Vüqar Rəhimzadə: “ASAN xidmət” layihəsi Azərbaycanın dünyada bir brendidir

Prezident İlham Əliyevin Kürdəmirə səfəri çərçivəsində gənclərlə görüşündə çıxışı zamanı kifayər qədər önəmli mesajlar verildi. Cənab Prezident gələcək gəncliyin Azərbaycan dövləti, dövlətçiliyi üçün qarşısında duran hədəflərin nədən ibarət olduğunu göstərdi.
1news.az-ın verdiyi xəbərə görə, bunu 1news.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışındakı çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:
“Cənab Prezident çıxışında Azərbaycanda sosial, eyni zamanda ictimai islahatların həyata keçirilməsini vurğulamaqla yanaşı, parlament seçkiləri ilə bağlı məsələlərə də toxundu. Cənab Prezidentin mövqeyi qətidir, birmənalıdır. Onun mesajında açıq şəkildə bildirildi ki, qanun pozuntuları ciddi şəkildə araşdırılmalı, qanunu pozan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Çünki kimliyindən asılı olmayaraq qanun pozuntusuna yol verən hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının dünən keçirilmiş iclasında da bu məsələ geniş müzakirə olundu və kifayət qədər sərt qərarlar qəbul olundu, bir neçə dairədə seçkilərin nəticələri ləğv edildi”.
V.Rəhimzadə ölkə Prezidentinin Asan xidmət mərkəzləri ilə bağlı fikirlərinə də münasibət bildirib. Qeyd edib ki, “ASAN xidmət” layihəsiAzərbaycanın dünyada bir brendi və ən böyük sosial layihələrindən biridir:
“Dünyanın bir çox ölkələri bu xidməti təqdir etməklə yanaşı, özlərində də tətbiq etmək istəyirlər. “ASAN xidmət” mərkəzlərinin sayının artması insanlara göstərilən xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla yanaşı, onların rahatlığını və məmnunluğunu da təmin etmiş olur. Buna görə də bu layihə hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir”.
1news.az