Azərbaycanın vaxtsız itirdiyi “Alen Delonu” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın vaxtsız itirdiyi “Alen Delonu” - VİDEO

10:14 - 19 / 03 / 2020
Azərbaycanın vaxtsız itirdiyi “Alen Delonu” - VİDEO

Onu Azərbaycanın Alen Delonu adlandırırlar. Yaraşıqlı olduğu qədər həm də çox istedadlı aktyor idi. Yaratdığı obrazlarla milyonların könlündə taxt quran sənətkarlardan hesab olunur. Söhbət vaxtsız dünyadan köçən Xalq artisti Rafael Dadaşovdan gedir.

NEXT TV-nin “Yaddaş” rubrikası çərçivəsində hazırladığı növbəti video məhz mərhum sənətkarımıza həsr olunub.

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. Atası görkəmli aktyor Məlik Dadaşov, anası isə istedadlı aktrisa Sofiya Hüseynovadır.Gözünü açandan valideynlərinin səhnə sevgisi ilə böyüyən Rafael də aktyorluq peşəsini seçir.

1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirir. Taleyini səhnəyə başğlayan Rafael 1976-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasında çalışır. Teatrın səhnəsində bir-birindən fərqli, maraqlı obrazlar yaradır.

İlk dəfə teatr səhnəsinə “Ümid” psixoloji dramının tamaşasında oynadığı Zaur rolu ilə qədəm qoyur. O, həm də Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Burada da bir sıra yaddaqalan, uğurlu obrazlar yaradıb.

“Ordan-burdan” tamaşasında canlandırdığı Həmid obrazı ona böyük uğur gətirir

Qısa zamanda Rafaelin adı olduqca məşhurlaşır. Bir çoxları onu məşhur fransız aktyoru Alen Delona bənzədir. Səhnə cazibəsi, özünəməxsus jestləri ilə seçilən aktyor böyük tamaşaçı sevgisi qazanır. Onun yaratdığı mənfi obrazlar belə xarizmasının önündə əriyir.

Aktyor “Var olun qızlar” (İsa), “Yarımçıq qalmış serenada” (Saksafonçu), “Bəxt üzüyü” (Rasim), “Mənim ağ şəhərim” (Baş mühəndis) bədii, “Qaçaq Süleyman” (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib.

Rafael Dadaşovun ən yaddaqalan obrazlarından biri də “Bəxt üzüyü” filmində oynadığı Rasim obrazıdır. Hamı tərəfindən sevilən bu obraz onun şöhrətini daha da artırır.

Rafael Dadaşov 1987-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Ağır xəstəlikdən əziyyət çəkən aktyor martın 16-da 74 yaşında dünyasını dəyişdi. Bununla da Azərbaycan xalqı daha bir korifey sənətkarını itirdi.

Allah rəhmət eləsin!

Next TV-nin mərhum aktyor Rafael Dadaşova həsr etdiyi videonu təqdim edirik.

1news.az

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər