ABŞ-ın Türkiyəyə qarşı ədalətsiz sanksiyası: nəticəsi necə olacaq? – TƏHLİL
Məlum olduğu kimi, ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbiylə Türkiyəyə bəzi sanksiya qərarları tətbiq etmə barədə qərara gəlib. Belə ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.
“Qara siyahı”ya həmçinin Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə tətbiq edilib.
Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara sərt münasibət bildirib. Sözügedən qurumun açıqlamasında bildirilib ki, rəsmi Ankara “ABŞ-ın S-400 ZRK tədarükü səbəbindən bu gün açıqladığı və Türkiyəyə qarşı birtərəfli sanksiyaları nəzərdə tutan qərarı qınayır və rədd edir”.
“Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazım olduğunu düşündüyü tədbirləri görməkdən imtina etməyəcək”, - Türkiyə XİN-in yaydığı açıqlamada belə deyilir.
Açıqlamada qeyd olunub ki, Türkiyə bu sanksiyaya qarşı lazımi addımları atacaq: “Türkiyə münasibətlərimizə mənfi şəkildə təsir edəcəyi qaçılmaz olan bu qərara qarşı lazımi addımlar atacaq”.
Qeyd olunur ki, Türkiyə tərəfindən əldə olunan S-400 sistemləri ilə əlaqədar NATO sistemlərinin zəifliyi ilə bağlı ABŞ-ın iddialarının heç bir texniki əsası yoxdur.
“Türkiyə NATO-nun iştirakı ilə texniki bir işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi qərəzsiz yolla həll etməyi təklif edib. ABŞ-ı bu ədalətsiz sanksiya qərarına yenidən baxmağa dəvət edirik”, - deyə sənəddə bildirilib.
Sanksiyanın hədəfində olan Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir ABŞ-ın "Twitter" hesabında Türkiyəyə qarşı sanksiyalarla əlaqəli paylaşım edib.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında tamamilə müstəqil müdafiə sənayesi hədəfimizdə qətiyyətlik” deyən Dəmir qeyd edib ki, şəxsim və ya İdarəmizə istiqamətli qəbul edilən hər hansı qərar mənim və ya komandamın mövqeyinə təsir etməyəcək. Türk müdafiə sənayesinə heç bir şəkildə mane oluna bilməyəcək.
Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir. Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir.
Bu fikirləri mətbuata açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib: “Prezident İlham Əliyev əminliyini bildirib ki, bu sanksiyalar Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə yaratmayacaq. Türkiyənin bu məsələnin müvafiq işçi qrupu çərçivəsində obyektiv və siyasi baxımdan qərəzsiz şəkildə müzakirə edilməsi barədə təkliflərinə adekvat cavab verilməyib.
Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanındadır.
Dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycan və Türkiyənin birliyinin növbəti nümunəsidir”.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyaların tətbiqi ilə bağlı açıqlamasında Türkiyəyə tam dəstəyini ifadə edib.
“S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını qınayır və Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndiririk.
Türkiyə tərəfinin bu məsələni dialoq və diplomatiya yolu ilə həll edilməsi təklifinə müttəfiq ölkə olan ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf doğurur.
Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir.
Türkiyənin milli təhlükəsizliyini ehtiva edən bu məsələnin dialoq vasitəsilə tezliklə həlli üçün müvafiq təxirəsalınmaz addımların atılmasına çağırırıq”.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov rəsmi səfərdə olduğu Bosniya və Herseqovinada mətbuat konfransda ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirib. O, Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsini beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürü adlandırıb.
“Bu, əlbəttə ki, beynəlxalq hüquqa qarşı növbəti saymazcasına bir münasibətin təzahürüdür, ABŞ-ın illərdir istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir. Bu cür addımlar beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır”- deyə, Lavrov qeyd edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiya tətbiq olunmasını tənqid edib. Nazir bu barədə özünün “Twitter” səhifəsində yazıb.
“ABŞ yenə də beynəlxalq norma və qanunlara məhəl qoymadığını bir daha göstərdi. Rəsmi Tehran ABŞ-ın bu addımını şiddətlə qınayır, Türkiyə xalqı və hökumətinin yanında olduğunu bəyan edir”- deyə, Zərif vurğulayıb.
Qeyd edək ki, Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi ədalətsiz, qərəzli qərardır, ikili standartların və qanunsuzluğun bariz nümunəsidir.
Türkiyə hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a müraciət etsə də, bu müraciətlərə adekvat yanaşılmayıb və həmin sistemlər Türkiyəyə satılmayıb. Bunun əvəzində HHQ sisteminin qurulması NATO çərçivəsində Hollandiyaya həvalə olunub, sonuncu isə üzərinə düşən vəzifələri icra etməyib.
Yaranmış vəziyyətdə Türkiyə milli maraqlarını və təhlükəsizlik məsələlərini əsas götürərək Rusiyadan müasir HHQ sistemini alıb.
Nəzərinizə çatdıraq ki, NATO-ya daxil olan ölkələrdə Rusiya istehsalı olan HHQ sistemlərindən istifadə olunması yenilik deyil. Məlum olduğu kimi, Yunanıstan həmin sistemləri Rusyadan alıb, lakin bu, nə ABŞ, nə də NATO rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olmayıb.
Digər tərəfdən Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi qərəzsiz yolla həll etməyi təklif edib. Lakin Türkiyənin təşəbbüsünə hər hansı münasibət bildirilməyib.
Ekspertlər hesab edir ki, ABŞ-ın sanksiyaları Türkiyəyə təsir etməyəcək, əksinə, onun daha da güclənməsinə səbəb olacaq. Bu fikirlə razılaşmamaq mümkün deyil. Məlum olduğu kimi, ABŞ-ın yeni F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Türkiyə tərəfindən özünün yeni qırıcı təyyarılır istehsal etməsinə təkan verdi. ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə dünyanı heyrətə gətirən “Bayraktar” dronlarını hazırladı və istehsala başladı. Bu gün böyük iqtisadi və hərbi potensiala malik Türkiyə “Altay” tankları, helkopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edir.
Görünür, müəyyən qüvvələr Türkiyənən dünyada artan nüfuzu və rolundan ciddi narahatlıq keçirirlər.
Tənəzzül və qeyri-müəyyənlik vəziyyətində olan, Fransa prezidenti Emanuel Makronun iflic kimi xarakterizə etdiyi NATO Türkiyənin nümunəsində ən böyük dayağını itirir. Bu, ilk növbədə NATO-ya ciddi zərbədir.
Politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova məsələ ilə bağlı 1news.az-a açıqlamasında ilk olaraq ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyəyə qarşı məhz indi sanksiya tətbiq etməsinin səbəblərini aydınlaşdırıb:
“ABŞ-ın öz NATO üzrə müttəfiqi Türkiyəyə qarşı sanksiya tətbiq etməsi məsələsi artıq bir neçə il idi ki, gündəmdə idi. Buna bir çox ciddi səbəblər və bəhanələr var. Onları aşağıda sadalamazdan əvvəl niyə məhz indi sualına cavab vermək lazımdır. Fikrimcə, Tramp Adminstrasiyası Baydenə ciddi bir problem miras qoyub getmək istəyir. Digər tərəfdən, Türkiyənin Suriya və Liviyadan başqa, Qarabağda da Rusiya birgə hərəkət etməsi, Minsk qrupunun həmsədri olan Vaşinqtonun bölgədəki maraqlarını nəzərə almaması ABŞ-ı buna vadar etdi.
ABŞ və Türkiyə arasında ziddiyyətlərin köklərindən biri həm də ABŞ-ın Böyük Orta Şərq layihəsinə Türkiyənin maneçilik törətməsidir. ABŞ-ın Türkiyədə hakimiyyətə gətirilməsi üçün Ərdoğana qarşı müxalif qruplara dəstək verməsi, Çinin meqalayihələrində Türkiyənin iştirakı, Rusiya ilə əməkdaşlıq və s. qarşılıqlı münasibətləri onsuz da gərginləşdirmişdi. Təbii ki, ABŞ Yaxın Şərqi yenidən öz istədiyi kimi yenidən qurmaq istəyir. Bu məsələdə ABŞ-ın yaxınlaşma şansı olan tək ölkə Türkiyə ola bilərdi, ABŞ bu məsələdə nə İranla, nə də Rusiya ilə yaxınlaşa bilməzdi. ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi, saxta ”erməni soyqırımı"nın Senatda qəbulu və digər təzyiqlər bu məsələyə görə idi”.
Politoloq hesab edir ki, ABŞ Türkiyəyə bu cür vasitələrlə təzyiq göstərməklə Yaxın Şərq və Aralıq hövzəsi regionunda, eləcə də NATO daxilində Türkiyəni istədiyi məcrada idarə etmək istəyir:
“ABŞ Türkiyə-Rusiya yaxınlaşmasından ona görə narahatdır ki, onilliklər ərzində Qərbin müttəfiqi olan Türkiyə öz xarici siyasət kursunda radikal dəyişiklik edərək Amerikanın rəqibi Rusiya ilə yaxınlaşıb. Bununla da ABŞ-ın daxil olduğu Atlantizm düşərgəsinin qorxulu röyası olan Avrasiyaçılıq kimi böyük geosiyasi planın həyata keçirilməsi baş verə bilər. Bu, Atlantizmə qarşı ən ciddi rəqib ola bilər və ABŞ-ın dünya hegemonluğu iddialarına mane olan plan ola bilər. Rusiya və Türkiyənin yaxınlaşması onilliklər əvvəl bir sıra geopolitiklərin irəli sürdüyü konsepsiyalarda əksini tapıb. Hazırda həm Rusiyada, həm də Türkiyədə atlantistlərlə birgə onlara qarşı çıxan avrasiyaçılar da var ki, onlar bu ittifaqı çox zəruri hesab edirlər. Geopolitikada “meşə və çöl” ittifaqını irəli sürən həmin konsepsiya Türkiyə-Rusiya birliyi zərurətinə əsaslanır. Bunun da bariz nümunəsi bugünkü Rusiya və Türkiyə birliyidir. Doğrudur, atlantistlər bu ittifaqa mane olmaq üçün əllərindən gələni etdilər: Türkiyə ordusundakı atlantistlər Rusiyanın təyyarəsini vurmaqla, səfiri öldürməklə və s. vasitələrlə bu ittifaqa mane olmağa çalışdılar. Eyni zamanda 2016-cı ilin iyul ayında çevriliş yolu ilə Türkiyədə hakimiyyəti dəyişməklə onu yenidən avrasiyaçılıqdan uzaqlaşdırıb atlantizmin orbitinə qaytarmağa çalışdılar. Lakin istəklərinə nail ola bilmədilər və nəticədə Türkiyə və Rusiya atlantizm yolunda irəliləyir”.
N.Məmmədovanın sözlərinə görə, Suriyadakı hadisələr, ABŞ-ın yeni dünya nizamı planlarında Türkiyənin ərazi bütövlüyü məsələsinin şübhə altında olması Ankara-Moskva yaxınlığını zərurətə çevirir:
“Rusiya ilə Türkiyə arasında S-400 və digər məsələlər aysberqin görünən tərəfidir. Onun dərin qatlarında nəhəng geostrateji planlar dayanır ki, Türkiyə kimi mühüm geosiyasi mövqeyi olan ölkənin seçimi Avrasiya, yoxsa Atlantizmin dünyadakı rolu baxımından böyük əhəmiyyətə malikdir. Doğrudur, tarixən Rusiya və Osmanlı imperiyaları daima savaşmış, geosiyasi maraqları uğrunda amansız rəqiblərə çevriliblər. Lakin bu gün Türkiyə və Rusiya öz milli maraqlarının ABŞ və digər Qərb ölkələri tərəfindən nəzərə alınmadığını görərək birləşmək məcburiyyətində qalmışlar. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Avropa tərəfindən Rusiyaya və Türkiyəyə qarşı təhdidlər davam etdikcə bu ittifaq davam edəcəkdir. Türkiyə ABŞ təzyiqlərinə boyun əyməkdənsə, özünə yeni yol seçib və alternativ müttəfiqlik münasibətləri qurub. Türkiyənin Rusiya ilə birgə böyük layihələri var. Onlar bir sıra məsələlərdə ortaq hərəkət edirlər. Bütün bunları nəzərə aldıqda, qəti əminliklə demək olar ki, yaxın gələcəkdə Türkiyə ABŞ-ın de-yure, Rusiyanın de-fakto müttəfiqi rolunda yoluna davam edəcəkdir. ABŞ-ın Türkiyəyə təzyiqləri qarşısında Ankara geri çəkilməyəcək.
Ox bir kərə yaydan çıxıb və bir daha geri qayıtması müşkül məsələdir. Türkiyə ABŞ-ın təzyiqləri qarşısında geri çəkilsəydi, vəziyyət təbii ki, bu həddə gəlib çatmayacaqdı. Türkiyə iki pisdən birini seçmək məcburiyyətində qalıb və Rusiya ilə ittifaqa üstünlük verib. Hər halda, Rusiya ABŞ-dan fərqli olaraq Türkiyənin ərazi bütövlüyünü təhdid etmir, onun bilavasitə hüdudları yaxınlığında terror dövləti yaratmır və s. ABŞ isə öz yeni dünya qaydası planlarında müttəfiqi Türkiyənin maraqlarını nəzərə almadan PYD/YPG-ni dəstəkləyir, Suriyanın şimalında Türkiyə sərhəddində kürdlərdən ibarət terror dövləti yaratmaq istəyir, Türkiyənin NATO tərəfindən müdafiəsini təşkil etmir və s. Əksinə, Rusiya Türkiyəyə hava hücumundan müdafiə sistemləri satır, nüvə elektrik stansiyası inşa edir, Türkiyənin türk dünyasına liderlik etməsinə, o cümlədən Cənubi Qafqaza gəlməsinə şərait yaradır, birgə enerji layihələri həyata keçirir və s.”.
Politoloq Türkiyənin ABŞ qarşısında deyil, əksinə ABŞ-ın onun qarşısında geri çəkiləcəyi daha inandırıcı göründüyünü, əks halda ABŞ-ın Türkiyə istiqamətində mövqeyinin xeyli zəifləyəcəyini vurğulayıb:
“Hər halda Ərdoğan dəfələrlə açıqlama verərək ABŞ-ın hərbi bazalarından istifadəni qadağan edə biləcəklərini açıqlayıb. Pentaqon bundan nəticə çıxarmasa, Türkiyə istiqamətində mövqeyi xeyli zəifləyə bilər. ABŞ yeni dünya qaydası planlarında Türkiyəyə vəd etdiyi Yaxın Şərqə və Afrikanın şimalına doğru açılım strategiyasının həyata keçirilməsinə imkan vermədi, Ərdoğanın təkbaşına hakimiyyətini dəstəkləmədi və Gülənlə iqtidarı bölməsini istədi, onun sərhədlərində terror dövləti yaratmağa çalışdı, Yaxın Şərqdə artıq Türkiyəyə deyil, Səudiyyəni modernləşdirməklə onu əvəzləməyə çalışdı və s. Üstəlik, 15 iyul çevriliş cəhdi Ərdoğanın səbr kasasını daşırdı və proses geri dönməz bir halda inkişaf etdi. Türkiyə bu fonda Rusiya ilə ittifaqını davam etdirəcək və Orta Şərq layihəsinin həmsədr ölkəsi qismində ABŞ-ın yanında yer almaqdansa, Rusiyanın müttəfiqi kimi Böyük Avrasiya layihəsinin qurulmasında iştirak edəcək. Hər halda, Türkiyənin son illərdə həyata keçirdiyi siyasət buna xidmət edir.
Türkiyə 2023-cü ilə Cümhuriyyətin 100 illik yubileyinə bur sıra nəhəng layihələrlə gedir ki, burada da əsas müttəfiqi Rusiyadır. ABŞ isə Böyük Orta Şərq layihəsini irəli sürüb və burada Türkiyənin xeyrinə olmayan çoxlu sayda müanslar var. Odur ki, Türkiyə öz milli maraqlarından çıxış edərək, ABŞ, İsrail, NATO müttəqfiqliyindənsə, Rusiya ilə alyansı, Avrasiyaçılığı daha üstün tutur. Rusiya və Türkiyə ABŞ-ın hegemonluğuna çoxqütblü dünya planlarından çıxış edirlər. Bu ittifaqın daha da möhkəmlənməsi ehtimalı böyükdür. ABŞ isə Türkiyə ilə qarşılıqlı güzəştlərə gedib onu yenidən öz orbitinə daxil etməyə çalışmaqdansa, sanksiyalar tətbiqi və saxta soyqırımı iddialarını öz qanunvericilik orqanında tanımaqla Ankaranı nəyəsə məcbur etməyə çalışır. Hər halda, Türkiyə bir kontinent dövlətidir, tarixi keçmişi Avrasiyaya bağlı olub və digər Avrasiya nəhəngi Rusiya ilə ittifaq onun dövlətçilik təbiətinə daha çox uyğundur, nəinki Atlantizmə meyl etmək. Türkiyənin yaxın illərdə bu siyasətdən imtina etməsi inandırıcı görünmür”.
B.Cahandarov