Şəhidimiz ingilis dili müəllimi imiş – FOTO

Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu ingilis dili müəllimi imiş.
1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.
“Çox böyük ağrı hissi ilə bildiririk ki, dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində əsgər Orxan Paşazadə düşmənin snayper gülləsi ilə şəhid olub. O, ötən il Naxçıvan universitetini ingilis dili müəllimliyi ixtisası üzrə bitirib. Orxanın atası Nazim müəllim də Cəlilabadın Cəfərxanlı kənd orta məktəbinin tarix müəllimidir. Bu gün şəhid Orxan Paşazadə Cəlilabadın Cəfərxanlı kəndində dəfn olunacaq.
Allah rəhmət etsin!”- deyə, C.Valehov qeyd edib.
Xatırladaq ki, dünən saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
1news.az