Sevinc Fətəliyeva: “Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar ziddiyyətlidir”
Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Çox təəssüflər olsun ki, işğalçı dövlət bu gün də öz mənfur niyyətini davam etdirir.
1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın həm diplomatiya sayəsində, həm də döyüş meydanında əldə etdiyi üstünlük qarşı tərəfdə narahatlığa, təşvişə səbəb olur. Ermənistanın işğal olunmuş ərazilərdəki qanunsuz hərəkətləri, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhaliyə qarşı etdiyi cinayətlər onun terroru, soyqırımını tarix boyu siyasətinin əsas elementi kimi həyata keçirdiyini bir daha sübuta yetirir. Özləri haqqında "məzlum xalq" obrazı yaratmağa çalışan ermənilər bu gün də dünya ictimaiyyətini qondarma soyqırımı iddiaları ilə çaşdırmağa çalışırlar. Ermənistan, sözün əsl mənasında, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərini işə salaraq, beynəlxalq humanitar hüquq öhdəliklərinin əsas norma və prinsiplərinə etinasızlıq göstərməyə davam etməklə özünü ifşa edir.
Ermənistanın təxribat əməllərində yaşayış məntəqələrinin və mülki şəxslərin də hədəfə alınması əsas yer tutur. Bu insanlığa, humanizmə zidd addımlardır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla, ən ağır beynəlxalq cinayət sayılır.
Ermənistanın uzun illərdir işğalçılıq siyasətini davam etdirdiyini deyən deputatın sözlərinə görə, işğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib.
"Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır. O deyib ki, Ermənistan son təxribatı ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri mülki şəxslər arasında sərhədin müəyyən edilməsidir. Ermənistanın mülki əhaliyə, eləcə də məsum körpələrə, mülki obyektlərə hücumları beynəlxalq hüququn, insan haqlarının pozulması deməkdir. Xüsusilə, ermənilər Cenevrə Konvensiyasını, uşaq, insan hüquqları üzrə konvensiyaları ciddi şəkildə pozur".
Deputat bildirib ki, Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar ziddiyyətlidir.
"Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etmək gücündə deyil. Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və dinc əhalini hədəfə alaraq qətlə yetirməsi, Ermənistanın indiyədək cəzasız qalmasının və işğalçı ölkəyə qarşı hər hansı beynəlxalq sanksiyanın tətbiq olunmamasının nəticəsidir. Bu gün Gəncədə baş verən hadisələr, ermənilərin çoxmənzilli yaşayış binalarını və mülki obyektləri ağır artilleriya və raket atəşinə tutması, günahsız körpələrin qurbana çevrilməsi düşmənin törətdiyi cinayətlərin davamıdır. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı niyə hələ də susur ?! Qəbul olunmuş beynəlxalq sənədlər niyə icra olunmur?! ATƏT-in Minsk qrupunun həmsədr ölkələri işğalçı dövlətə qarşı təzyiq göstərməli, məsuliyyəti anlamalı, ədalətin bərpa olunması üçün üzərlərinə düşən vəzifəni dərhal icra etməlidirlər".
Deputat, eyni zamanda, vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq: "Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüququn normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Eyni zamanda, Ermənistan rəhbərliyi anlamalıdır ki, özünün gələcəyi və inkişafının yeganə yolu yalnız və yalnız işğalçılıq siyasətinə son qoymasından, zəbt etdiyi torpaqları dərhal tərk etməsindən asılıdır".
1news.az