Elçin Mirzəbəyli: “Prezident İlham Əliyevin MDB dövlət başçılarının iclasındakı çıxışı bəzi ölkələrə açıq mesaj idi”
“MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası daha öncəki toplantılarından video formatda keçirilməsi ilə fərqlənmirdi. Bu toplantını fərqləndirən əsas amil MDB-nin mövcud olduğu 29 il ərzində birlik məkanında, SSRİ-nin süqutu prosesində yaranmış münaqişələrdən birinin və ən qanlısının öz həllini tapması və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması ilə bağlı idi”.
1news.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasına münasibət bildirərkən deyib.
E.Mirzəbəyli bildirib ki, beləliklə, MDB dövlət başçılarının iclası Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin təkcə Cənubi Qafqazda deyil, daha geniş bir ərazidə və bəlkə də bütün Avrasiya məkanında yaratdığı yeni reallıqlar müstəvisində baş tuturdu:
“Xatırladım ki, Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə, dekabrın 8-də yaradılıb. Birbaşa və ya dolayısıyla əlaqəsi olmasa da Azərbaycanda dekabrın 8-də Zəfər paradının keçirilməsi, rəmzi də olsa böyük məna daşıyır, MDB məkanında tamamilə yeni və qarşılıqlı faydalılıq prinsipinə söykənən münasibətlər sisteminin formalaşacağına ümid yaradır.
Azərbaycan Prezidentinin iclasdakı nitqini isə arqumentləşdirilmiş informasiya yükü kifayət qədər zəngin olan və həmçinin birabaşa, açıq mesajlarla müşayiət edilən proqram xarakterli bir çıxış kimi hələ uzun illər boyu xatırlanacağını, istinad mənbəyinə çevriləcəyini düşünürəm. Bu bağlamda, öncə Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlamış müharibənin bir çox hallarda xarici media tərəfindən qeyri-obyektiv işıqlandırıldığını bildirməsinə diqqət çəkmək istəyirəm.
Qeyd edim ki, müharibə dövründə bəzən uzaq xaric dediyimiz ölkələrlə yanaşı, bir sıra MDB ölkələrinin kütləvi informasiya vasitələri də Azərbaycan ərazilərinin işğldan azad edilməsi üçün başladılan sülhə məcburetmə əməliyyatlarına birtətəfli qaydada yanaşır, işğalçı mövqelərini müdafiə etməyə, münaqişə haqqında təhrif edilmiş məlumatlar yaymaqla təxribat törətməyə çalışırdılar. Bu isə nə MDB daxilində elan olunan əməkdaşlıq prinsiplərinə, nə də Azərbaycanla digər MDB ölkələri ilə olan münasibətlərin səviyyəsinə qətiyyən uyğun gəlmir, bəzən isə Azərbaycan xalqında ikrah hissi doğrurdu.
Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanın səyləri, həmçinin informasiya təminatı ilə bağlı həyata keçirilən çoxsaylı tədbirlər nəticəsində Azərbaycana münasibədə illərlə formalaşmış neqativ fonu dəyişmək və dünya birliyinə həqiqəti çatdırma mümkün oldu. Təbii ki, MDB məkanındakı bəzi ölkələrin kütləvi informasiya vasitələri də Azərbaycan Ordusunun 44 günlük Vətən savaşı zamanı və daha sonra təhrif edilmiş məlumatlar yaymaqdan, təxribat xarakterli reportajlar hazırlamaqdan, birtərəfli qaydada müzakirələr təşkil etməkdən çəkinmədilər. Bu baxımdan, Prezident İlham Əliyevin faktlara söykənən, ardıcıl və tutarlı arqumentlərlə zəngin nitqini dinləmək, qənaətimə görə bəzi MDB ölkələrinin başçıları üçün faydalı oldu”.
E.Mirzəbəyli bildirib ki, iclasa sədrlik edən Özbəkistan prezidentinin Azərbaycan dövlətinin başçısına bununla bağlı təşəkkür etməsi də, bu qənaətimi təsdiqləyən məqam kimi qəbul edilə bilər:
“Prezident İlham Əliyev Ermənistanın təhrikçi hərəkətlərini ardıcıl şəkildə sadalamaqla, həm də bu illər ərzində göz önündə olan həqiqətlər görmək istəməyən, Azərbaycanın ərazi bütövlüyünə, Ermənistanın işğalçılıq siyasətinə münasibətdə prinsipial mövqeyi olmayan ölkələrə də öz açıq mesajlarını çatdırdı.
Daha öncə qeyd etdiyim kimi, Azərbaycanın işğala son qoymaqla öz əraziləri üzərində suveren hüquqlarını bərpa etməsi, MDB məkanında yeni və əvvəlkindən daha faydalı və daha açıq münasibətlər sisteminin formalaşmasına ciddi təkan verə bilər. Təbii ki, MDB məkanında və dünyada baş verən hadisələrə müşahidəçi kimi qalmağa üstünlük verən bəzi dövlətlərin başçıları mövcud reallıqlardan istifadə etmək qərarına gələrlərsə, bu, Avrasiya məkanında davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına zəmin yarada, sürətli inkişafa, çoxşahəli əməkdaşlığa töhfə verə bilər. Bu reallıqları isə Azərbaycan yaradıb”.
1news.az