MDB missiyası parlament seçkilərini yüksək qiymətləndirdi

"Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazırlıq yüksək səviyyədə idi”.
1news.az-ın məlumatına görə, bunu MDB müşahidə missiyasının rəhbəri, MDB-nin İcraiyyə Komitəsi sədrinin birinci müavini - İcraçı katibi Viktor Quminski deyib:
“Müşahidələrimiz bizdə xoş təəssürat yaratdı. Seçkilər milli qanunvericiliyə uyğun olaraq, rəqabətli, azad və demokratik seçkilər prinsiplərinə uyğun keçirildi. MSK seçkilərə ardıcıl və ahəngdar şəkildə hazırlaşmışdı, seçicilər və komissiyalar üçün hər cür şərait yaradılmışdı".
Onun sözlərinə görə, müşahidə missiyasında seçkilərlə bağlı məlumat və materiallara tam çıxış imkanı olub: “Bütün seçki məntəqələri seçkilərə tam hazır vəziyyətdə idi. Vətəndaşlardan şikayət daxil olmayıb.
Namizədlərinin sayının çox olmasını müsbət element kimi dəyərləndiririk, çünki belədə insanların seçim üçün alternativi çox olur”.
Missiya rəhbəri seçki gününə qədər bir sıra dövlət qurumları ilə görüşlər keçirdiklərini və daxil olan şikayətləri analiz etdiklərini deyib: "Seçki günündə isə MSK-ya 260 müraciət daxil olub, onların çoxu kiçik nöqsanlardır. Lakin müraciətlərin hamısı ilə bağlı tam məlumatımız yoxdur. Biz öz qeydlərimizi seçkinin rəsmi nəticələrindən sonra təqdim edəcəyik. Onu da bildirmək istərdim ki, yerli və beynəlxalq müşahidəçilərin sayı da kifayət qədər yüksək olub. Bu da seçki prosesini izləməyə böyük imkan verib. Biz hamımız gördük ki, hardasa seçki məntəqəsinin vaxtında açılmaması ilə bağlı məlumat yoxdu. Səsvermə sakit və yüksək şəkildə təşkil olunub. Bəzi nöqsanlar qeyd edilib, məsələn, 15-ci dairənin məntəqələrindən birində ikinci dəfə səs vermək cəhdinin qarşısı müşahidəçi tərəfindən alınıb. Lakin dediyim kimi nöqsanlar əhəmiyyətli dərəcədə deyil".
V.Quminski növbədənkənar parlament seçkilərinin keçirilməsinin Azərbaycanda islahatların genişləndirilməsi və davam etdirilməsi baxımından mühüm addım olduğunu da vurğulayıb.
B.Cahandarov