Əbədi qardaşlıq! İlham Əliyevin bəyanatı Türkiyədə böyük coşğu ilə qarşılandı | 1news.az | Xəbərlər
Siyasət

Əbədi qardaşlıq! İlham Əliyevin bəyanatı Türkiyədə böyük coşğu ilə qarşılandı

17:35 - 03 / 09 / 2020
Əbədi qardaşlıq! İlham Əliyevin bəyanatı Türkiyədə böyük coşğu ilə qarşılandı

Azərbaycan və Türkiyə – iki dost, qardaş ölkə, strateji tərəfdaş olaraq, hər zaman bir-birlərinə dəstək olub, böyük beynəlxalq və regional əhəmiyyətə malik məsələlərə ortaq mövqedən yanaşıblar.

İki dövlət çətin anlarda həmişə bir-birlərinin yanındadır və bir-birlərinə hər cür kömək və dəstəyi göstərirlər.

Azərbaycanın qardaş Türkiyəyə verdiyi dəstəyin növbəti təzahürü – bu yaxınlarda Şərqi Aralıq dənizi bölgəsində Türkiyə ilə Yunanıstan arasında baş vermiş gərginliklə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı oldu.

“Sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”, - Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən bəyan edib.

Bu açıqlama Azərbaycanın qardaş Türkiyəyə verdiyi dəstəyin daha bir təzahürü və daha əvvəl dövlət başçısı tərəfindən “dünyanın heç bir yerində Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr olmadığını” dilə gətirən postulatın sübutu oldu.

Türkiyədə də Azərbaycan Prezidentinin dəstəyi yüksək qiymətləndirilib.

Elə həmin gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dəstəyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:

“Təşəkkür edirəm, cənab Prezident! Doğma Azərbaycanımızın dəstəyinə heç vaxt şübhə etmədik! Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bir millət - iki dövlət”, - deyə M. Çavuşoğlu Twitter hesabında Prezident İlham Əliyevin açıqlamasına belə münasibət bildirib.

“Bir millət - iki dövlət. Bütün dünyaya nümunə” – Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Twitter hesabında Prezident İlham Əliyevin bəyanatına öz münasibətini bildirib.

Xatırladaq ki, Türkiyə bir neçə həftə əvvəl Aralıq dənizinin şərqindəki yunan adalarına yaxın ərazilərdə qaz yataqlarının axtarışı məqsədi ilə kəşfiyyat işlərinə başladıqdan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlərdə yeni gərginlik meydana gəlib. Avqust ayının sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Tuna-1” zonasında 320 milyard kubmetr təbii qaz aşkar edildiyini bəyan etdi.

Yunanıstan da öz növbəsində aparılan kəşfiyyat işlərini qanunsuz elan etdi.

Türkiyənin mövqeyi ondan ibarətdir ki, qaz yataqları tapmaq üçün sınaq qazma işləri apardığı sular türk qitə şelfinin bir hissəsidir.

Bir çox dövlətin Türkiyəyə qarşı qalxdığı bir zamanda Azərbaycan Prezidentinin Türkiyəni haqlı işdə dəstəkləməsi ilə bağlı bəyanatı, qardaş ölkənin bir çox aparıcı kütləvi informasiya vasitələrinin əsas xəbərləri oldu.

Anadolu və IHA agentlikləri, TRT HABER, CNN Türk, A HABER, TGRT HABER telekanalları, Milliyet, Hürriyyet, Sözcü, Star, Dailysabah, Takvim qəzetləri və digərləri Azərbaycan Prezidentinin sözlərini geniş yayımladılar.

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dəstəyi”, “Şərqi Aralıq dənizində Azərbaycanın Türkiyəyə dəstəyi: tərəddüdsüz!” “Prezident Əliyev Yunanıstan səfirinə: Tərəddüdsüz Aralıq dənizində Türkiyəni dəstəkləyirik”, “Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı mesajı: Türkiyəni tərəddüdsüz dəstəkləyirik” – bu kimi parlaq başlıqlarla Türk mediasında məqalələr yayımlandı.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
883

Son xəbərlər

Bütün xəbərlər