“Yüksəliş” Azərbaycanda yeni nəsil idarəçilərini seçəcək | 1news.az | Xəbərlər
Müsahibə

“Yüksəliş” Azərbaycanda yeni nəsil idarəçilərini seçəcək

10:29 - 28 / 01 / 2020
“Yüksəliş” Azərbaycanda yeni nəsil idarəçilərini seçəcək

“Potensialınıza inanın. Öz gələcəyinizi yaradın”.

Bu çağırışla Azərbaycanda ilk “Yüksəliş” müsabiqəsinin təşkilatçıları istedadlı, intellektli və idarəçilik qabiliyyətli, eləcə də inkişaf edərək karyera qurmaq istəyən vətəndaşlara müraciət ediblər.

6600-dən çox iştirakçı bu çağırışa cavab olaraq Azərbaycanın gələcəyini təyin edən liderlər cəmiyyətinə düşmək üçün minlərlə idarəçiyə meydan oxudu. Daha 9 min nəfər isə qeydiyyata başladı, hazırda onlar lazımi məlumatların və sənədlərin yüklənməsi prosesindədirlər.

Yüksəliş – müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bazasının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.  

Qeyd edək ki, 2019-cu ilin iyulun 26-da Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Təşkilat Komitəsinin sədri, Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri, Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri, Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru isə Təşkilat Komitəsinin üzvləri təyin ediliblər.

Həmçinin müsabiqənin şərtlərinin təyin edilməsilə bağlı İşçi Qrupu da yaradılıb.

“Yüksəliş”  – islahatlar kursunun məntiqi hissəsi

Məlum olduğu kimi, bu gün Azərbaycan yeni islahatlar astanasındadır, ölkədə kadrların gəncləşdirilməsi prosesi aparılır. İslahatlar mütərəqqi düşüncə və müasir dünyagörüşə sahib gənc mütəxxəsislər tərəfindən həyata keçiriləcək.

Bu da öz növbəsində, ölkədə istedadlı, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi, habelə kadr ehtiyatları bazasının yaradılması üçün şəffaf mexanizmin formalaşdırılmasının zəruriliyi deməkdir. Bütün bunlar  “Yüksəliş” müsabiqəsinin təqib etdiyi vəzifələrdir.

“Müsbiqə Azərbaycan Prezidenti İlham Əliyevin kadr islahatlarının məntiqi davamıdır. Məlum olduğu kimi, müsabiqə ötən ilin iyulunda yaradılıb və 2019-cu il ümumilikdə ölkədə ciddi kadr dəyişiklikləri ilə yadda qalıb. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, ölkədə kadr dəyişiklikləri vaxtında aparılır. “Yüksəliş” 21-51 yaş arası hər bir ali təhsilli və rəhbər kimi müəyyən təcrübəyə malik Azərbaycan vətəndaşı üçün sosial lift layihəsidir”, – müsabiqənin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini  Fərhad Hacıyev 1news.az-a müsahibə zamanı müsabiqənin məqsəd və vəzifələrini bu cür xarakterizə edib.

Empati və qərar qəbul etmək bacarığı: lider hansı keyfiyyətlərə malik olmalıdır?

Müsabiqədə öz potensialına güvən özəl və ya dövlət sektorunda istənilən vəzifədə çalışanlar iştirak edə bilərlər. Müsabiqə bir neçə mərhələdə aparılacaq. Hər mərhələdə iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirməlidirlər.

 “Müsabiqədə iştirakçıların yüksək intellektual zəka, qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, diqqəti nəticələrə yönəltmək, strateji düşünmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin tətbiqi, innovativliklərin tətbiqi, sosial məsuliyyət kimi səlahiyyətləri qiymətləndiriləcək”, – İşçi Qrupunun rəhbəri qeyd etdi.

Nə üçün “Yüksəliş”?

Çünki layihə vətəndaşların özlərini və potensiallarını ifadə etmələri, yalnız xidmət pillələri ilə yüksəlmək deyil, həm də özlərini cəmiyyətə tanıtmaları üçün açıq fürsətdir. Bəlkə kimsə hesab edir ki, onun istedadı, imkanları və zəkası tam açıqlanmayıb, qiymətləndirilməyib və istifadə olunmayıb. Burada isə ona özünü göstərmək və həqiqətən ən yaxşısına layiq olduğunu özünə sübut etmək imkanı verilir.

Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunda “Strateji Baxış: Avrasiya” mövzusunda panel iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, bu gün hökumətdə yaxşı təhsili almış müasir baxışlı yeni insanlar dəvət olunub.

“İyirmi birinci əsrdə iyirminci əsrin baxışları ilə uğura nail olmaq mümkün deyil”, – dövlət başçısı iclas zamanı qeyd edib.

Dövlətin vəzifələrindən biri – savadlı və müasir düşüncəli gənclər yetişdirmək olduğunu dəfələrlə qeyd edən Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin inkişafına göstərdiyi diqqəti də vurğulamaq lazımdır.

Digər tərəfdən də dövlətin yaxşı kadrlara ehtiyacı var, xüsusən də müasir dünyada güclü dövlətin vacib amillərindən biri məhz onun kadr və intellektual potensialıdır. Bu gün kadr potensialının sızmasına imkan verə bilmərik, əksinə, onu qorumalıyıq. Kadr potensialının qorunması üçün onlara meydan təqdim olunmalıdır. “Yüksəliş” də məhz belə bir meydandır”, – F.Hacıyev əmindir.

Yeni nəslin liderləri necə müəyyənləşdiriləcək?

Qaydalara əsasən, müsabiqə beş turdan ibarətdir – qeydiyyat, onlayn-seçim, əyani seçim, yarımfinal və final.

Müsabiqədə iştirak hüququna malik olan şəxslər www.yukselish.az saytında Şəxsi Kabinetini yaratmalı, qeydiyyat (sorğu) formasını doldurmalı və qeydiyyatdan keçməlidir. Qeydiyyat 2020-ci ilin fevralın 2-si saat 18:00-a qədər davam edəcək.

Onlayn seçim mərhələsində qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi potensialları əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan dili və ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyat) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə) formatında keçiriləcək.

Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti Şəxsi Kabinetdə yerləşdirmiş iştirakçı Əyani mərhələdə iştirak hüququ qazanır. Bu mərhələdə iştirakçıların ümumi erudisiyaları ilə yanaşı, sosial intellekti, düşüncə sürəti və danışıq qabiliyyətləri də yoxlanılır. İştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, sözügedən mərhələdə əyani şəkildə iştirak edirlər.

İlk mərhələlər iştirakçıların baza biliklərini müəyyənləşdirmək üçün lazımdır, sonrakı mərhələlərdə isə onların yaradıcılıqları, komandada işləmək və qərar qəbul etmək bacarıqları müəyyən ediləcək”, – F.Hacıyev dedi.

“Üçüncü mərhələdən uğurla keçən iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların idarəetmə, komanda və fərdi şəkildə işləmək bacarıqları məşğələ və tapşırıq üsulu ilə yoxlanılacaq. İştirakçılar üçün fərdi inkişaf planının hazırlanması məqsədilə iştirakçılar ekspertlərin, insan resursları üzrə mütəxəssislərin və öz sahəsində peşəkar sayılan insanlar tərəfindən müsahibə olunacaq”, – o, sözlərinə əlavə etdi.

Təşkilatçılar tam şəffaflığa zəmanət verir

Müsabiqə təşkilatçıları tam şəffaflıq zəmanəti verirlər. Və inandırıcılıq üçün, layihənin bu məsələdə böyük təcrübəyə malik Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıqla həyata keçirildiyini göstərirlər.

“Fəaliyyətinin şəffaflığı və obyektivliyi ilə seçilən bir qurumla əməkdaşlıq edirik. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) universitetlərə, dövlət qulluğu orqanlarına apardığı qəbul imtahanları ilə ölçmək mümkündür.

“Yüksəliş” müsabiqəsinin iki onlayn-mərhələsi zamanı məntiqi düşüncə və intellektual biliklərin yoxlanılması DİM-in bazasında keçirilir. Və hətta mən İşçi Qrupunun rəhbəri kimi suallara giriş imkanına sahib deyiləm. Bu cür razılaşmışıq. Suallara giriş imkanı olan şəxslərin imtahan zamanı ətraf aləmlə əlaqə imkanları tamamilə məhdudlaşdırılacaq”, – F.Hacıyev bildirib.

Müsabiqənin onlayn mərhələsində dostlarından və ya tanışlarından onların yerinə cavab vermələrini düşünənlər üçün bəd xəbər.

Təəssüflər olsun ki, hər cəmiyyətdə elə insanlar var ki, öz məqsədinə doğru getmək əvəzinə özlərinə əziyyət verməyərək alternativ yollar axtaranlar da var. İmtahanların ilk mərhələsinin onlayn rejimdə keçirildiyi üçün iştirakçıların yerinə suallara onların tanışları və ya qohumlarının cavab verə bilmək təhlükəsi yaranır.

Əgər iştirakçılar arasında “dostundan xahiş edərək” onun yerinə suallara cavab verə biləcək biri varsa, xəbərdarlıq edirik ki, siz mütləq ifşa edilərək müsabiqədə iştirakdan kənarlaşdırılacaqsınız!

“Yüksəliş” müsabiqəsinin təşkilatçıları bu ehtimalı əvvəlcədən görərək öz sxemlərini hazırlayıblar. Əgər onlayn imtahanların birinci mərhələlərində belə işbazlar müsabiqənin növbəti mərhələlərinə keçməyi bacararsa, əyani imtahan zamanı onlar ifşa olunacaq, yoxlama testləri tətbiq olunacaq”, – İşçi Qrupunun rəhbəri xəbərdarlıq edib.

O, sözlərinə əlavə edib ki, bununla yanaşı, psixometrik suallarla hər bir iştirakçının nə dərəcədə səmimi olduğunu təyin etmək də mümkündür.

“Yüksəliş” stereotipləri qırmağı hədəfləyir

Azərbaycanda ilk müsabiqə olan “Yüksəliş” həmçinin cəmiyyətdə stereotipləri qırmağı da hədəfləyir.

Müsabiqənin qaydalarına əsasən, yarımfinal mərhələsindən uğurla keçən iştirakçılar final mərhələsinə vəsiqə qazanırlar. Final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəetmə bacarıqları xüsusi tapşırıqların (işgüzar oyunlar, sosial layihələr və onların həlli, eskpertlərlə iş, müsahibələr) köməyi ilə qiymətləndirilir. Bu mərhələdə iştirakçılar İdarəçi rəhbərlərlə görüşəcək, onlarla birgə işgüzar müzakirələr, dəyirmi masalar təşkil olunacaq.

“Xüsusi olaraq yarımfinala dəvət olunmuş İdarəçi rəhbərlərinin müşahidəsilə iştirakçılar komandada həmin idarəçilərin rəhbərlik etdikləri qurumun bu və ya digər “problem” və “tapşırıqlarını” həll etməyə çalışacaq. Komanda müzakirələrinə əsasən, mentorlar gələcəkdə işləmək istədikləri liderləri seçəcəklər. Bu, iştirakçılar üçün işə düzəlmədə ən azından özünü göstərmək imkanıdır. Digər sözlərlə ifadə etsək, qaliblər başqalarının köməyi olmadan öz karyeralarını özləri qura biləcəklər”, – nazir müavini söyləyib.

O, sözlərinə əlavə etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı tələbələrə müraciət edərək onları biliklərə yiyələnməyə çağırdı.

“Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi... Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi zamanı bildirib.

“Dövlət başçısının düzgün qeyd etdiyi kimi, indi işəgötürə artıq “tapşlı” insanlara ehtiyac duymur, bizə ixtisaslı kadrlar, öz sahələrində mütəxəssislər lazımdır.

Bu peşəkarların təqibi zamanı bəzən işəgötürənlər yaxşı, güclü kadrların hər bir şıltaqlığına hazırdırlar. Düşünürəm ki, bundan sonra “tapş”, “tanışlıq” kimi anlayışların yeri olmayacaq, bunlar təbii formada baş verəcək.

Dünya sürətlə inkişaf edir. Və bu dünyanın bir hissəsi olaraq biz də anlamalıyıq ki, əvvəlki “metodlar” artıq çalışımır və cəmiyyətdə də yeri olmamalıdır. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən son kadr islahatları, “Yüksəliş” layihəsi, dövlət qulluğunda dəyişikliklər – bütün bunlar bu dəyişimin əsas tərkib hissəsidir”, – F.Hacıyev söyləyib.

Ümumiyyətlə, İşçi Qrupunun rəhbəri müsabiqənin artıq formalaşdığını hesab edir:

“Bu gün 6600 iştirakçı qeydiyatdan keçib. Biz təqribən 5 min iştirakçını nəzərdə tutmuşduq.

Təşkilat Komitəsi paralel olaraq regionlarda da geniş maarifləndirmə kampaniyaları keçirir. Müsabiqə və təbliğatla əlaqədar ictimaiyyəti məlumatlandırmaq üçün artıq bölgələrə səyyar qeydiyyat avtobusları da təşkil edilib.

Təşkilat Komitəsinə Gənclər və İdman Nazirliyinin yerli şöbələri, Gənclər Fondu, Heydər Əliyev Mərkəzlərində “Karyera İnkişaf Mərkəzləri”, “Regional İnkişaf” İctimai Birliyi, Gənclər Mərkəzi və ASAN Xidmət də ciddi dəstək göstərir.

Həmçinin müsabiqənin FacebookInstagram rəsmi sosial şəbəkələri də yaradılıb.

Təşkilat Komitəsinin üzvləri sosial şəbəkələr vasitəsilə vətəndaşlara müraciət edərək layihədə fəal iştiraka çağırıblar.

Belə ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, iqtisadiyyat naziri Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb:

 “İstedadı, intellekti, idarəetmə bacarığı olan hər bir şəxs bu müsabiqəyə qatılaraq həm özünün fərdi inkişafına nail ola, həm də adını kadr ehtiyat bankına yazdıra bilər”.

Müsabiqəsinin Təşkilat Komitəsinin üzvü – gənclər və idman naziri Azad Rəhimov də gənclərə dəvət ünvanlayıb:

 “Əziz gənclər, “Yüksəliş” müsabiqəsinə qoşulmaqla uğurunuzu zəmanət altına almalı, xəyalınızdakı zirvəni hədəfləməlisiniz. Çünki hədəfinizə gedən ən yaxın yol məhz “Yüksəliş” müsabiqəsi olacaq.

Müsabiqənin karyera pilləsində yüksəlmək istəyən, iddialı, özünə güvənən gənclər üçün şans olduğunun vurğulandığı müraciətdə qeyd edilib ki, aydın fikri, kreativ düşüncələri, qətiyyətli xarakteri olan, XXI əsrin tələblərinə cavab verən, müasir bacarıqlara sahib gənclər irəli çıxmalı, ölkənin taleyüklü məsələlərinin həllində, dövlətin idarə edilməsində iştirak etməlidirlər. “Yüksəliş” sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur.

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin digər üzvü, təhsil naziri Ceyhun Bayramov istedadları ilə fərqlənən gənclərə dəvət ünvanlayıb:

Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə müraciət edərək, ölkəmizdə istedadlı uşaqlarla işin ümumi təhsil müəssisələrindən başladığını bildirib:

“Onların seçilməsi və sonrakı inkişafının təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və olimpiadalarda uğurla təmsil edən gənclərin ölkəmizə gətirdikləri medalların sayı ilbəil artır.

İstedadlı gənclər üçün təhsilin növbəti pillələrində də geniş imkanlar yaradılır, onların tam və hərtərəfli inkişafı üçün müxtəlif proqramlar təklif edilir”.

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək bazarında yüksəlmək istəyən peşəkarlara dəvət ünvanlayıb:

Nazir “Yüksəliş” müsabiqəsinin əmək bazarında yüksəlmək istəyən hər bir peşəkar üçün irəliyə doğru böyük bir addım olduğunu bildirib. O əlavə edib ki, bu baxımdan müsabiqənin hər mərhələsi yeni imkanlar yaradacaq:

“Yüksəliş” ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.

 “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafı məqsədilə Azərbaycan hökumətinin başladığı növbəti təşəbbüsdür. Bu təşəbbüsdə yüksək intellektual zəka və sosial məsuliyyət sahibi olanlar uğur qazanır. Müasir əmək bazarının əsas tələblərindən olan innovativlikləri tətbiq edən, dəyişikliklərə hazır olan və bu yanaşmaları öz fəaliyyət sahəsinə gətirməyi bacaranlar qalib gəlir. Bu müsabiqənin iştirakçılarında həm də qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi bacarıqlarına diqqət yetirilir. Strateji düşünənlər, komanda ilə işləməyi bacaranlar, büdcəni idarə edə bilənlər peşəkarlarla görüşmək, şəxsi inkişaf planları əldə etmək, hətta idarəçi rəhbərlərlə çalışmaq imkanı əldə edirlər”, – deyə əmək və əhalinin sosial müdafiəsi naziri bildirib.

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə liderlik bacarığı ilə seçilən dövlət qulluqçularına dəvət ünvanlayıb:

 “Dövlət qulluğu üzrə imtahanlarda qazandığınız təcrübə “Yüksəliş” müsabiqəsində də sizə faydalı ola bilər”.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq.

“Pul mükafatına gəlincə, qaliblər vəsatin bir hissəsini istədikləri qaydada sərf etmək hüququna, digər hissəsini isə öz təhsilinə sərf etməlidir. Bu, müsabiqənin ciddi qaydalarından biridir”. 

Lakin bu, mənim subyektiv fikrimdir ki, əgər mən müsabiqədə qalib gəlsəydim qarşıma uğurlu karyera qurmaq məqsədi qoyardım, 20 min manatın hamısını təhsilimə, yeni biliklərin əldə edilməsinə sərf edərdim. Lakin hər kəs nə edəcəyini özü qərarlaşdırır”, – deyə sonda F.Hacıyev fikrini yekunlaşdırdı.

Sahil Babayev "Yüksəliş” müsabiqəsində iştiraka çağırdı

Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb – VİDEO

Təhsil naziri gənclərə müraciət etdi – VİDEO

1news.az

Paylaş:
2946

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər