“Fairmont Baku”də “Taste of Japan” adı altında yapon mətbəxinin təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Fairmont Baku”də “Taste of Japan” adı altında yapon mətbəxinin təqdimatı keçirilib – FOTO

10:00 - 06 / 02 / 2020
“Fairmont Baku”də “Taste of Japan” adı altında yapon mətbəxinin təqdimatı keçirilib – FOTO

“Fairmont Baku” otelində yerləşən “Le bistro” restoranında Yaponiyanın “HİS” turizm şirkətinin və Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Taste of Japan” adı altında yapon mətbəxinin təqdimatı keçirilib.

Mərasimdə “Hagimura Seicha Limited” şirkəti tərəfindən istehsal olunmuş “Matça”, “Kabuseça”, “Sença”, “Gyokuro” yaşıl çayları, Vagyu mal ətindən və digər ərzaqlardan hazırlanmış Yaponiyanın ənənəvi təamları nümayiş olunub. Tədbirdə iştirakçılar Azərbaycanın “Şirin” qənnadı fabriki və “Herba Flora” şirkətinin məhsullarından da dadmaq imkanı qazanıblar.

Tədbirdə çıxış edən “HİS” şirkətin Türkiyə üzrə təmsilçisi Tursun Ablat qonaqları salamlayaraq təşrif buyurduqları üçün hər kəsə minətdarlığını bildirib. O, əvvəlcə şirkətin fəaliyyəti haqqında məlumat verib, sonra qonaqları təamlardan dadmağa dəvət edib.

“HİS” şirkətinin layihə meneceri Takasava Naoyuki yapon məhsullarının dünyada tanıdılması istiqamətində fəaliyyət göstərdiklərini söyləyib. Bildirib ki, bu istiqamətlərdən biri də Azərbaycandır. Natiq çıxışında qeyd edib ki, ölkəsinin ərzaq məhsullarının keyfiyyəti yüksək olsa da onları Azərbaycana gətirmək çətin olub. Diqqətə çatdırıb ki, təmsil etdiyi şirkət “Herba Flora” tərəfindən yapon çaylarının idxal edilməsinə köməklik göstərir. “Matça” çayının faydasından danışan T.Naoyuki bu çay növünün xüsusi dada malik olduğunu vurğulayıb. O, şirkətin tanıdılması istiqamətində sosial şəbəkələrdə paylaşımların edilməsinə ehtiyac olduğunu da deyib.

Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori vurğulayıb: “Bu gün mədəniyyətimizin bir hissəsi olan yapon mətbəxinin təqdim olunmasından şərəf duyuram. Son zamanlar Azərbaycanda yapon mətbəxinə maraq artımışdır. Restoranlarda “Suşi”nin dadına baxmaq istəyənlərin sayı günü-gündən artır. Ancaq yapon mətbəxi tək “Suşi”dən ibarət deyil. Yaponiyada vagyu mal əti də çox məşhurdur. Bu ətdən təkcə kabab deyil, başqa xörəklər də hazırlamaq mümkündür. Dubaydan gələn yapon aşbazları artıq bu ətin hazırlanma texnologiyasını ustad dərslərində izah ediblər”.

“Şirin” qənnadı fabrikinin direktoru Yusif Əliyev şirkətlərin əməkdaşlığını ölkələr arasında mədəni-mənəvi əlaqələrin yaranmasında zəmin olduğunu bildirib. O, qeyd edib ki, “Şirin” qənnadı fabriki “Matça” şokoladının beş növünü hazırlayacaq. Bu şokoladlar azərbaycanlılar üçün yeni daddır və biz onun Avropa bazarında da seviləcəyinə ümid edirik”, - deyə Y.Əliyev əlavə edib. O, tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə Yaponiyanın ölkəmizdəki səfirliyinə öz təşəkkürünü bildirib.

“Herba flora” şirkətinin həmsədrləri Rəşad Ağayev və Füzuli Hüseynov hər iki ölkə arasında iqtisadi körpünün qurulmasından məmnun olduqlarını bildiriblər. Həmsədrlər qeyd ediblər ki, çayların Yaponiyadan Azərbaycana gətirilməsi – biznes əlaqələri əslində xalqlarımızı bir-birinə yaxınlaşdırır. “Azərbaycan istehlakçısı Yaponiya dedikdə yüksək texnologiyalar haqqında düşünür. Ümidvaram ki, bizim istehsal etdiyimiz çayda azərbaycanlılar əsl yapon keyfiyyətini hiss edəcəklər. Biz Yaponiyada olarkən onların çaya necə həssaslıqla yanaşdıqlarının şahidi olduq. Buna görə də bu çayın Azərbaycana gətirilməsi haqqında düşündük. Əminəm ki, siz də bu çayı sevəcəksiniz”, - deyə R.Ağayev əlavə edib.

Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinin nümayəndəsi Furuiçi Viqeru nazirliyin bu layihəyə dəstək olduğunu bildirib. Qeyd edib ki, nazirlik yapon məhsullarının təhlükəsiz və etibarlı olduğu üçün dünyada tanıdılmasına çalışır. Onu da qeyd edib ki, Yaponiya vagyu mal ətinin Azərbaycana idxal olunmasında maraqlıdır. Qida sənayesində “Herba Flora” iki ölkə arasında körpü rolunu oynayır və bu layihə ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərəcək.

İBİO şirkətin direktoru İrana Məmmədzadə bildirib ki, hazırda Azərbaycanda vagyu əti, həmçinin digər yapon qida məhsullarını bu şirkətdən almaq mümkündür.

İBİO şirkəti bu layihədə Yaponiyadan gələn vagyu ətinin idxalı ilə məşğuldur, bundan əlavə Yaponiyadan gələn istənilən qida məhsullarını idxal edir. İndiyə kimi Azərbaycana idxal olunan bütün məhsullar Rusiya və ya Avropa yolu ilə gəlir və bunların hamısı sırf Yaponiya qida məhsulları deyil, ona görə bundan sonra Azərbaycanda istənilən yapon qida məhsullarını İBİO şirkətin vasitəsi ilə alına biləcək.

Qeyd edək ki, tədbir çərçivəsində Yaponiyanın məşhur “Kohantei” restoranının və yerli aşbazların qarşılıqlı şəkildə ustad dərsləri də keçirilib.

Reklam hüququnda

Paylaş:
950

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər