Baş Prokuror: “Ermənilərin təxribatı nəticəsində 19 mülki vətəndaş həlak olub, 63-ü yaralanıb”

“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb”.
1news.az-ın məlumatına görə, bunu Erməni Silahlı Qüvvələrin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub. Ölənlərdən 14 nəfəri kişi, 3-ü qadın və 2 azyaşlıdır. Yaralıların isə 56-sı kişi, 6-sı qadın, 1-i azyaşlıdır.
Təxribatlar nəticəsində hazırkı vaxtadək 44 obyekt, 181 yaşayış evi yararsız hala düşüb.
K.Əliyev ermənilərin sentyabrın 27-dən dinc əhaliyə qarşı törətdikləri faktlarla bağlı 12 cinayət işinin başlandığını da diqqətə çatdırıb. O bildirib ki, bunlardan Tərtərdə 5, Ağdamda 3, Füzulidə 2, Cəbrayılda 1, Goranboyda 1 faktla bağlı cinayət işi başlanıb və prokurorluqda istintaqı aparılır.
1news.az