Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

17:55 - 21 / 03 / 2020
Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilib

Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən məlumat portalı (www.koronavirusinfo.az) istifadəyə verilib.

1news.az-ın verdiyi xəbərə görə, portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar, dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər və operativ xəbərlər öz əksini tapıb.

Azərbaycan hökumətinin əhalinin sağlamlığının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyənləşdirdiyi qaydalar, təlimatlar və tövsiyələr portalda operativ şəkildə vətəndaşların diqqətinə çatdırılır.

Vətəndaşlar portala müraciət etməklə interaktiv qaydada onları maraqlandıran suallara cavab ala biləcəklər.

Qeyd edək ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır.

Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunmuşdur.

Həmçinin, əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994-12-492-41-61, +994-12-492-75-54, +994-12-505-03-30, +994-12-505-13-33 nömrəli qaynar xətləri 2020-ci il 28 fevral tarixindən fəaliyyət göstərir.

Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixindən “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmiş və nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilmişdir.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, hazırda əhali arasında yoluxma halları aşkar edilməmişdir və narahatlıq üçün heç bir əsas yoxdur.

1news.az

 

 

 

 

Paylaş:
1131

Son xəbərlər

Bütün xəbərlər