Azərbaycan Belarusa ilk neft tankerini göndərib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusun “Belneftexim” konserni üçün Azərbaycan nefti ilə dolu tutumu 85 min ton olan ilk tankeri Ceyhan limanından Belarusa yola salınıb.
Bu barədə 1news.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
“Tutumu 85 min ton olan ilk tanker Ceyhan limanından Belarusa yola salınıb. İkinci tankerin isə martın 20-nə qədər yola salınacağı nəzərdə tutulur. Bu tankerlə də təqribən 85 min ton neft nəqli planlaşdırılır”.
Martın 2-də Belarusa tankerin göndəriməsilə bağlı plan barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bəyan edib. Daha əvvəl “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko qeyd edib ki, şirkət SOCAR ilə 160 min ton neft nəql edəcəyilə bağlı razılığa gəlib.
Fevralın 27-də Minskdə mart ayının neft nəqli ilə bağlı iki şirkətlə – “Safmar” və “UDS neft” ilə danışıqlar aparıldığı məlumat verilib. Gözlənilir ki, “Safmar” Belorusa 300 min ton neft göndərəcək.
S.Xankişiyeva