Yanuş Tardos: Azərbaycanda COVID-19 infeksiyası ilə mübarizə çox yüksək səviyyədə aparılır – FOTO
Avqustun 19-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının cüdo idman növü üzrə idman direktoru Yanuş Tardos arasında onlayn formatda görüş keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, görüş zamanı Y.Tardos bildirib ki, ölkəmizdə COVID-19 infeksiyası ilə mübarizə çox yüksək səviyyədə aparılır.
Azərbaycanda yoluxma sayının az olması bunun birbaşa göstəricisidir və bu istiqamətdə aparılan işlər digər ölkələr üçün nümunəvidir. Eyni zamanda Y.Tardos bildirib ki, yoluxma sayının aşağı səviyyədə olması və dövlət tərəfindən görülən işləri nəzərə alaraq cari ilin noyabr ayında Bakıda Qran Pri yarışının keçirilməsini reallaşdırıla bilər.
Komitə prezidenti İlqar Rəhimov bildirib ki, koronavirus pandemiyasının başladığı andan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev infeksiyaya qarşı səmərəli mübarizənin təmin olunması məqsədilə tapşırıqlar vermişdir və bunun nəticəsi olaraq infeksiyanın ölkə ərazisində geniş yayılmasının qarşısı alınmışdır. İ.Rəhimov görüş zamanı qeyd edib ki, Qran Pri yarışına hazırlıqlar davam edir, Azərbaycan Cüdo Federasiyası ilə danışıqlar aparılır. Lakin yarışın keçirilməsi ilə bağlı yekun qərar sentyabr ayında veriləcək. İ.Rəhimov Beynəlxalq Cüdo Federasiyasının pandemiya vaxtı yarışların keçirilməsi ilə bağlı yeni qaydaların Bakıda keçiriləcək Qran Pridə təmin olunacağını vurğuladı. Uzun fasilədən sonra paralimpiyaçılar üçün ilk mötəbər yarışın Azərbaycanda keçirilməsi çox sevindirici hal olardı.
Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və idman şöbəsinin müdiri, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının şef-de-missionu Rauf Mürsəlov iştirak ediblər.
S.Xankişiyeva