Tural Gəncəliyev: “Neqativ, təhqiramiz sözlər yazırlarsa demək, doğru yoldayıq” – MÜSAHİBƏ
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqrımının 28-ci ildönümü yaxınlaşır.
1news.az bununla bağlı Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyevdən müsahibə alıb. İcma sədri müsahibəsində Xocalı soyqırımının ildönümü ilə bağlı keçiriləcək tədbirlər, erməni icması ilə görüş, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən debatdan və digər məsələlərdən danışıb. Həmin müsahibəni təqdim edirik:
- Xocalı soyqırımın 28-ci ildönümü yaxınlaşır. Bununlar bağlı nə planınız var?
- Xocalı soyrıqımı ilə bağlı ilk olaraq bizim icmamızın fəaliyyət planında çoxlu tədbirlərin keçirilməsi nəzərdə tutulur. İcmamızın üzvləri Avropada keçirilən Ümumavropa yürüşündə iştirak edəcəklər. Bununla bağlı artıq müraciət etmişik. Avropada olan gənclər, icma üzvləri bu yürüşdə fəal iştirak edəcək. Ölkə daxilində isə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcəyik və Xocalı soyqırımı ilə bağlı artıq bəzi videoçarxlar, müraciətləri sosial şəbəkələrdə paylaşmağa başlamışıq.
- Bu günə qədər də bir çox tədbirlər keçirilib, həmin tədbirlərin hansısa təsiri olubmu?
- Təbii ki, Xocalı soyqırımı ilə bağlı tədbirlərdən danışırıqsa ilk olaraq "Xocalıya ədalət" beynəlxalq kampaniyasından söz açmalıyıq. Ermənilərin törətdiyi vəhşiliyi dünyaya çatdırmaq üçün çox önəmli işlər görürüb, filmlər çəkilib, xarici jurnalistlər məlumatlandırılıb, dünyanın məşhur nəşrlərində Xocalı soyqırımı ilə bağlı yazılar dərc olunub. "Xocalıya Ədalət" kampaniyası çərçivəsində "Sonsuz dəhliz" filminin çəkilməsi bir neçə il əvvəl çox böyük əks-səda doğurmuşdu. Bu işlərdə əsas məqsəd Xocalı soyqırımının dünyanın daha ölkəsi tərəfindən tanınmasına nail olmaqdı.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bəyanatları çox mühim bir haldır ki, artıq BMT-də rəsmi sənədlər kimi yayılır. Sonuncu bəyanatımızda Xocalı Soyqırımı ilə bağlı xüsusi bir bənd var, orada Xocalı soyqırımı, erməni təcavüzü və Ermənistanın işğalçı siyasəti ilə bağlı məsələ BMT-nin bütün ölkərinə yayılır. BMT-nin sənədi kimi bizim bəyanatımızın yayılmasını artıq müxtəlif ölkələr öz mətbuatlarında çap edirlər. Bu həm də BMT-nin arxivində bir sənəd kimi qalacaq, 100 il sonra da baxanda orada Xocalı soyqırımı rəsmi bəyanatda qeyd olunur. Bu çox mühüm məsələdir.
- Bu təbliğat işləri daha çox hansı ölkələrdə hansı ölkələrdə aparılır?
- Biz əlimiz çatan bütün ölkələrdə təbliğat işlərini aparırıq və daha da genişləndiririk. Fəaliyyətin eyni zamanda sosial şəbəkələrdə aparılmasında əsas məqsəd odur ki, biz coğrafi regionlarla məhdudlaşmırıq. Təbii ki, bizim üçün prioritet ATƏT-in minsk qrupunun həmsədrləri, üzvləri olan ölkələr, Avropa İttifaqına daxil olan ölkələr və başqalarıdı. Biz beynəlxalq səfərlərimizdə də Xocalı soyqırımı, Ermənistanın təcavüzçü siyasətindən, Ermənistan-Azərbaycan münaqişəsindən danışırıq. Çəkdiyimiz videoçarxlarda da bizim dağıdılmış evlərimiz, məhv edilən tarixi abidələrimiz, amansızlıqla öldürülən insanlarımız barədə məlumatları nəzərə çatdırırıq. Bu tipli məsələləri hər zaman dünyaya çatdırmağa çalışırıq.
- Siz erməni icması ilə görüşlərə də razı olduğunuzu demişdiniz. Sizin bu təklifinizə qarşı tərəfdən hansısa bir cavab gəlibmi?
- Bizim təklimizə konkret cavab gəlmir. Amma biz görürük ki, erməni icması bizim fəaliyyətimizi xüsusilə sosial şəbəkələrdən çox yaxından izləyir. Onların şərhləri, bizə olan reaksiyalarından görürük ki, onlar bizim fəaliyyimizdən çox narahatdılar. Onlar bizim sosial şəbəkələrdə hesablarımıza şərh yazanda neqativ, alçaldıcı, təhqiramiz sözlər yazırlar. Bu da onu göstərir ki, biz doğru yoldayıq. Deməli onların qıcıqlanmasının, bizim fəaliyyətimizi qəbul etməməsinin səbəbi odur ki, biz onları həssas yerlərindən vura bilirik.
- Sosial şəbəkələr dövrümüzün ən yaxşı təbliğat vasitələrindəndir. Azərbaycan gəncləri sosial şəbəkələrdə erməni gənclərlə mübarizə apara bilirmi? Bu sahədə hansısa addımlar atmağı düşünürsünüz?
- Bizim gənclər çox praqmatik, konstruktiv mövqe nümayiş etdirirlər. Onlar ermənilərin düşdüyü səviyyəyə düşmürlər. Gənclərimiz bizi dəstəkləyirlər, xüsusilə də icmanın son 1 ilki fəaliyyətində gənclərin daha sıx şəkildə topladığını görürük. Bu da bizim doğru yolda olduğumuzu göstərir. Gənclərimiz çox aktiv, fəal fəaliyyət göstərirlər. Biz gücümüzü gənclərimizdə tapırıq.
Mübarizə eyni zamanda virtual məkənda gedir. Çağdaş dünyamızın tələblərinə, çağırışlarına uyğun olan metodlardan istifadə edirik. Videoçarxlar, müraciətlər paylaşırıq. Məsələn, bu günlərdə yeni bir kampaniya başlamışıq. Qarabağ İcmasının bütün üzvləri müxtəlif dillərdə videomüraciətlər edirlər. Bu müraciətlərdə erməni işğalına son qoyulması tələb olunur. Bu yöndə işlərimizi daha da yaxşılaşdıracayıq.
- Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Prezidentimiz İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı faktlarla susdurdu. Artıq bir neçə dəfədir ki, İlham Əliyev Paşinyanı sərt şəkildə susdurur. Bu debatla bağlı fikirlərinizi bilmək istərdik.
- Həmin debat çox gözəl oldu. Prezidentimiz Ermənistanın Baş nazirini çətin vəziyyətə saldı. Açığı desək bu gözlənilən idi. Paşinyanın son zamanlar siyasi faəliyyəti, verdiyi bəyanatlara baxanda onun qeyri-peşəkar, məsələnin detallarından xəbəri olmayan bir şəxs kimi görüntüsü var. Cənab Prezident ona suallar verir, o isə olmayan, eramızdan əvvəl qondarma erməni dövlətinə istinad edir. Çox gülünc bir haldır. Cənab Prezident bir neçə məsələni qeyd elədi, birincisi öz müqəddəratını müəyyən etmə, bu çox mühimdir, Azərbaycan torpaqları hesabına ikinci erməni yaradılmayacaq, bu çox gözəl formada qeyd olundu. Digər bir məsələ ondan ibarətdir ki, 1923-cü ildə adı dəyişdirilən Xankəndi şəhərinə istinad edildiyi halda yenə Paşinyan qayıtdı öz köhnə valını qoşub eramızdan əvvələ gedib çıxdı. Bu da onu göstərir ki, həqiqətən də elə torpaqlarda öz qədimliyini göstərirsə onda nəyə görə 1923-cü ildə erməni bolşeviki və qulduru Stepan Şaumyanın adını qoyur?! Buradan nəticə çıxır ki, onların tarixi uzaqlara getmir.
Cənab Prezident çox gözəl vurğuladı ki, gedib başqa yerlərdə özlərinə müqəddərat təyin edə bilərlər. Beynəlxalq hüquqda “terra nullius” termini var, mənası insan olmayan yer deməkdir. Buyursunlar getsinlər Yer kürəsindən və ya başqa planetlərdə harada “terra nullius” tapırlarsa orada öz müqəddəratını təyin etsinlər. İkinci dünya mühabribəsindən sonra müstəmləkə sistemi çökdü. Ölkələr, xalqlar azad oldu, müstəqillik əldə etdilər. 1960-cı ildə BMT-nin Baş Assambleyası 15-14 saylı qətnamə qəbul etdi. Dedi ki, artıq müstəmləkə ölkələri yoxdur. Öz müqəddəratını təyin etmə o vaxta aiddir. Ona görə də Ermənistan yalandan öz müqəddəratını təyin etmək adı ilə ərazi bütövlüyünü dağıdan bir prinsipi irəli qoyursa bu onların necə bir dövlət olduğunu göstərir.
- Düşməni tanımaq üçün onun dilinin bilinməsi vacib məsələlərdən biridir. Bununla bağlı hansı işlər görülür?
- Biz düşmənimizin həm hərfi mənada, həm də məcazi mənada dilini öyrənməyə çalışırıq. Erməni dilini öyrənmək üçün icma tərəfindən kurslar təşkil olunur və həmçinin düşmənin istifadə etdiyi yolları öyrənməyə çalışırıq ki, atdıqları addıma cavab verək. Düşmənimizi ifşa etmək üçün onları hərtərəfli öyrənirik. Xüsusilə də erməni dilini bilmək bizim üçün əhəmiyyətlidi. Çünki onlar tarixən Azərbaycan, Türk dilini yaxşı öyrəniblər. Bu da təbiidir, çünki biz Qafqazda titul xalq olduğumuza görə təbiidir ki, ermənilər hər zaman Azərbaycanın bayrağı altında yaşadıqlarına görə bizim dilimizi öyrənməy özlərinə borc bilirlər. Amma indi dünya dəyişib, biz onların dilini öyrənib onlara qarşı daha effektiv mübarizə aparmaq istəyirik və aparacayıq.
- Fevralın 9-da keçirilən parlament seçkilərində siz də namizliyinizi vermişdiniz və səs çoxluğu ilə 122 saylı Xankəndi Seçki Dairəsindən lidersiniz. Millət vəkili seçiləcəyiniz təqdirdə Milli Məclisdə hansı məsələləri qaldırmaq barədə düşünürsünüz?
- Əgər Konstitusiya məhkəməsi tərəfindən mandat təsdiqlənərsə ilk növbədə 122 saylı Xankəndi Seçki Dairəsindən olan seçicilərimizin qayğılarını, niyyətlərini, mesajlarını çatdırma çalışacağam. Bundan başqa biz İcma olaraq eyni zamanda seçilmiş rəsmi nümayəndə kimi də parlamentdə təmsil olunacayıq ki, bu da bizim gücümüzə qatır. 1992-ci il ATƏT-in məşhur Helsinki Zirvə toplantısının sənədlərinə uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanlı icması olaraq maraqlı tərəf kimi həm seçicilərimizi, həm də İcmamızı daha yaxşı təmsil etmək gücündə olacağıq.
Qafar Ağayev