FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar – VİDEO
Azərbaycan, Ermənistan və Rusiya rəhbəərlərinin imzaladıqları və münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də erməni silahlı qüvvələri Laçın rayonunu Azərbaycana təhvil verməlidirlər.
1news.az-ın verdiyi xəbərə görə, bununla da Azərbaycan Dağlıq Qarabağı əhatə edən 7 rayonun hamısını geri qaytaracaq.
FRANCE-24-ün xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin bu rayonlardan biri olan Ağdamdan reportaj hazırlayıb:
Bu şəhər elə dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Xankəndidən yarım saatlıq məsafədə yerləşən Ağdam Azərbaycan qalası olmuşdur. Bu gün Ağdamda hələ də qalan yeganə bina bu məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Dağlıq Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Məğlubiyyət sakinləri köç etmək məcburiyyətində qoydu. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər.
Yeni Azərbaycan Partiyasının üzvü M.Qasımov deyib: “Belə bir şəhəri bu günə salmaq olar? Bu evləri belə dağıtmaq olar? Siz bu evlərin keçmişini görsəydiniz, bilərdiniz ki, ən müasir, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda idi.
Ermənilər bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki bu mümkün deyildi. Ona görə də əllərinə düşən hər bir şeyi dağıdıblar”.
Bərpa etməmişdən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən götürülmüş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları məsafədən idarə olunan bu minatəmizləyən robotu işə salıblar.
ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov: “4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar, aşkar edilərək zərərsizləşdirilmişdir. İnsanların geri qayıdışı 3-5 il ərzində, amma tam təmizləmək isə 10, 13, 15 il ərzində planlaşdırılır”.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə vurulmuş ziyanı 100 milyard dollardan çox dəyərləndirib və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcək.
S.Xankişiyeva