MPK: Azərbaycanda yaxın günlərdə Milli Abilimpiya Federasiyası təsis ediləcək – FOTO
21 iyul 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və Rusiya Federasiyasının Abilimpiya Mərkəzinin rəhbəri Dina Mekeyeva arasında onlayn formatda görüş keçirilmişdir.
1news.az-ın verdiyi xəbərə görə, görüş zamanı Azərbaycanda Abilimpiya hərəkatının inkişafı və bununla bağlı gələcək işlər müzakirə edilmiş, eyni zamanda birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov danışıqlar zamanı bildirdi ki, ölkəmizdə yaxın günlərdə Milli Abilimpiya Federasiyası təsis ediləcək. Abilimpiya hərəkatı vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünüməşğulluq proqlamlarında iştirak edəcəklər. Eyni zamanda İ.Rəhimov bildirdi ki, Federasiya təsis ediləndən sonra milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Sevindirici haldır ki, yeni Federasiyanın yaradılmasına müvafiq dövlət orqanları və Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatlar dəstək verirlər.
Rusiya Federasiyasının Abilimpiya Mərkəzinin rəhbəri Dina Makeyeva Azərbaycanda Abilimpiya hərəkatının yaradılmasını çox sevindirici hal olduğunu bildirib və iki ölkə arasında Abilimpiya hərəkatı mövzusunda əməkdaşlığın davamlı olacağına əmin olduğunu vurğulayıb, Azərbaycanda Abilimpiya hərəkatına olan diqqəti yüksək qiymətləndirib. D.Makeyeva yeni yaradılan Azərbaycan Milli Abilimpiya Federasiyanın rəhbərliyini bu ilin noyabr ayında baş tutucaq Rusiya Milli Abilimpiya çempionatına dəvət etdi.
Qeyd edək ki, 24 aprel 2020-ci il tarixində Azərbaycan Milli Abilimpiya Federasiyasının təşkilat komitəsinə 2021-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya çempionatında Azərbaycan milli komandasının iştirakı üçün rəsmi dəvət məktubu daxil olub. Ölkəmiz ilk dəfə olaraq belə mötəbər yarışda iştirak edəcək.
S.Xankişiyeva