ABŞ dolları COVID-19-a davam gətirəcəkmi?
ABŞ-ın hərbi-iqtisadi qüdrəti sayəsində dollar onilliklər boyu dünyanın aparıcı ehtiyat valyutası kimi qalmaqdadır. Bu universal valyuta dünya ticarətində xüsusi mövqe tutur, enerji resurslarının qiymətləri və bir çox maliyyə alətləri onunla bağlıdır. Bu gün dünya mərkəzi banklarının bütün valyuta ehtiyatlarının 63 faizi dollar şəklindədir, foreks əməliyyatlarının 90 faizində dollar iştirak edir.
Dünyanın ən böyük iqtisadiyyatına malik olan, ümumi daxili məhsulun (ÜDM) həcmi 21.5 trilyon dollara (dünya üzrə ÜDM-in 15 faizi) və hərbi büdcəsi 0.7 trilyon dollara (dünya üzrə hərbi xərclərin 40 faizi) bərabər olan ABŞ həm də dünyada ən böyük borcludur: hazırda bu ölkənin dövlət borcunun məbləği 25.5 trilyon dollara bərabərdir. Amma son illərdə hətta bu hegemon dövlətin iqtisadiyyatında da ən yaxşı dövr yaşandığını demək olmaz: dövlət borcunun və büdcə kəsirinin artım sürəti rekord səviyyəyə çatmışdır. Bütün dünyanı lərzəyə salmış koronavirus böhranı Vaşinqtonu elə qəti tədbirlər görməyə məcbur edir ki, bu tədbirlər onun milli valyutasının rolu və statusu üçün izsiz keçməyəcək.
Təqribən yarım əsr bundan əvvəl ABŞ dolları (sonrakı mətndə – dollar) qızılla təmin olunmuşdu və bu qiymətli metalın bir Troya unsiyasının dəyəri 35 dollar həddində müəyyən edilmişdi. Qızıl standartı borcun nəzarətsiz buraxılmasına və “pul çap etməyə” mane olurdu, çünki buraxılan hər pul vahidinə müvafiq həcmdə fiziki qızıl ilə zəmanət verilməli idi. Dövlətlər həm pul kütləsinin buraxılışına, həm də borcların cəlb edilməsinə aid məhdudiyyətlərə riayət etməyə məcbur idi. Amma bu məhdudiyyətlər ABŞ-ı qane etmirdi. Fasiləsiz artan büdcə kəsirini ödəmək üçün daim borc almaq lazım gəlirdi. Nəticədə, 1971-ci ildə dolların qızılla təminatı ləğv edildi və sonrakı 10 il ərzində qızılın qiyməti görünməmiş dərəcədə artaraq bir Troya unsiyası üçün 35 dollardan 850 dollara qalxdı.
Bu əsrin birinci onilliyində ABŞ iki dəfə iqtisadi böhran yaşadı (2000-ci və 2008-ci illərdə) və bu böhranlardan çıxmaq üçün ABŞ hökuməti böyük məbləğdə borc almağa, Amerika Federal Ehtiyatlar Sistemi (FES) isə “çap dəzgahı”nı işə salmağa məcbur oldu və təmin edilməmiş dolların həcmi daha da artdı. Bu dəfə də nəticəni çox gözləmək lazım gəlmədi - 2000-ci ildən başlayaraq 11 il ərzində qızılın dəyəri 8 dəfə artaraq, bir Troya unsiyası üçün 250 dollardan 1.900 dollara çatdı. İqtisadi böhranlarla mübarizə rekord borclarla müşayiət olunurdu.
Qeyd etmək lazımdır ki, əgər iqtisadiyyatın artım sürəti borcun artım sürətini üstələyirsə, bu halda dövlət borcunun artması neqativ hadisə deyil. ABŞ-da isə hər şey tam əksinə olurdu. 2000-ci ildə ABŞ-ın dövlət borcunun ölkə üzrə ÜDM-ə nisbəti 55,6 faizə bərabər idi, yəni ÜDM dövlət borcunu praktik olaraq 2 dəfə üstələyirdi, iqtisadiyyat kifayət qədər möhkəm və sağlam idi. Amma yuxarıda göstərilən böhranlar ABŞ hökumətinə çox baha başa gəldi və artıq 2012-ci ildə borcun ÜDM-ə nisbəti 100 faizə çatdı. 2016-cı ildə isə Amerikanın suveren borcunun ÜDM-ə nisbəti 105 faiz təşkil edirdi. Adi halda bu o deməkdir ki, kreditorun kreditləri ödəmək üçün kifayət qədər girov təminatı yoxdur. Amma nəzərə almaq lazımdır ki, dollar aparıcı ehtiyat valyuta, ABŞ hökuməti isə ən böyük borcludur. Başqa sözlə desək, bütün dünya asılı vəziyyətdə idi və Vaşinqton bunu çox gözəl anlayırdı. Amma ehtiyat valyuta statusuna malik olan valyutanın sahibi, dünya hegemonu üçün bu tendensiya qəbuledilməz, bunun nəticələri qaçılmaz idi.
Son illərdə ABŞ-ın dövlət borcunun çox hissəsi “heç nədən pul çap edən” FES-in hesabına maliyyələşdirilirdi. Təkcə son 12 ayda FES öz balansını 7,1 trilyon dollara çatdıraraq, ABŞ iqtisadiyyatının maliyyələşdirilməsinə 3,3 trilyon dollar xərcləyib. Dollar şəklində pul kütləsinin nəzarətsiz artması nəticəsiz ola bilməzdi. Uzun illər boyu gərgin zəhmət bahasına dollar ehtiyatı yaratmış ölkələr danılmaz bir faktla üzləşmişdi: FES təmin edilməmiş pul çap etdikcə, onların yığımları qiymətdən düşürdü. Bu vəziyyət dollar ehtiyatlarının sahiblərini narahat etməyə bilməzdi. Bu gün dollar ehtiyatlarının sahibləri olan 10 ən böyük ölkənin məcmu ehtiyatlarının həcmi 8.5 trilyon dollara bərabərdir. Onların arasında 3,3 trilyon dollara bərabər olan ən böyük ehtiyatın sahibi Çindir. Bu 3,3 trilyon dolları yığmaq üçün Çin iyirmi il vaxt sərf etmişdi, ABŞ FES isə 2019-2020-ci illərdə koronavirus pandemiyasına qarşı mübarizəyə kömək proqramı çərçivəsində cəmi bir neçə ay ərzində eyni həcmdə pulu “heç nədən” çap etdi! ABŞ-ın iqtisadi böhranlara qarşı mübarizəsi bütün dünyaya çox baha başa gəlirdi – dollar ehtiyatlarının sahibləri olan ölkələr bu vəziyyətlə barışa bilmirdilər.
ABŞ-ın dövlət borcunun sahibləri olan Çin, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Braziliya və başqa xarici ölkələr öz töhfələrini tədricən azaltmağa başladılar. Məsələn, son 3 ildə ABŞ-ın dövlət borcunun xarici sahiblərinin payı 31%-dən 27%-ə düşmüş, FES-in payı isə artaraq 12%-dən 16%-ə çatmışdır. ABŞ-ın dövlət borcundan mərhələli şəkildə qurtulmaq prosesi hələ 2008-ci ildə, qlobal maliyyə böhranından sonra başlanmışdı. Ehtiyat valyutalara malik olmayan ölkələr yaxınlaşan dollar böhranından müdafiə olunmağa çalışaraq fiziki qızıl yığımı ilə fəal məşğul idilər. Real alternativ olmaması səbəbindən, dollar hələ ki öz mövqeyini bir təhər saxlamağa müvəffəq olur, amma FES daha çox təmin edilməmiş dollar “çap etdikcə” ölkələrin narazılığı artır. Bu ölkələrin yığdığı dollarları qorumaq üçün gördüyü tədbirlər getdikcə daha ardıcıl, genişmiqyaslı və mütəşəkkil xarakter kəsb edir. Müəyyən məqamda bu proses dönüş nöqtəsinə çatacaq, özü də həmin an uzaqda deyil.
2020-ci ilin koronavirus böhranı ABŞ iqtisadiyyatında çox gərgin vəziyyət yarandığı bir vaxtda başlandı: 2019-cu il üçün dövlət borcunun ÜDM-ə nisbəti 107 faizi, büdcə kəsiri isə 1 trilyon dolları aşmışdı. COVID-19-un ABŞ iqtisadiyyatına vurduğu itkinin analoqları olmadığı kimi, hökumət də indiyə qədər görünməmiş tədbirlər görməyə məcbur olacaq. Görünür, 2020-ci il böhranı ABŞ iqtisadiyyatının keçmiş şöhrətinin bərpası üçün heç bir şans verməyəcək. “Manhattan Institute”-un proqnozlarına görə, 2020-ci ilin yekunlarına əsasən ABŞ-ın büdcə kəsiri 4,2 trilyon dollardan çox olacaq (bu, ÜDM-in 19 faizi deməkdir). Dünyada ən böyük investisiya şirkəti, 1,9 trilyon dollarlıq aktivləri idarə edən “Pacific Investment Management Co”-nun hesablamalarına görə, ABŞ-da ÜDM-in 5 faiz azalması, dövlət borcunun ÜDM-ə nisbətinin 118 faizə çatması və işsizliyin 20 faiz artması gözlənilir.
Vaşinqtonda başa düşürlər ki, bu böhrandan çıxış çox baha başa gələcək və hökumət daha dərin borca düşməli olacaq. Hərçənd, borca tələbat onsuz da ilbəil azalır. Müəyyən anda təklifin tələbi üstələdiyi ABŞ xəzinədarlığının istiqrazlar bazarına yeni istiqrazlar partiyasının çıxarılması qaçılmaz ola bilər. “Dəvənin kürəyini hansı saman çöpünün sındıracağı” məlum deyil. Bu, ABŞ istiqraz vərəqələrinin kütləvi satışına təhrik edə bilər. Praktiki olaraq hamı satacaq, yeganə alıcı rolunda isə FES qalacaq. Qəribə təsadüfdür: vaxtilə dolların hegemonluğunu təmin etmiş Federal Ehtiyatlar Sistemi bu dəfə özü onu “taxtdan salacaq”. Federal Ehtiyatlar Sistemi qeyri-məhdud miqdarda ABŞ dolları çap edə bilər, amma qızılı “çap edə” bilməz. İstənilən halda dolların öz statusunu saxlamaq şansı yoxdur, amma dərin devalvasiya qaçılmazdır. İnvestorlar daim qiymətini itirən və perspektivi olmayan dolları saxlamaq istəməyəcəklər. Dolların devalvasiyası qızılın bir Troya unsiyası üçün 1.750 dollara bərabər olan cari qiymətlə müqayisədə rekord dərəcədə - qat-qat bahalaşması ilə müşayiət olunacaq. Dollar ehtiyat valyuta statusunu qəti olaraq itirəcək və avro, Yaponiya yenası, Çin yuanı ilə bir sıraya düşəcək.
COVID-19-a davam gətirmə ehtimalı 100% olan yeganə aktiv qızıl olacaq. Son 5 min ildə bütün böhranların, imperiyaların, müharibələrin və pandemiyaların bir-birini əvəz etdiyi dövrlərdə qızıl dözüb dayanıb. Heç nə ilə təmin edilməmiş dollar isə, hətta ehtiyat valyuta statusuna malik olduğu halda da, ciddi itkilərə məruz qalacaq, onun koronavirus böhranına davam gətirməsi çətin olacaq. Qızılın bahalanması prosesi artıq başlanıb: 2016-cı ildən bu günə kimi bu qiymətli metalın dəyəri 67 faiz artaraq, bir Troya unsiyası üçün 1.050 dollardan 1.750 dollara çatıb. Analoji dövr ərzində qızılçıxaran şirkətlərin səhmləri 2-3 dəfə bahalaşıb. ABŞ-ın aparıcı maliyyə təsisatı olan “Bank of America” 2021-ci ilə qədər qızılın bir Troya unsiyasının qiymətinin 3.000 dollara çatacağını proqnozlaşdırır. Növbəti bir neçə ildə bir sıra maliyyə aktivləri ya ucuzlaşacaq, ya da qiymətdən düşəcək, qızılın və qızılçıxaran şirkətlərin səhmlərinin qiymətində isə tarixi rekordlar qeyd ediləcək. Yeni pul sisteminin əsası qızıl olacaq.
Bu məqaləni investisiya barədə məsləhət kimi təqdim etmək iddiasında deyilik. Biz hadisələrin inkişafının mümkün ssenarilərindən yalnız birindən bəhs etdik. Hər bir investor sərmayə yatırmazdan əvvəl mütəxəssislə məsləhətləşməli və ya özü analiz aparmalıdır.
Maliyyə bazarları və analitik proqnozlar haqqında daha ətraflı informasiya almaq üçün www.rmcapitalanalytics.com linkinə müraciət edə bilərsiniz.
Rəşad Hacıyev
Maliyyə və investisiyalar sahəsində ekspert