#Evdəqal aksiyasına məhəl qoymayan sakinlər karantin rejimini qeyri-adi üsulla pozub – FOTO

Paytaxt sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən martın 31-dən Azərbaycanda tətbiq olunan xüsusi karantin rejim qaydalarını pozmağa qeyri-adi üsul tapıblar.
Bu barədə jurnalist Murad Hüseynov Facebook sosial şəbəkəsində bir neçə Bakı sakininin toplaşaraq binanın damında domino oynamasının əks etdirən foto paylaşıb. Bununla da sakinlər xüsusi karantin rejiminin Azərbaycan vətəndaşlarının evdən küçəyə çıxmaması və az insanla təmasda olması tələbini pozublar.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
Həmçinin evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürmək lazımdır.
Qeyd edək ki, martın 31-nə olan statistikaya görə, Azərbaycanda koronavirusa yoluxanların sayı 298 nəfər təşkil edir. Onlardan 26 nəfəri sağalıb, 5 nəfəri vəfat edib.
Foto: Murad Hüseynov
Nazirlər Kabineti: Martın 31-dən vətəndaşların evdə qalmaları tələb olunur
Bu sənədləri götürmədən evdən çıxmayın - Operativ Qərargah
S.Xankişiyeva