Avropa Parlamentindən Ermənistana zərbə: düşmənin yol planı iflasa uğrayır - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamentindən Ermənistana zərbə: düşmənin yol planı iflasa uğrayır - TƏHLİL

17:41 - 11 / 06 / 2020
Avropa Parlamentindən Ermənistana zərbə: düşmənin yol planı iflasa uğrayır - TƏHLİL

Ermənistanın işğalçı siyasətinin ifşa edilməsində Azərbaycanın atdığı addımlar öz effektiv nəticələrini verməkdədir. Artıq himayədarları da erməniləri müdafiə etməkdə aciz qalıblar.

Rəsmi İrəvanın son addımı - zəbt edilmiş ərazilərdə Ermənistanın daha bir yol çəkmək niyyəti Avropa İttifaqı tərəfindən də haqlı narazılıqla qarşılanıb.

Məsələ burasındadır ki, Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü avtomagistralın çəkilişinə hazırlıq gedir. Bununla bağlı məsələ hələ ötən il gündəmə gətirilib. Bu yaxınlarda isə Dağlıq Qarabağdakı qondarma rejimin yeni “prezidenti” Araik Arutyunyan Azərbaycanın Arazboyu ərazilərini Ermənistanın Gorus rayonu ilə birləşdirmək üçün yeni avtomagistralın çəkilməsinə hazırlıq getdiyini deyib.

Bundan əvvəl Ermənistanı Qarabağla Gorus-Laçın-Şuşa-Xankəndi və Vardenis-Kəlbəcər-Ağdərə magistralları birləşdirirdi. İkinci yolu Ermənistan bir neçə il əvvəl istifadəyə verib. Üçüncü və artıq Arazboyu Cəbrayıl, Füzuli, Zəngilan rayonlarını Ermənistanla birləşdirən yolun çəkilməsində düşmən ölkənin məqsədi isə həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək, münbit kənd təsərrüfatı torpaqlarını istismar etməkdir. 

Təbii ki, Azərbaycan buna göz yuma bilməz. Ölkəmiz Ermənistana bədnam niyyətini reallaşdırmasına imkan verməmək üçün beynəlxalq qanunverciliyin ona verdiyi üstünlüklərdən və bütün diplomatik vasitələrdən istifadə edir. Ölkəmizin bu siyasəti artıq öz bəhrəsini verməkdədir. Belə ki, iyunun 10-da Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda bu qərarın Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi və bunun beynəlxalq hüququn pozulması olduğu qeyd edilir.

“Yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək.

Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik.

Lakin bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər.

Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir.

Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz  öhdəliklərini gücləndirməyə çağırırıq”- deyə, bəyanatda vurğulanır.

Birgə bəyanatda deyilənlərdən çox açıq görünür ki, Avropa Ermənistanın bu bəd niyyətinə qarşıdır. Çünki qəbul edilmiş birgə sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur. Qeyd edək ki, bu bəyanatın qəbul olunması, ekspertlərin fikrincə, Nikol Paşinyanın və ümumilikdə Ermənistanın ağır məğlubiyyətidir.

Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü, millət vəkili Kamal Cəfərov məsələ ilə bağlı bildirib ki, Avropa Parlamentinin sözügedən bəyanatı Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalını bir daha təsdiq etdi. Onun sözlərinə görə, bəyanatın əsas məqsədi Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının beynəlxalq hüquqa zidd olmasını bildirmək idi:

“Avropa Parlamenti qeyd edib ki, bu magistral yolun inşası Azərbaycan səlahiyyətli orqanının razılığı olmadan həyata keçirildiyi üçün beynəlxalq hüquqa ziddir. Bu addım Ermənistanın işğalçı siyasətini əhatə edir. Eyni zamanda Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti ilə sülh və barışıq üçün tələb olunan mühiti pozur. Yekun olaraq, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir.

Bu bəyanatın Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanması çox vacibdir. Bu, onu göstərir ki, Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin ciddi və vahid mövqeyi var”.

Deputat hesab edir ki, Ermənistan işğal siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa edib və Avropa Parlamenti də buna həm hüquqi həm də siyasi rəy verib: “Eyni zamanda birgə bəyanat göstərdi ki, bu münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. Bütün dünya bir daha yaddaşını təkrarladı ki, Dağlıq Qarabağ həm beynəlxalq hüquq normalarına, həm də tarixi nöqteyi-nəzərdən Azərbaycanın tərkib hissəsidir. Dağlıq Qarabağ Azərbaycandır”.

1news.az

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər