Bakı metrosunda maska satan şəxs saxlanıldı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda maska satan şəxs saxlanıldı – VİDEO

14:12 - 05 / 03 / 2020
Bakı metrosunda maska satan şəxs saxlanıldı – VİDEO

Sosial şəbəkədə Bakı metrosunda bir şəxsin sərnişinlərə tibbi maska satması ilə bağlı görüntülər yayılıb.

1news.az-ın məlumatına görə, görüntülərdə üzünə maska taxmış bir şəxsin vaqonun içində gəzərək maska satdığı görülür. Bu hal sərnişinlərdən biri tərəfindən telefona çəkilib və sosial şəbəkələrdə yayılıb.

Sərnişinlər həmin şəxsin maskanı 2 manata satdığını bildiriblər.

Məsələ ilə bağlı 1news.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, həmin hadisə martın 3-də baş verib:

“Martın 3-də Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları həmin şəxsi saxlayaraq operativ tədbir görüblər. Aparılan araşdırma zamanı həmin şəxsi Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov olduğu müəyyənləşdirilib və qanunvericiliyin tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub”.

B.Məmmədov əhaliyə müraciət edərək onları bu kimi məsələlərdə daha həssas olmağa çağırıb:

“Məlum olduğu kimi, koronovirusla bağlı mövzu günümüzün həssas məsələlərindən biridir. Maddi maraq naminə kimlərinsə yaranmış vəziyyətdən sui-istifadə etməsi yolverilməzdir. Bu baxımdan istəyərdik ki, sərnişinlərimiz fəal vətəndaşlıq mövqeyi nümayiş etdirsinlər. Bunun üçün onların əlində hər bir əsas var. Belə ki, qaydalarda sərnişinlərin hüquqları ilə yanaşı vəzifələri də təsbit olunub.

Elə həmin videonu çəkən şəxs də maska satan şəxsə öz mövqeyini bildirə və ya maşinistlə, Metropoliten işçisi ilə, polislə əlaqə saxlaya və onlara hadisə ilə bağlı məlumat verə bilərdi. Yəni. Bu cür halların təkrarlanmaması üçün sərnişinlərimiz daha diqqətli olmalı və arzuolunmaz hər hansı bir məsələyə operativ şəkildə adekvat reaksiya verməlidirlər”.

Xatırladaq ki, Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxışı zamanı maska qıtlığından danışan zaman ölkədə kifayər qədər maska ehtiyatlarının olduğunu bildirib və vəziyyətdən öz xeyirlərinə qanunsuz olaraq istifadə edənlərə qarşı ən sərt cəza tədbirlərinin görülməsi ilə bağlı göstəriş verib.

B.Cahandarov

Paylaş:
1262

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər