Hikmət Babaoğlu : “Azərbaycan Prezidenti ən çətin anlarda belə öz proqramını dəyişmir”

“Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır. Bəzən Prezidentimizi cəbhə xəttində, bəzən regionlarda, ən ucqar rayonlarda görürük”.
Bunu 1news.az-a V çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, ən çətin anlarda belə Azərbaycan Prezidenti öz proqramını dəyişmir, prioritet hesab etdiyi məsələlərin həlli üçün addımlar atır.
“Bu günlərdə Azərbaycan Prezidentinin regionlara səfəri məhz bu kontekstdə qiymətləndirilməlidir. Regionların inkişafı Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Hazırda dünyada bir çox liderlər planlaşdırdığı tədbirləri, səfərləri ləğv edir amma Azərbaycanda bunun tam əksinin şahidi oluruq. Azərbaycan Prezidenti birbaşa əhali ilə ünsiyyətdə olur, onların problemlərini dinləyir, onları həll edir, yeni açılışlar edir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi bütün dünyanı təhdid edən koronavirus epidemiası ilə bağlı ölkəmizdə vəziyyin sabit olmasından xəbər verir. Bu vəziyyətdə bir lider kimi Azərbaycan Prezidentinin öz xalqının yanında olmasından xəbər verir”.
H.Babaoğlu bildirib ki, bu məsələnin başqa bir istiqaməti iqtisadi məsələlərlə bağlıdır.
“Hələ 2004-cü ildə Azərbaycan Prezidenti qeyd etmişdi ki, Azərbaycan təkcə Bakıdan və Abşeron yarımadasından ibarət deyil, bütün regionlarımız inkişaf etməlidir. Məsələləri bu kontekstdə qiymətləndirəndə görəcəyik ki, bu vaxta qədər olan dövr ərzində Azərbaycanın regionları hər bir kommunikasiya ilə təmin olunub, onların yaşam şərtləri və sosial rifahları yüksəldilib. Elə ötən gün Goranboy, Şəmkir və Qazaxda açılışı edilən müəssələr də regionlarda lokal mərkəzlərə çevrilməklə Azərbaycan xalqına xidmət edəcək. Ona görə də mən düşünürəm ki, səfərlər həm Azərbaycanın inkişafının göstəricisidir, həm Azərbaycan Prezidenti ilə Azərbaycan xalqının ümumilli amallar naminə vəhdətdə olduğunun göstəricisidir. Bu da nəticə etibarı ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən dəstəklənməsi və siyasətin xalqa xidmət etməsidir”.
Qafar Ağayev