Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi problem yaranıb

Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi problem yaranıb.
1news.az xəbər verir ki, bu barədə müğənni İzzət Bağırov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, sənətçi iki böyük əməliyyat keçirib və artıq iki aydır yataq xəstəsidir: “Hazırda mən bizim böyük sənətkarımız, Əməkdar artist Firuzə İbadovanın evindəyəm. İki aydan çoxdur ki, Firuzə xanım çox ciddi bir əməliyyat keçirib. Artıq iki əməliyyat keçirib, hələ üçüncüyə hazırlaşır.
Mən çox istəyərdim ki, bizim sənət yoldaşlarımız – ayaq üstə olanlar, bütün gün toylarda olanlar, hansı ki, Firuzə xanımı həmişə görəndə görüşüb-öpüşənlər... Bax gəlin də bura. Gəlin bir dəyək, Firuzə xanıma baş çəkək. Hamımızın işi-gücü var, hamımız harasa qaçırıq, edirik, amma mənə elə gəlir ki, Firuzə xanımın yanında olmaq bizim borcumuzdur. Hamımızın borcudur.
Bütün günü ana-bala burda tək olurlar. Mən istəyərdim ki, tək olmasınlar. Gələk, gedək, baş çəkək, yanında olaq. Xəstə nə xoşlayır? Xəstə ziyarəti sevir. Xəstənin gözü həmişə qapıda olur. Əzizlərini, doğmalarını gözləyir. Mən belə düşünürəm ki, gəlsəniz yaxşı olar. Mənim əziz sənət yoldaşlarım, gəlin bura”.
Qeyd edək ki, Əməkdar artist Firuzə İbadovanın 72 yaşı var.












