Koronavirusla bağlı şayiələr yayanlar cərimələnəcəklər – MƏBLƏĞ

Koronavirusla bağlı həqiqətə uyğun olmayan şayiələr yayanlar cərimələnəcəklər.
1news.az-ın məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir.
Beləliklə, koronavirusla bağlı şayələr yayılması ilə bağlı fiziki şəxslər 100 manatdan 500 manatadək, vəzifəli şəxslərin 2 min manatdan 5 min manata qədər cərimələnəcəklər. Bundan əlavə, yol verilən bəzi hallara görə isə 1 aylıq inzibati həbs qəti imkan tədbirinin seçilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Eyni zamanda Cinayət Məcəlləsinə karantin rejimlərini pozanlarla bağlı yeni maddə əlavə edilməsi təklif olunur.
Yeni maddəyə əsasən, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Bu layihə də Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
1news.az