“Türk Hava Yolları” Naxçıvana uçuşları müvəqqəti dayandırıb: KORONAVİRUSA GÖRƏ
“Türk Hava Yolları”nın idarə heyətinin rəhbəri İlker Aycı yeni növ koronavirusun yayılması ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, o, İran ərazisində koronavirusun aşkarlanması səbəbindən Naxçıvana nəzərdə tutulan aviareyslərin müvəqqəti dayandırıldığını, Bakı və Gəncə reyslərinin isə qrafikə uyğun davam etdirildiyini bildirib.
Qeyd edib ki, virusun Türkiyə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə 250-dən çox təyyarədə dezinfeksiya işləri aparılıb, 22 ölkə vətəndaşlarının Türkiyəyə girişinə qadağa qoyulub. Koronavirus riski olan bölgələrdən türk vətəndaşlarının təxliyəsi davam etdiriləcək.
Çin, İran və Bəhreynə aviareyslərinin təxirə salındığını deyən İ.Aycı bildirib ki, Pekinə uçuşların martda bərpası ilə bağlı müzakirələr aparılır. Hazırda bu ölkələrə olan bütün aviareyslər dayandırılıb.
S.Xankişiyeva