Qarabağ qazisi Pyotr Kuvşinov: Bura mənim Vətənimdir, sonuncu düşmən torpaqlarımızdan çıxana qədər vuruşacağam – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Qarabağ qazisi Pyotr Kuvşinov: Bura mənim Vətənimdir, sonuncu düşmən torpaqlarımızdan çıxana qədər vuruşacağam – FOTO

12:17 - 19 / 08 / 2020
Qarabağ qazisi Pyotr Kuvşinov: Bura mənim Vətənimdir, sonuncu düşmən torpaqlarımızdan çıxana qədər vuruşacağam – FOTO

Təşəbbüskarlıq, cəsarət və fədakarlıq – bunlar əsl kişiləri xarakterizə edən keyfiyyətlərdir. Və bu gün sizi onlardan biri ilə tanış etmək istəyirik.

Bu yaxınlarda qəhrəmanlıq göstərərək Xəzər dənizində, “Mayak” çimərliyi yaxınlığında boğulan iki nəfəri xilas etmiş Pyotr Anatolyeviç Kuvşinov ilə tanış etmək istərdik.

Bu insan haqqında sonsuza qədər danışmaq olar. O, Qarabağ müharibəsi veteranıdır, könüllü olaraq cəbhədə xidmət edib, orden və medallara malikdir, bir neçə dəfə yaralanıb və kontuziya alıb, partlayan mərmi parçalarından biri hələ də onun bədənindədir. Peşəkar su polosu oyunçusudur, SSRİ Silahlı Qüvvələrinin çempionu, Azərbaycanın çempionu və medalçısı, eyni zamanda su polosu üzrə Rusiya çempionu, 2017-ci il İslam Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasına rəhbərlik edib. 63 yaşında, onkoloji xəstəliklə mübarizə apararaq 12 ən çətin kimya terapiya kurslarından sonra ayağa qalxıb.

Onun həyat hekayəsi baş rolu həqiqətən heyranlıq doğuran bir filmə bənzəyir. Çox vaxt bu cür insanları yalnız ekranda görürük, lakin Pyotr Kuvşinov bu dünyanı daha da gözəlləşdirən bir insanın bariz nümunəsidir.

Söhbətimiz zamanı o, çimərlikdəki hadisədən danışdı, müharibənin ağır illərini xatırladı, həyatının fəlsəfəsi ilə bölüşdü. Və qürur hissi keçirdim ki, bu heyrətamiz insanla tanış oldum və onun haqqında geniş kütləyə məlumat verə bildim. Əminəm ki, onun hekayəsi heç birinizi laqeyd qoymayacaq ...

“Peşəm boğulan insanları xilas etməyimə kömək etdi. Bir misal göstərim. Fərqli qoşun növləri var - piyada, tankçılar, artilleriya və sair, bunların hər biri öz funksiyalarına malikdir, ancaq hər şeyi edə biləcək xüsusi qüvvələr var. Su idmanında da eynidir: üzgüçülük, dalğıc, sinxron üzgüçülük və su polosu da var. Bunu edən adam, bir sözlə, su xüsusi qüvvələridir. Bu sahədə peşəkar bir idmançı olmasaydım, yarım saat ərzində iki boğulan insanı sudan çıxara bilməzdim” – deyə P. Kuvşinov bildirir.

Məlum oldu ki, bu şücaətdən əvvəl həkimlərin qadağan etdiyi üçün o, iki il dənizə getmirdi. Həmin vaxtlar ona ölüm hökmü kimi səslənən xərçəng diaqnozu qoyulmuşdu. Ancaq 12 seans terapiyası nəticəsində xəstəlik geri çəkildi. Döyüşdən sərtləşən müharibə veteranı onkologiya ilə mübrarizədə qalib gəldi, lakin zəifləmiş bədəninə qulluq etməyi tövsiyyə edildi. Ona dənizdə üzmək və günəşlənmək qadağan idi.

"Mən həyat yoldaşımla çimərlikdə dincəlirdim, paltarda, günəş şüalarından qorunmaq üçün çətirin altında gizləmişdim. Birdən gördüm ki, bir ailə  – ana, ata və qız – böyük dalğalara doğru gedir. Dərhal bəlanın yaxınlaşdığını hiss etdim. Belə də oldu, onlar batmağa başladılar.

Çimərlikdəki bütün insanlar hadisəni seyr etmək üçün sahilə toplaşdılar, lakin heç kim onları xilas etmək üçün yerindən tərpənmədi. Refleksim avtomatik çalışdı, köynəyimi çıxarıb dənizə qaçdım. Dizə qədər suya girib vəziyyətin çox mürəkkəb olduğunu və onları xilas etməyin çətin olacağını başa düşdüm. Ancaq o an uşağın səsini eşitdim: "Kömək edin!" Bundan sonra tərəddüd etmədən ora tərəf üzdüm", - P.Kuvşinov deyir.

Yüksək dalğalar onun üzünə vurdu. Lakin o, balaca qıza tərəf üzdü, əli ilə onu tutdu və sürətlə sahilə üzdü. Qız xilas oldu. Sonra ikinci dəfə dənizə girdi, amma boğulanların sahildən çox uzaq yerə apardığı üçün indi daha böyük məsafəni qət etməli oldu ... Uşağın anasını xilas edə bildi. Və sonra üçüncü zərərçəkmişə - Fövqəladə Hallar Nazirliyinin skuteri yollandı, ailənin atası xilas olduğunu gördükdə Kuvşinov rahatladı və gücünün tükəndiyini hiss etdi.

Təəssüf ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri kişinin cansız bədənini dənizdən çıxartdılar. Tibbi yardım ona kömək edə bilmədi. Ancaq ailənin qalan hissəsi P.Kuvşinovun qəhrəmanlığı sayəsində xilas oldu.

Pyotr Anatolyeviç 17 il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində üzgüçülük üzrə məşqçi kimi çalışıb, daha sonra SOCAR-ın Bakı Ali Neft Məktəbinə dəvət alıb və hazırda burada Bədən Tərbiyəsi və İdman kafedrasında baş müəllim vəzifəsində çalışır.

"Tələbələrimin 70 faizi qurğularda işləyəcək, buna görə üzmək bacarığı onlar üçün vacibdir. Ancaq bədən tərbiyəsi ilə yanaşı, tərbiyə aspektlərinə də böyük diqqət yetirirəm. Bu oğlanlardan həqiqi kişilər yetişdirmək istəyirəm. Beləliklə, zərurət yaranarsa, onlar nəinki özlərini, həm də yoldaşlarını xilas edə bilsinlər.

Ümumiyyətlə, tələbələrimdə özümdə olan keyfiyyətləri aşılamağa çalışıram – kollektiçilik hissi, Vətənə və valideynlərə sevgi, böyüklərə hörmət... Son zamanlar bu keyfiyyətlər gənclər arasında yoxa çıxıb və bu, məni kədərləndirir ...”  - həmsöhbətimiz deyir.

P.Kuvşinov Qarabağ müharibəsi zamanı (1992-1994) könüllü olaraq cəbhəyə getdiyi uzaq dövrlərdən də danışdı. Veteranın yaddaşında itirdiyi bir çox silah yoldaşının xatirəsi canladı:

"Bir dəfə jurnalist mənə belə sual vermişdi: "Yaşlısınız, həyat yoldaşınız və övladlarınız var, üstəlik azərbaycanlı deyilsiniz, milliyyətcə russuz. Niyə torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək qərarına gəldiniz?” Bu, məni incitdi. Ona cavab verdim: “Anam və atam bu torpaqlarda dünyaya gəliblər. Uşaqlarım burada anadan olublar. Bura mənim Vətənimdir. Sonuncu düşmən buradan çıxana qədər vuruşacağam ...” - deyə gizir söylədi.

P.Kuvşinov 35 yaşında könüllü olaraq cəbhəyə gedib. Müharibə illərində o, batalyonu ilə birlikdə ən qaynar hərbi nöqtələrdə - Ağdərə, Laçın, Kəlbəcər, Murovdağ, Fizuli, Ağdam, Tərtərdə olub. Murovdağ istiqamətində o, alay komandiri təyin edilib və ağır mövqeli döyüşlərdə iştirak edib.

"Batalyonda yaşca böyük mən idim, digər əsgərlərin hamısı 20-25 yaş arasında idi. Mən daim onlara uyğunlaşmalı idim. Müharibə haqqında söhbətə qayıdaraq qeyd edəcəyəm ki, yaşıma baxmayaraq peşəkar idman sayəsində yaxşı bədən tərbiyəsi almışam. Bu mənə sağ qalmağımda çox kömək etdi” - müharibə veteranı dedi.

“Mən tamamilə başqa şeydən qorxurdum. Birincisi, əsir düşmək ölümdən daha pisdir. İkincisi, silahdaşlarım qarşısında qorxaqlığını göstərmək. Heç kimin gözlərimdəki qorxunu görməsini istəmirdim. Buna görə də, bunu dəf edərək özümü və tabeçiliyimdə olanlarda ruh-yüksəkliyi yaradaraq yenidən döyüşə başladım” – P.Kuvşinov deyir.

1994-cü ildə Tərtərin Seysulan kəndi uğrunda gedən şiddətli döyüşlərdə P.Kuvşinov minaatanın partlaması nəticəsində ağır yaralanır. Üç santimetr yarım qəlpə onu belini zədələyir və o, hərəkət edə bilmir. Buna görə ağrını boğaraq sürünür. Əsgərlərdən biri onu görür, çiyninə ataraq sürükləməyə başladı. Bunu görən ermənilər ətrafı daha çox atəşə tuturlar. Xoşbəxtlikdən, əsgər yaralı yoldaşını bizimkilərə tərəf gətirə bilir. Bundan sonra P.Kuvşinov xəstəxanaya göndərilib.

Orada gizirə məlum oldu ki, Azərbaycan ilə Ermənistan arasında 12 may 1994-cü ildə - ağır yaralandığı gün – atəşkəs elan edilir. İnternetin olmaması və sahə əlaqəsinin qurulmaması səbəbindən atəşkəs barədə məlumatlar cəmi bir neçə gün sonra cəbhə xəttinə çatdı və bütün bu müddət ərzində əsgərlərin həyatını itirən döyüşlər davam etdi.

“Qəlpə parçası hələ də bədənimdədir və həkimlərin dediyinə görə, onu çıxarmamaq daha yaxşıdır, çünki əməliyyat pis sonluqla nəticələnə bilər. Əvvəlcə sağlamlıq üçün təhlükə yaradırdı, amma sonra bədənimin bir hissəsi oldu. Bu günə qədər metal detektorlardan keçəndə onlar siqnal verməyə başlayırlar. Buna görə də hər zaman ikinci qrup əlil olduğumu təsdiqləyən şəhadətnaməni özümlə aparıram” – deyir.

20 ildən bir qədər çox sonra, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusu Seysulan kəndini geri qaytardı. Bu, P.Kuvşinov üçün çox simvolik bir tarixdir. Gənc nəslin zamanında müdafiə edə bilmədikləri torpaqları ələ keçirdiyini biləndə böyük sevinc hissi keçirir.

"Müharibədən sonra dünyagörüşüm dəyişdi? Hər kəs üçün dəyişdi. Yaxşı rus misalı var: "Bir döyüçü üçün iki məğlubedilməz verin" Bu imtahandan keçən insanların həyata tamamilə fərqli mənzərədən baxırlar. Döyüş başa çatdıqda bir bulaqdan və ya hətta bir gölməçədən su içsən, sənə dünyanın ən ləzzətli dadı kimi gəlir. Qara quru çörək sənə ən dadlı şirniyyat kimidir. Filtrsiz siqaret çəkəndə Marlborodan daha yaxşı görünür. Buna görə də təbii ki, müharibədən keçənlərin fərqli düşüncə tərzi var. Biz həyatı çox sevirik” – deyir P. Kuvşinov.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2274

Sizin üçün xəbərlər

Son xəbərlər

Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11
Bütün xəbərlər