Milli Paralimpiya Komitəsinin prezidenti Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
1news.az-ın xəbərinə görə, görüşdə MPK prezidenti İlqar Rəhimov qonağa komitənin fəaliyyəti, əldə olunan nailiyyətlər barədə və eyni zamanda Bakıda keçiriləcək “IBSA JUDO GRAND PRIX BAKU 2020” və bu il baş tutacaq “Tokio 2020” Yay Paralimpiya oyunlarına hazırlıq barədə məlumat vermişdir.
Komitə prezidenti Azərbaycanda əlilliyi olan uşaqların idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə Uşaq Paralimpiya Hərəkatının yaradıldığını da qeyd edib və bildirib ki, hər il bu hərəkatdan çıxan paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda uğurla ölkəmizi təmsil edirlər.
2019-cu ilin noyabr ayında keçirilən “Yenilməzlər” beynəlxalq qala təqdimatı haqqında məlumat verilmiş və regionlarda bu layihənin davam etdirilməsi planlaşdırıldığı qeyd edilmişdir.
İ.Rəhimov MPK-nın Yaponiya Paralimpiya Komitisə ilə yaxından əməkdaşlıq etdiyini qeyd edib. Eyni zamandan Komitə prezidenti Azərbaycan paralimpiyaçılarının “Tokio-2020” Yay Paralimpiya oyunlarına Yaponiyanın İşikava prefekturasının Şika şəhərində təşkil ediləcək “Host town” proqramı çərçivəsində hazırlaşacaqlarını bildirib, bununla əlaqədar cari ilin fevral ayının 24-də Şika şəhər meriyasında keçirilən görüş zamanı Anlaşma Memorandumunun imzalandığını vurğulayıb və yapon xalqına yaradılan şəraitə görə təşəkkürünü cənab səfirə çatdırıb.
Azərbaycanda əlillərlə bağlı sosial proqramlara böyük diqqət və qayğı göstərdiyini qeyd edən İ.Rəhimov məhz bu məqsədlə MPK tərəfindən Beynəlxalq Abilimpiya Federasiyasına üzv olmaq üçün müraciət edildiyini və üzvlük haqqında müvafiq qərarın qəbulundan sonra Azərbaycanda Abilimpiya Federasiyasının təsis olunacağını bildirib.
Səfir Teruyuki Katori öz növbəsində ölkəsinin paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, Paralimpiya Komitəsi ilə əlaqələrin qurulmağını vacib hesab edərək müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəklədiyini bildirmişdir. Eyni zamanda cənab səfir MPK ilə Yaponiya Paralimpiya Komitəsi arasından olan əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan paralimpiyaçılarının Yaponiyanın Şika şəhərində “Tokio-2020” Yay Paralimpiya oyunlarına hazırlıq keçməsini hər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdiyini bildirib.
Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov iştirak edib.
1news.az




