim və intellektual yarışların önəmini vurğulayıb. Həmçinin, layihənin uğurlarının hər il artmasından məmnun olduqlarını və istiqamətlərinin, əhatəsinin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan olunan “Nəsimi ili”nə həsr olunan “Təhsil Avtobusu – Nəsimi” yay məktəbinin hesabat xarakterli təqdimat və video-çarxı nümayiş olunub.

Həmçinin, tədbirdə “Təhsil Avtobusu – Nəsimi” yay məktəbi layihəsinin meneceri Ülviyyə Axundova layihənin təşkili və həyata keçirilməsində yüksək təşkilatçılıq və təşəbbüskarlıq nümayiş etdirdiyinə görə Təhsil naziri cənab Ceyhun Bayramov tərəfindən “Fəxri Fərman” ilə təltif olunub və mükafatı Təhsil nazirinin müavini cənab Firudin Qurbanov təqdim edib.

Ülviyyə Axundova SABAH qruplarının məzunudur, həmçinin Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı və “Azərbaycan üçün Öyrət” proqramlarında uğurla fəaliyyət göstərib.

Qeyd olunub ki,  iyulun 23-dən start verilən layihə çərçivəsində Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 47  kənd, qəsəbə və şəhər məktəbindən ümumilikdə 200-ə yaxın şagird layihəyə cəlb edilib.

Nəsimi ilinə həsr olunan yay məktəbi müddətində şagirdlər şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarında iştirak ediblər.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 30 gün ərzində 8500 km yol qət edilib, 22 ali və orta ixtisas təhsili müəssisəsi, 32 şəhər, 75 kənd-qəsəbə məktəblərindən olan 700-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

“Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, Bakcell, Paşa Həyat Sığorta və Optimal şirkətlərinin dəstəyi, Vitam Reklam, Şərq-Qərb ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, BD Kids, Code Tusi şirkəti, SABAH qrupları, Sabah Futbol Klubu, Şəhanə online mağazasının tərəfdaşlığı ilə İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, Edumap Təhsil portal, Fam Tram media və informasiya  tərəfdaşlığı ilə keçirilmişdir.

S.Xankişiyeva

 

 

Paylaş:
811

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər