Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (I hissə) | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (I hissə)

10:11 - 14 / 01 / 2020
Prezidentin müsahibəsi: xarici və daxili siyasətin üç səviyyədə töhfələri (I hissə)

Özünü təsdiq etmiş hər bir dövlət il boyu apardığı siyasətə yenidən nəzər salır, onu analiz edir və uyğun nəticələr çıxarır.

Azərbaycan da 2019-cu ildə həyata keçirdiyi daxili və xarici siyasətə təhlili aspektdə nəzər salır. Bu baxımdan Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi geniş müsahibə çox maraqlı faktlarla zəngindir. Onları bir yazıya yerləşdirmək imkansızdır. Bu səbəbdən biz, dövlət başçısının müsahibədə toxunduğu məsələlərə bir neçə yazıda təhlili nəzər salmağa ehtiyac gördük. Ölkə rəhbərinin irəli sürdüyü tezislər, apardığı analizlər və verdiyi proqnozlar müstəqil dövlətçilik baxımından çox gərəklidir. Onlar geniş kütlələrin bir sıra mühüm məqamlar haqqında obyektiv təsəvvürlər əldə etməsinə imkan yaradır.

Cəmiyyətə açıq lider: İlham Əliyevin fəaliyyət prinsipləri

Prezident İlham Əliyevin cəmiyyətə tam açıq, milli mövqeli və müasir dövrün tələbləri səviyyəsində yenilikçi və islahatçı lider olduğu hamıya məlumdur. Dövlət başçısı atdığı addımlarla nümayiş etdirir ki, bütün imkanları ilə müstəqil dövlətçilik üçün çalışır. Azərbaycan xalqı öz Prezidentinin bu ali keyfiyyətlərini görür və ona yüksək etimad göstərməkdə davam edir. Bu baxımdan ölkə rəhbərinin dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibədə dərin məzmunlu, obyektiv, siyasi, iqtisadi və sosiomədəni maraqların təminatı kontekstində aktual olan məsələlər haqqında son dərəcə səmimi fikirlər ifadə etməsi böyük maraq doğurub. Bu, həm də İlham Əliyevin KİV-lə münasibətlərini şəffaf formada qurduğunun bariz nümunəsi idi. Prezidentin verdiyi cavablar olduqca maraqlı və məzmunlu olub.

Öncə onu vurğulayaq ki, dövlət başçısı heç bir sualdan yayınmayıb. Hər bir suala geniş, ətraflı, məntiqli və arqumentli cavablar verib. Ekspertlər üçün daha çox maraq kəsb edən məqamlardan biri isə, Prezidentin dövlətçilik nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyan bir sıra məsələləri ilk dəfə jurnalistlərə deməsi olub. Bu o deməkdir ki, dövlət başçısı KİV-in müasir cəmiyyətdə artan roluna ciddi əhəmiyyət verir və prinsipial dövləti məsələləri belə ictimaiyyətlə bölüşməyə hazırdır. Doğrudan da, İlham Əliyevin müsahibədə ifadə etdiyi fikirlər olduqca əhəmiyyətli idi və şübhəsiz ki, ictimai rəyə ciddi təsir edəcək.

Bu bağlılıqda Prezidentin 2019-cu ili Azərbaycan üçün xarakterizə etməsi maraq doğurur. İlham Əliyev öncə vurğulayıb ki, "...il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir". Yəni ölkə rəhbəri geniş və dərin təhlillər əsasında verilən proqnozlara üstünlük verir. Bu cür yanaşma dövlət başçısının irəli sürdüyü hər bir proqramın düşünülmüş, bütün strateji cəhətləri nəzərə alan və tam əsaslandırılmış olmasını təmin edən ciddi faktlardandır.

Bütövlükdə isə tam əminlik vardır ki, 2019-cu il Azərbaycan üçün uğurlu olub. Məsələn, xarici siyasətdə "...bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Deyə bilərəm, – mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi bildirmişəm, – qonşu ölkələrlə münasibətlər hesab edirəm ki, bütövlükdə hər bir ölkə üçün xüsusi məna daşıyır, o cümlədən Azərbaycan üçün. Mən çox məmnunam ki, son illər ərzində qonşu ölkələrlə bizim əlaqələrimiz inkişaf edir".

Bu fikirlərdə Prezident xarici siyasət üçün prinsipial əhəmiyyət daşıyan bir tezisi ifadə edib. Müasir şəraitdə müstəqil dövlət üçün ilk növbədə qonşuları və ənənəvi tərəfdaşları ilə əlaqələri inkişaf etdirmək vacibdir. Bu, çox doğru, praktiki aspektdə həm sosial-iqtisadi, mədəni inkişafa, həm də təhlükəsizliyə böyük töhfə verən mövqedir. Konkret olaraq, Azərbaycan Cənubi Qafqazda Türkiyə, Rusiya və İran kimi böyük dövlətlərlə ənənəvi tərəfdaşlığı dinamik olaraq inkişaf etdirib. Onların maraqlarını bu regionda milli mənafelər aspektində balanslaşdıra bilib. Eyni zamanda, qonşu ölkə olan Gürcüstanla da strateji xarakterli münasibətlər sistemi qurub. Buraya sosial, iqtisadi, energetika, nəqliyyat sferaları ilə yanaşı, həm də təhlükəsizlik aspekti daxildir. Bu səbəbdəndir ki, Azərbaycanın regional miqyasda yeritdiyi siyasət həm sabitləşdirici, həm də təhlükəsizliyi təminedicidir. Bu zaman Azərbaycan konkret olaraq fəaliyyət prinsiplərinə əsaslanır. Onları dövlət başçısı aşağıdakı kimi ifadə edib: "Bu əlaqələr qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulubdur. Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar olub. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib".

Əməkdaşlıq və təhlükəsizlik: regional və qlobal miqyaslarda Azərbaycanın uğurları

Burada müstəqil dövlətin digərləri ilə münasibətləri qurmaq prinsipləri ilə bütövlükdə regional əməkdaşlığa keçid mexanizmi öz nəzəri ifadəsini tapıb. Azərbaycan "qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında" əlaqələr qurur ki, onların yekun effekti də yeni regional əməkdaşlıq formatlarının meydana gəlməsidir. Bununla əlaqədar ölkə rəhbəri vurğulayır: "Artıq Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə bizim üçtərəfli əməkdaşlıq formatımız var. Bu format həm məna, həm də ki, əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır. Eyni zamanda, bizim başqa ölkələrlə ikitərəfli əlaqələrimiz inkişaf edibdir. Deyə bilərəm ki, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ki, ikitərəfli formatda. Bu baxımdan bu il rekord il olmuşdur".

Deməli, Azərbaycan yeni əməkdaşlıq formaları ilə ənənəvi formaları elə sintez edə bilir ki, nəticə yüksək səviyyədə səmərəli olur. İkitərəfli əməkdaşlıqdan üçtərəfli və dördtərəfli əməkdaşlığa və daha çox sayda dövlətlərin iştirak etdiyi beynəlxalq əməkdaşlığa dinamik olaraq keçmək mümkün olur. Dövlət başçısı bu il Azərbaycanda keçirilən iki mühüm beynəlxalq tədbirin nümunəsində bu cür yanaşmanın praktiki nəticələrini təqdim edib. Ölkə rəhbəri vurğulayıb: "Bu il ölkəmizdə önəmli beynəlxalq tədbirlər keçirilib. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etmək olar. Bildiyiniz kimi, Azərbaycan bu təşkilatda çox fəal rol oynayır və təşkilata sədrlik Azərbaycana keçibdir. Biz bu təşkilata bir il ərzində sədrlik edəcəyik. Eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilibdir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcəkdir".

Prezidentin ifadə etdiyi bu fikirlərdən maraqlı geosiyasi qənaətlər əldə edilir. Görünür ki, Azərbaycanın təşəbbüsü ilə həyata vəsiqə alan əməkdaşlıq formatları regional səviyyədə əməkdaşlıqla təhlükəsizlik məsələlərini uyğunlaşdırmağa geniş imkanlar açır. İkitərəfli əməkdaşlıq formatından üç və dördtərəfli əməkdaşlığa keçid son nəticədə çox sayda dövlətlərin iştirak etdiyi əməkdaşlığa transformasiya olunur. Türk dövlətlərinin sammiti bunun əyani sübutudur. Bundan başqa, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının sammitinin Azərbaycanda keçirilməsinə və ölkəmizin 3 il müddətində təşkilata sədrlik etməsinə nail olunub.

Özü də burada bir incə məqam mövcuddur. Qoşulmama Hərəkatına daxil olan bütün dövlətlər Azərbaycanın sədrliyinə yekdilliklə səs veriblər. İlham Əliyev vurğulayıb ki, həmin təşkilat daxilində ziddiyyətlər az deyil. Sadə dillə desək, bəzi ölkələr yola getmirlər. Buna baxmayaraq, onların hamısı Azərbaycanın sədrliyinə "hə" deyiblər. Belə yüksək nəticənin əldə edilməsi Azərbaycanın öz xarici siyasətində əməkdaşlıq prinsipləri ilə təhlükəsizliyin təmini şərtlərini harmonik şəkildə birləşdirə bilməsi ilə əlaqəlidir. İlham Əliyev həmin kontekstdə ifadə edir: "Qeyd etdiyim kimi, bizim sədrliyimiz yekdil qərarla qəbul olunub. Bunun çox böyük mənası var. Çünki Qoşulmama Hərəkatında birləşən ölkələrin arasında bəzi ixtilaflar var, qarşıdurma da var, anlaşılmazlıq da var. Bəzi ölkələr bir-biri ilə, sadə dildə desək, yola getmirlər. Belə olan halda, bütün dövlətlər tərəfindən bizə göstərilən dəstək əlbəttə ki, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var".

Bütün bunların fonunda dövlət başçısının qısaca təqdim etdiyi bir həqiqəti dərk etmək gərəkdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan yuxarıda vurğulanan qaydada əməkdaşlıq formatlarını regional səviyyədə əlaqələrin güclənməsinə və daha sonra beynəlxalq miqyasda əməkdaşlığa tətbiq etməyə nail olur, bunlar isə yekun olaraq qlobal miqyasda əməkdaşlıq təşəbbüsləri ilə çıxış etməyə imkan yaradır. İlham Əliyev bu bağlılıqda vurğulayır: "Azərbaycan sədrliyi dövründə bir neçə önəmli təşəbbüslə çıxış edəcəkdir. Bu təşəbbüslərin əsas mahiyyəti ondan ibarətdir ki, dünyada beynəlxalq əməkdaşlıq yeni pilləyə qalxsın və ölkələr arasında, o cümlədən sivilizasiyalararası məsələlər sağlam təməl üzərində öz həllini tapsın. Bizim bu sahədə çox böyük təcrübəmiz vardır".

Bunlardan çox aydın bir dinamika özünü göstərir: Azərbaycan hazırda regional və qlobal səviyyələrdə əməkdaşlıq təşəbbüslərini reallaşdıra bilən qüdrətə malikdir və onun birbaşa nəticəsi olaraq sivilizasiyalararası məsələlərin də həllinə keçmək mümkün olacaqdır!

Newtimes.az

Paylaş:
686

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər