“Sony” şirkəti “PlayStation 5” oyun konsolunu təqdim edib
Yaponiyanın elektronika sahəsində tanınmış “Sony” şirkəti ən çox satılan “PlayStation” oyun konsolunun son modelini təqdim edib. Onun cari ilin sonlarında satışa çıxarılacağı bildirilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Yaponiyanın elektronika istehsalı ilə məşğul olan “Sony Interactive Entertainment” şirkəti iyunun 12-də keçirilən onlayn brifinq zamanı ilk dəfə “PlayStation 5” oyun konsolunu təqdim edib. Qeyd edilir ki, bu oyun konsolunun iki modeli – disk üçün girişi olan və belə girişin olmadığı modelləri həvəskarların ixtiyarına veriləcək.
Bildirilir ki, son yeddi ildə yaradılan yeni model yüksək dəqiqliyi ilə seçilən 8K görüntülərini də nümayiş etdirmək qabiliyyətindədir.
“Sony Interactive Entertainment” şirkətinin prezidenti Cim Rayan yeni model barədə deyib: “Dünya daha zəngin və gözəl olacaq, yeni modellər sizin hisslərinizi mümkün olmadığını düşündüyünüz qədər əsir alacaq”.
Qeyd edək ki, koronavirus pandemiyası insanlar evdə daha çox qaldığına görə oyun şirkətləri üçün əlverişli şərait yaradıb. Yalnız “Sony” şirkəti deyil, onun oyun konsulları sahəsində əsas rəqibi olan “Nintendo” şirkəti də yeni modellər üzərində çalışır.
Koronavirus pandemiyası insanların alıcılıq üsullarını da dəyişib. Belə ki, “Sony” şirkətindən bildirildiyinə görə, onlar bu məhsulu adi mağazalarda almaqdansa, proqram təminatının yüklənməsinə daha çox üstünlük verirlər.
1news.az