Azərbaycan Ordusuna Yardım Fonduna vəsaitin toplanması və istifadə qaydası açıqlandı
Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə açıqlanıb.
1news.az-ın məlumatına görə, bu Əsasnamə Azərbaycan Ordusuna Yardım Fondunun (bundan sonra - Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.
Fondun məqsədi Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafını təmin etməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən və hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir.
Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir (bundan sonra - Müdafiə Nazirliyi).
Fondun maliyyə mənbəyi
Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.
Fondun vəsaitindən istifadə istiqamətləri
Fondun vəsaiti aşağıdakı məqsədlər üçün istifadə edilir:
- Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi;
- hərbi texnika, silah və sursatın alınması;
- hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi;
- hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili;
- hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi;
- peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili.
Fondun vəsaitindən bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.
Fondun vəsaitinin toplanması və istifadəsi
Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin (bundan sonra - Dövlət Xəzinədarlıq Agentliyi) xüsusi xəzinə hesabı açılır, Dövlət Xəzinədarlıq Agentliyi isə Azərbaycan manatı ilə və xarici valyutalarda kredit təşkilatlarında bank hesabları açır.
Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi Azərbaycan Respublikası Prezidentinin razılığı əsasında həyata keçirilir.
Müdafiə Nazirliyinin Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi üzrə təklifi (vəsatəti) razılıq verilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir və həmin təklifə (vəsatətə) razılıq verildiyi təqdirdə Fonddan vəsaitin ayrılması Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə rəsmiləşdirilir.
Dövlət Xəzinədarlıq Agentliyi Müdafiə Nazirliyinin bu Əsasnamənin 4.3-cü bəndində nəzərdə tutulmuş əmri və ödənişlər üzrə sifarişləri əsasında maliyyələşməni həyata keçirir.
Müdafiə Nazirliyi Fondun vəsaiti hesabına satınalmaları "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirir.
Dövlət Xəzinədarlıq Agentliyi Fondun vəsaitindən istifadəyə və Fondun hesablarında qalan xərclənməmiş vəsaitə dair hesabatları ayda bir dəfə Müdafiə Nazirliyinə təqdim edir. Müdafiə Nazirliyi Fondun vəsaitindən istifadəyə dair yarımillik və illik hesabatları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
1news.az